• cümə axşamı, 28 mart, 13:41
  • Baku Bakı 16°C

Ermənistanın Türkiyəyə daha çox ehtiyacı var

16.12.17 13:30 2813
Ermənistanın Türkiyəyə daha çox ehtiyacı var
"Sürix protokolu” 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Fransa, ABŞ, Rusiya, Ermənistan, Türkiyə və İsveçrənin xarici işlər nazirləri tərəfindən imzalanan sənəddir. Həmin sənəd Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını özündə təsbit edirdi. Bu protokolun imzalanması üçün danışıqlar təxminən iki il ərzində İsveçrənin vasitəçiliyi ilə gizli aparılmışdı. Lakin sonradan bu protokollar heç bir hüquqi əhəmiyyət kəsb etməyən kağız yığınına çevrildi. Təbii ki, bu, Ermənistan üçün növbəti zərbə, diplomatik məğlubiyyət sayılmalıdır. Lakin rəsmi İrəvan adəti üzrə bununla bağlı ictimai rəyi çaşdırmağa yönəlik bəyanatlar verir, protokolların qüvvədən düşməsində Türkiyəni ittiham edir. Ermənistan elə bir görüntü yaratmağa cəhd edir ki, guya sərhədlərin açılmasında Türkiyə tərəfi maraqlı olub, bunun üçün öhdəliklər götürüb, sonradan verdiyi sözü yerinə yetirmədiyi üçün proses baş tutmayıb.

Misal üçün, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yunanıstana səfəri zamanı bu ölkə Xarici İşlər Nazirliyində çıxışında Türkiyə ilə imzalanmış protokolların həyata keçməməsində Ankaranı ittiham edib. O bildirib ki, Ermənistan 2018-ci ilin yazına qədər bu protokolları ləğv edəcək. Erməni diplomat bir qədər də irəli gedərək, uydurma "erməni soyqırımı” barədə fikirlər səsləndirib, sərsəm iddialar ortaya qoyub. Onun bu sayıqlamalarına Türkiyə Xarici İşlər Nazirliyi dərhal cavab verib. Nazirlik bəyanat yayaraq bildirib ki, E.Nalbandyanın açıqlamaları əsassızdır və beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlib. Türkiyə XİN xüsusilə vurğulayıb ki, rəsmi Ankaranın protokol prosesində əsas məqsədi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin Cənubi Qafqazda əhatəli sülh və sabitliyi təmin edəcək şəkildə həyata keçirilməsi, bu çərçivədə Dağlıq Qarabağ probleminin həlli prosesində BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü təməlində irəliləyiş əldə olunması idi. Bəyanatda qeyd olunub ki, istənilən halda, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır. Türkiyə XİN E.Nalbandyanın uydurma "erməni soyqırımı” barədə iddialarının da həqiqətdən uzaq olduğu qeyd edərək diqqətə çatdırıb ki, Ermənistandan gözləntimiz mübahisəli tarixi mövzuları kənara qoyub, yaxın tarixin ən önəmli insanlıq cinayətlərindən biri olan Xocalı qətliamının hesabını verməlidir.

Göründüyü kimi, diplomatik uğursuzluğa düçar olan Ermənistan E.Nalbəndyan səviyyəsində yalan bəyanatlar səsləndirməklə, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, bəlkə də bu hərəkətlərlə yeni təxribatlar törətməyə cəhd edir. Bununla bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, rəsmi İrəvanın "Sürix protokolu”ndan imtina etmək barədə mövqeyi təzyiq elementlərini özündə ehtiva edir. Deputatın fikrincə, E.Nalbəndyanın açıqlaması beynəlxalq ictimai rəyi çaşdırmağa da hesablanıb: "Ermənistan belə bir fon yaratmaq istəyir ki, guya rəsmi İrəvan Türkiyə ilə münasibətlərin hər bir səviyyədə bərpasında maraqlıdır, lakin qarşı tərəf bunun üçün heç bir addım atmır. Üstəlik, Nalbəndyan "yaz aylarına qədər” ifadəsini işlətməklə, sanki Türkiyəyə düşünmək üçün vaxt verir. Əslində isə Nalbəndyan bu açıqlama ilə bir sıra reallıqları gizlətməyə çalışır. Hansı ki, "Sürix protokolu” ilə bağlı rəsmi Ankaranın qəti mövqeyi var. Ankaranın dəyişməz mövqeyi bundan ibarətdir ki, münasibətlərin normallaşması, sərhədlərin açılması üçün Ermənistan ilk növbədə Türkiyəyə qarşı əsassız ərazi iddialarından geri çəkilməli, qondarma "erməni soyqırımı” məsələsini bir kənara qoymalı, ən nəhayət, işğal altında saxladığı Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir. Ən mühüm şərt, xüsusilə sonuncu şərt idi ki, Ermənistan işğala son qoysun. Yalnız bundan sonra əlaqələrin bərpasından söhbət gedə bilərdi. Ancaq Ermənistan tərəfi bütün bunları bir kənara qoyur, İrəvan rəsmiləri bu şərtləri dilinə gətirməkdən çəkinirlər. Çünki, belə olacağı təqdirdə "Sürix protokolu”na riayət etməyən, onun reallaşmasını istəməyən tərəfin Ermənistan olduğunu hər kəs anlayacaq. Ermənistan de-fakto "Sürix protokolu”ndan imtina edib və bu sənədlər mövcud deyil. Ona görə ki, Ermənistan işğala son qoymayıb, üzərinə götürdüyü öhdəlikləri, irəli sürülən şərtləri yerinə yetirməyib. Belə olan halda sərhədlərin açılması, əlaqələrin bərpası absurddur. Məhz bu səbəblərdən, "Sürix protokolu”nun indiki situasiya ilə əlaqədar bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Rəsmi İrəvan bir reallığı dərk etməlidir ki, Ermənistan işğalçılıq siyasətinə son qoymayınca, Türkiyə ilə sərhədlər açılmayacaq, əlaqələr bərpa olunmayacaq”.
Politoloq Elxan Şahinoğlu da hesab edir ki, "Sürix protokolu” imzalanandan indiyə qədər ötən vaxt ərzində Ermənistan bir daha reallıqlarla üzləşməli olub. Onun fikrincə, rəsmi İrəvan anlayıb ki, Dağlıq Qarabağ məsələsi həllini tapmayınca, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca, Türkiyə ilə sərhədlər açılmayacaq, diplomatik əlaqələr qurulmayacaq: "Ermənistan son vaxtlara qədər xəyal edirdi ki, gələcəkdə bəlkə də Türkiyənin mövqeyi dəyişəcək. Lakin 2009-cu ildən indiyə qədər Türkiyənin, bu ölkənin prezidentinin mövqeyi dəyişməz olaraq qaldı. Rəcəb Tayyib Ərdoğan Bakıda olarkən bəyan etdi ki, işğal faktına son qoyulmadan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Türkiyənin Ermənistanla sərhədləri açılmayacaq, diplomatik əlaqələr qurulmayacaq. Hər dəfə Ermənistan təzyiq və təhdid məqsədilə bəyanatlar verirdi ki, belə getsə "Sürix protokolu” ratifikasiya edilməyəcək, sənəd qüvvədən düşəcək və sair. Bu bəyanatları təkrarlaya-təkrarlaya ili-ilə satıblar. İndi də deyirlər ki, gələn il protokolları ləğv edəcəklər. Əslində, bu da ehtimaldır. Ola bilsin ki, rəsmi İrəvan gələn il də bu protokolu qüvvədən salmasın. Ermənistan bu məsələdə Qərbdən ehtiyat edir. Unutmaq olmaz ki, həmin sənəd məhz Qərbin vasitəçiliyi ilə imzalanıb. İrəvan rəsmiləri qeyri-obyektiv bəyanatlarla guya Türkiyəyə "xox” gəlirlər. Digər tərəfdən, gələn il Ermənistanda parlament seçkiləridir. Konstitusiyaya edilən dəyişikliklərdən sonra bu ölkədə parlamentin səlahiyyətləri artırılıb. Parlamentdə hansı partiya çox səs toplasa, kim baş nazir olsa, onun səlahiyyətləri prezidentin səlahiyyətlərindən yüksək olacaq. Bu baxımdan, həm Serj Sarkisyanın, həm də Edvard Nalbəndyanın bəyanatları daxili auditoriya üçün də nəzərdə tutula bilər. Seçkiöncəsi seçicilərə oynayır, özlərini Türkiyədən qorxmayan, ona meydan oxuyan, vətənpərvər kimi nümayiş etdirmək istəyirlər. Gerçəklikdə hamı bilir ki, sərhədlərin açılmasında, əlaqələrin bərpasında Ermənistan daha çox maraqlı və həvəslidir. Çünki Türkiyənin Ermənistana deyil, Ermənistanın Türkiyəyə ehtiyacı var”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər