• çərşənbə, 17 Aprel, 00:06
  • Baku Bakı 14°C

Ermənistanın strateji “Nairit” zavodu müflis elan edilib

14.12.16 12:39 1841
Ermənistanın strateji “Nairit” zavodu müflis elan edilib
"Nairit”, "İş”, "İşsizliyə son” şüarları ilə Ermənistan parlamentinin qarşısına toplaşan yüzlərlə insan "Nairit” kimya kombinatının bağlanmasına etiraz ediblər. Bir həftə bundan əvvəl Yerevanın Şenqavit inzibati rayon məhkəməsi müəssisənin müflis olduğu barədə qərar çıxarmaqla yüzlərlə insanı işsiz qoyub. Məhkəmə Ermənistan Elektrik Şəbəkəsinin müəssisəyə qarşı qaldırdığı iddianı qəbul edərək belə bir qərardad çıxarıb. Müflis elan edilən müəssisənin Ermənistan Elektrik Şəbəkəsinə yığılıb qalan borcu 1 mlrd. 235 mln. dram təşkil edib. Şəbəkə müəssisənin iflas olunması barədə qərarın çıxarılmasına nail olmaqla borclarını ödətdirmək istəyir. Məhkəmə qərarında o da qeyd edilir ki, "Nairit”i yenidən işə salmaq istəyənlər olsa, onlara bu imkan yaradılacaq. Bunun üçün yanvarın 20-nə kimi vaxt verilib. Müəssisənin keçmiş işçiləri Ermənistan Elektrik Şəbəkəsinə etdikləri müraciətdə müflis olma barədə qərarın icrasını dayandırmağı xahiş etsələr də, onların müraciətinə məhəl qoymayıblar.
Müraciətdə potensial investor ortaya çıxan müddətə kimi gözləməyi istəsələr də, çətin ki, müəssisəyə sahib çıxılsın. Neçə günlük aksiyadan sonra etirazçıların qarşısına "Orinats Yerkir” fraksiyasından olan deputat İşxan Xaçatyan yaxınlaşıb. O vəd edib ki, parlamentdə onların məsələsini qaldıracaq. Deputat bildirib ki, müəssisənin işçiləri gələn ilin aprel ayında keçiriləcək parlament seçkilərinə kimi gözləsələr, yaxşı olardı. Lakin aksiya iştirakçıları onun sözlərinə skeptik yanaşıblar və bildiriblər ki, parlament seçkilərinin nəticələrindən müsbət nəsə gözləmək niyyətində deyillər. Səbəb də odur ki, seçkilər saxtalaşdırılacaq. Onlar isə yenə də bağlı qapı arxasında qalacaqlar. Erməni deputat isə israrla onlara saxtalaşdırma faktlarının olmayacağını inandırmağa çalışıb. "Sizin səsləriniz yerinə çatacaq”, - deyən deputata şikayətçilər bildiriblər ki, dəfələrlə saxtakarlığın şahidi olublar. "Mən 25 ildir ki, ölkədə normal bir seçkinin keçirilməsinin şahidi olmamışam. Bax görərsiniz, yenə də hakim Respublikaçılar Partiyası seçkilərin qalibi olacaq” deyə aksiya iştirakçılardan biri bildirib. Sonra isə aksiya iştirakçılarından biri prezident iqamətgahına doğru irəliləyiblər və etirazlarını orada davam etdiriblər. Onu da qeyd edək ki, "Nairit”

ölkənin strateji müəssisələrindən sayılır. Məlumata görə, 2009-cu ilin mayında zavodun elektrik enerjisi ilə təchiz edilməsi haqda "Ermənistan Elektrik Şəbəkəsi” ilə müqavilə imzalanıb. Həmin tarixdən indiyədək zavodun şəbəkəyə 2,5 milyon dollara yaxın borcu var. Zavod ötən müddət ərzində bu borcu ödəyə bilməyib.

"Nairit” həm də öz işçilərinin də maaşlarını ödəyə bilmir. Zavodun işçilərə borcu 15 milyon dollardır. Fəhlələr dəfələrlə zavodun binası qarşısında ödənilməyən əməkhaqlarının verilməsi tələbi ilə etiraz aksiyası keçiriblər.

Xatırladaq ki, zavodun sahibi "Rhiniville Property Limited” şirkətidir. "Nairit” xloropren kauçuk istehsal edir. 2014-cü ilin əvvəlində Ermənistan hökuməti zavodu qoruyub saxlamaq üçün Rusiyanın "Rosneft” şirkəti ilə danışıqlar aparıldığını bəyan etmişdi. Ancaq bu təşəbbüs də hansısa nəticə verməyib. Zavodun istehsal etdiyi məhsula tələbat azaldığından 2008-ci ildən istehsalat dayandırılıb. Özü də problem tək "Nairit”lə bağlı ortaya çıxmayıb. Ermənistanın digər müəssisələri də eyni taleyi yaşaya bilər.

Bundan əlavə, ölkənin onsuz da az olan ixracı ilə bağlı vəziyyət pisləşir. İqtisadi rəqabətdə müdafiə üzrə dövlət komissiyası isə etiraf edir ki, Ermənistan malları Avrasiya iqtisadi məkanında sıxışdırılır. Ölkənin Avrasiya İqtisadi İttifaqınadaxil olmasından sonra yerli məhsul istehsalçılarının əsasən də Rusiya bazarında əngəllərlə üzləşməsi vəziyyəti daha da pisləşdirir.

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı Rusiyanın təşəbbüsü ilə 2014-cü il mayın 29-da yaradılıb. Sazişi Belarus, Qazaxıstan və Rusiya imzalayıblar. Ermənistan bu birliyə həmin ilin oktyabrında qoşulub. Sazişə görə, birliyə qoşulan ölkələr arasında gömrük tarifləri müəyyənləşdirilib. Elə o vaxtdan da deyilirdi ki,barəsində bəhs edilən təşkilat Ermənistana müsbət heç nə vəd etməyəcək, əksinə, onun iqtisadi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq. Artıq bütün bunlar öz təsdiqini tapır.
Azər

banner

Oxşar Xəbərlər