• cümə axşamı, 25 aprel, 14:58
  • Baku Bakı 23°C

Ermənistanın suverenliyinə növbəti dəfə etinasız münasibət

05.02.20 17:51 2996
Ermənistanın suverenliyinə növbəti dəfə etinasız münasibət
Rusiya bazasının əsgərini məhkəməyə gətirmədilər

Ermənistanın Gümrü şəhər sakini, 57 yaşlıCülyetta Qukasyanın ölümündən bir ildən də çox vaxt keçəndən sonra, nəhayət qətldə ittiham edilən Rusiya hərbçisinin məhkəməsi başlayıb. Məhkəmənin ilk iclası Rusiyanın Gümrüdəki hərbi bazasının əsgəri Andrey Razqildyayevin iştirakı olmadan açılıb. Lakin az sonra artıq beşinci dəfədir ki, təxirə salınıb. Rusiya tərəfi Razqildyayevin baza ərazisindən çıxarılmasına icazə vermir. Rusiyalı əsgərin nümayəndəsiAleksandr Qladışevməhkəməyə baza komandanıMartınyukun məktubunu təqdim edib. Bu məktubda məhkəmənin təxirə salınması və Ermənistan hökumətinin Razqildyayevin təhlükəsizliyi üçün rəsmi təminat verməsi tələb olunur: "Rusiya Federasiyasının Müdafiə Nazirliyi tələb olunan yazılı qarantiyanı ala bilməyib. Bu qarantiyalar alındıqdan sonra məhkəməyə müəyyən edilmiş qaydada məlumat veriləcək”. HakimAdrine QukasyanQladışevdən Razqildyayev üçün hansı təhlükəsizlik qarantiyalarından söhbət getdiyini soruşub. Qladışev deyib ki, bu, böyük hay-küyə səbəb olmuş hadisədir və bizim hərbi qulluqçumuzun Ermənistan ərazisinə gətirilməsi narahatlıq yaradır. Qladışev bildirib ki, məsələni Rusiya Müdafiə Nazirliyi qaldırıb və baza hazırda nazirliyin son qərarını gözləyir. O deyib ki, Razqildyayev artıq 14 aydır ki, Gümrüdəki Rusiya hərbi bazasının həbsxanasında saxlanır. 57 yaşlı süpürgəçi Cülyetta Qukasyan 2018-ci il dekabrın 2-də işə gedərkən səhər saatlarında qəddarlıqla döyülmüş və aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat etmişdi. Mərhumun qızıAnait Qukasyanmüttəhimin məhkəməyə gətirilməsini tələb edib. O deyib ki, heç olmasa anasının qətlində ittiham olunanın üzünü görmək istəyir. Anait Qukasyanın nümayəndəsi, insan haqları müdafiəçisiArtur SakuntsRusiya tərəfinin təhlükəsizlik qarantiyası tələb etməsi barədə deyib: "Rusiya hərbi bazası komandanının məktubu müstəsna olaraq Ermənistan Respublikasının suverenliyinə etinasız münasibəti nümayiş etdirir”. Maraqlıdır ki, Razqildeyevin vəkiliNarine RistuniRusiya tərəfinin məktubu barədə ilk dəfə elə məhkəmə iclasında eşidib. Vəkil deyib ki, onun müdafiə etdiyi şəxs özünü təqsirli bilmir. Bir məsələni də vurğulamaq gərəkdir ki, Rusiya birinci dəfə deyil ki, Ermənistanın müstəqilliyinə, suverenliyinə hörmət nümayiş etdirmir. Konkret olaraq Permyakov məsələsini yada salaq. Rusiya bu əsgərini Ermənistana nəinki təhvil verdi, əksinə, onu öz ölkəsinə apardı. Bütün bunlar da Ermənistana Rusiyanın münasibətinin göstəricisidir.
Bir faktı qeyd etmək yerinə düşər ki, Nikol Paşinyan müxalifətdə olarkən dəfələrlə anti-Rusiya bəyanatları ilə yadda qalıb. Məsələn, Paşinyan 2016-cı ilin aprel müharibəsindən sonra bildirmişdi ki, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinin günahkarı Rusiyadır. "Məhz onun razılığı və icazəsindən sonra hərbi əməliyyatlar start götürmüşdü. Bununla da məqsəd Yerevanı rəsmi Bakıya ərazi güzəştlərinə getməyə məcbur etmək idi”, - deyə o zaman müxalifətçi deputat bildirmişdi. Nikol Paşinyan, ola bilsin, bu sözləri indi xatırlamır. Lakin bu günlərdə Qafanda keçirdiyi mətbuat konfransı zamanı bunu ona xatırladıblar. Erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, jurnalistlərin israrlı sualları qarşısında, o zaman belə bir sübutunun olub-olmamasına Nikol Paşinyan qəribə cavab verib. "Mən o zaman nə fikirləşdiyimi sosial şəbəkədə yazmışdım. Mən rusiyalı tərəfdaşlarımızla, eləcə də, digərləri ilə maksimal, təmiz tərəfdaşlıq münasibətləri saxlayıram”, - deyə baş nazir bildirib. "Baş nazirin bu cavabı qəribəlikdən çox, mənasız təsir bağışlayır. Dörd il bundan əvvəl kimsə ağzına gələni danışıb. O zaman müxalifətçi idi və çörəyini belə açıqlamalarla çıxarmalı idi. Rusiyalı tərəfdaşlarla hansı məsələləri müzakirə etdiyini Nikol açıqlaya bilmir. Çünki bu dialoqda bərabərhüquqlu tərəf deyildi. Forposta öz yerini göstərmək idi”, - deyə erməni nəşrlərindən biri yazır. "Trampın "Tvitter”i, Paşinyanın "facebook”u var. Bununla da hər şeyə nöqtə qoyulur. Sosial şəbəkələrdə belə açıqlamalar vermək siyasətçilər üçün brendə çevrilib və bu da tək ermənilər üçün xarakterik deyil. Məhz onlar Rusiyanın əleyhinə neqativ fikirlər səsləndirməklə ABŞ-a xoş gəlməyə çalışırlar”, - deyə "Qolos Armenii” qəzeti yazır. O da qeyd edilir ki, Paşinyan vaxtilə anti-Rusiya layihələrinin müəllifi də olub. Məsələn, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması barədə qanun layihəsinin müəllifi məhz o olub. İndi isə Ermənistanın hər vəchlə bu qurumda qalmasına çalışır. Özü də Paşinyan tək Avrasiya İqtisadi İttifaqını deyil, Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının da Ermənistan üçün məqbul olmadığını bəyan edib. İndi isə fikrini tamamilə dəyişib. Hər iki təşkilatın sammitlərində aktiv şəkildə iştirak edir. Hətta Ermənistan bu qurumların sammitlərinin keçirilməsinə ev sahibliyi edir. Sözsüz ki, bütün bunlar da Qərbdə diqqətlə izlənilir və cavabsız qalmayacaq. Axı vaxtilə məhz həmin qüvvələr Paşinyanın hakimiyyətə gəlməsinə vasitəçi olublar.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər