• cümə, 19 Aprel, 08:51
  • Baku Bakı 13°C

Ermənistanın təxribatları nəyə xidmət edir?

28.07.17 09:00 1208
Ermənistanın təxribatları nəyə xidmət edir?
Son aylar təmas xəttində Azərbaycan ordusunun və mülki əhalinin yerləşdiyi ərazilər mütəmadi olaraq ermənilərdən tərəfindən iriçaplı silahlardan atəşə tutulur. Eyni zamanda ermənilər Azərbaycan-Ermənistan sərhədində də təxribat əməlləri törətməyə başlayıb. Mütəmadi olaraq düşmən tərəfinin törətdiyi hadisələr zamanı Azərbaycanın mülki şəxsləri həlak olur və yaralanır. Ermənistanın bu qəddar əməllərinin nəticəsində 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kəndində 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi bütün beynəlxalq ictimaiyyətə bəllidir.

İyulun 25-də isə Ermənistan silahlı qüvvələri tərəfindən döyüş təyinatlı pilotsuz uçuş aparatından istifadə edilib və əldə hazırlanmış yandırıcı-partlayıcı və metal elementlərlə doldurulmuş mərmilər Azərbaycan ordusunun mövqelərinə atılıb. Bu hadisə nəticəsində isə Silahlı Qüvvələrin hərbçisi yaralanıb. Sadalanan faktlardan göründüyü kimi, Ermənistan Azərbaycana qarşı təxribatları davam etdirir. Qeyd edək ki, ötən gün məsələ ilə bağlı xarici işlər və müdafiə nazirlikləri birgə bəyanatla çıxış edərək, təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində törədilən təxribatların məsuliyyətinin rəsmi İrəvanın üzərinə düşdüyünü vurğulayıblar. Ermənilərin bu cür addımlarla nəyə nail olmaq istədikləri maraqlıdır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasındapolitoloq Fikrət Sadıxov bildirdi ki, Ermənistan uzun illərdir mütəmadi şəkildə təmas xəttində Azərbaycana qarşı təxribatlar törədir: "Onlar bunu müəyyən tədbirlər, görüşlər ərəfəsində və yaxud ondan dərhal sonra edirlər. Biz bilirik ki, Azərbaycan prezidenti və rusiyalı həmkarının Soçidəki görüşü çox uğurlu oldu. Eləcə də müəyyən razılıqlar əldə edildi, ikitərəfli münasibətlərin inkişafı bundan sonra daha da irəliləyəcək. Bu da təbii ki, Ermənistanı qıcıqlandırır. Ermənilərin məqsədi azərbaycanlıları təxribatçı kimi qələmə verməkdir. Guya Azərbaycan tərəfi sülh istəmir, erməni qoşunlarına zərbələr endirir. Bununla da Rusiyaya mesaj vermək istəyirlər ki, sizin strateji tərəfdaşınız budur və erməniləri narahat edir. Ermənilər 3-cü tərəfi, konkret olaraq Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyirlər. Onlar çox istəyərdi ki, Rusiya bu münaqişəyə qoşulsun, Azərbaycana qarşı hansısa bir addımlar atsın, Ermənistana hərbi-texniki yardımı çoxaltsın və sair. Hesab edirəm ki, Ermənistanın əsas məqsədi budur və bunu həyata keçirmək üçün istənilən təxribatlara əl atır”.

F.Sadıxov əlavə etdi ki, dünya birliyinin bütövlüklə Ermənistanın tərəfində olduğunu demək olmaz: "Çünki son zamanlarda biz bunu görmürük. Azərbaycanın tərəfdarlarının siyahısı getdikcə genişlənir. Amma aparıcı dövlətlərin seyrçi mövqeyi bizi narahat edir. Bunun nəticəsidir ki, Ermənistan 25 ildir Azərbaycan torpaqlarını işğalda saxlayır və bu siyasətindən əl çəkmək istəmir. Onların əsas məqsədi işğal olunmuş torpaqlarda qalmaq və təxribatlar törətməkdən ibarətdir. Ermənistan bu addımları ilə gözlədiyi nəticəni əldə edə bilməyəcək. Azərbaycan simmetrik, adekvat addımlar atır və düşünmürəm ki, bu Ermənistanı sevindirsin”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistan təxribatları ilə böyük dövlətlərin nəbzini yoxlamaq istəyir: "Çünki Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşdülər. Rusiyanın gələcək mövqeyi ilə bağlı Ermənistanda böyük narahatçılıq var idi. Düşünə bilərdilər ki, bəlkə də Rusiya Ermənistan hakimiyyətinə təzyiq edib, Qarabağ ətrafındakı rayonların boşaldılmasını istəyəcək. Çox təəssüf ki, bu, baş vermədi, Rusiyanın siyasətində heç bir irəliləyiş yoxdur. Tam əksinə, prezidentlərin görüşündən sonra ermənilər daha tez-tez təxribatlar həyata keçirirlər. Təmas xəttində atəşkəs pozulur, Azərbaycan-Ermənistan sərhədində lokal toqquşmalar var. Məhz Soçi görüşündən sonra Ermənistanın xarici işlər naziri Nalbandyan təxribata əl ataraq Qarabağa gəldi, Kəlbəcərdə oldu. Rusiya prezidenti Putin də Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sənədi ratifikasiya etdi. Ermənistan Rusiyanın bu kimi dəstəyinə inanaraq təxribatlara əl atır. Çünki Azərbaycanın müdafiə naziri son müsahibəsində açıq şəkildə qeyd etdi ki, biz üz-üzə qalsaq, məsələni çoxdan həll etmişdik. Bu, əslində o deməkdir ki, Ermənistanın arxasında böyük güclər olmasa, Azərbaycan işğala son qoymağa hazırdır. Ermənilər bilirlər ki, Azərbaycanın hərbi potensialı artıb. Bu qədər texnikanı istifadə etmək məqsədilə alırıq ki, işğalçıya təzyiq edək”.

E.Şahinoğlunun sözlərinə görə, ermənilər göstərmək istəyirlər ki, Azərbaycan Qarabağ istiqamətində hücuma keçsə, guya onlar da bizə böyük zərər vura bilərlər: "Amma əslində ermənilər bu cür siyasətləri ilə müharibə gününü daha çox yaxınlaşdırırlar. Keçən ilin aprel ayında da məhz bu cür şəraitdə 4 günlük müharibə baş verdi. Nəticədə işğal altında olan ərazilərimizin müəyyən hissəsini azad etdik. Ona görə də ermənilərin bu siyasəti həm qıcıqlandırıcı mahiyyət daşıyır, həm də böyük dövlətlərin nəbzini yoxlayırlar. Çox təəssüf ki, nə Rusiya, nə Amerika, nə də Fransa Ermənistanın bu təxribatlarına ciddi bir reaksiya verir. Lakin sabah müharibə başlasa, gəlib başımızın üstünü kəsdirəcəklər ki, hücuma keçməyin, atəşi dayandırın. Necə ki, aprel döyüşlərində Rusiya müdafiə naziri zəng edib atəşi dayandırmağı xahiş etdi. Hər dəfə belə xahişlərlə müraciət edirlər, amma Ermənistanın təxribatlarına gələndə susurlar. Hətta Nalbandyanın Kəlbəcərə səfərinin özü belə böyük təxribatıdır. Minsk qrupu həmsədrlərinin Ermənistanın bu təxribatının qarşısının alınması istiqamətində addımlarını görmürük. Atəşkəsi dayandırmaq istəmirlər, münaqişənin həllini sürətləndirmirlər, amma heç olmasa erməniləri bu təxribatlarından çəkindirə bilərlər”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər