• cümə axşamı, 25 aprel, 16:59
  • Baku Bakı 23°C

“Ermənistanın sonu çatıb”

09.10.18 17:14 568
“Ermənistanın sonu çatıb”
Əleyhdarlarını şirnikləndirici vədlərlə öz tərəfinə çəkməyə müvəffəq olan baş nazir Nikol Paşinyan ilk olaraq "Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyanı birgə memorandum imzalamağa məcbur edib. Birgə memorandumda iki siyasətçi "erkən seçki keçirilməsi məsələsində müttəfiq olduqlarını” bildirirlər. Bu sənəddə "Çiçəklənən Ermənistan” vəd edir ki, Paşinyanın gözlənilən istefasından sonra baş nazir vəzifəsinə heç bir namizəd verməyək və ya heç bir namizədi dəstəkləməyəcək. Ermənistan Konstitusiyasına görə, ölkənin 105 yerlik parlamenti baş naziri seçə bilməyəndə buraxılmalıdır. "Çiçəklənən Ermənistan”la yanaşı, Daşnaksütyun Partiyasının rəhbərliyi də baş nazirin müavini Tiqran Avinyanla görüşüb. Bunu jurnalistlərə açıqlamasında Daşnaksütyunun rəsmi nümayəndəsi Arsen Ambartsumyan deyib. O, Avinyanla maraqlı və faydalı diskussiya apardığını bildirib. Ambartsumyan bu görüşün hazırkı situasiyada doğru yol tapmağa yardım edəcəyini bildirib. Ekspertlər hesab edir ki, "Qarabağ klanı” artıq həm hakimiyyətdən, həm də müxalifətdən sıxışdırılıb çıxarılır. Onların qənaətincə, Paşinyanın dediyi oldu və imzalanan memorandumdan sonra parlamentdə çoxluqda olan Respublika Partiyası müqavimət göstərə bilməyəcək.
Çarukyan bu dəfə Paşinyanla anlaşsa da, gələcəkdə ana müxalifət formalaşdırmağa çalışacaq. Bu, onun üçün böyük nəticə ola bilər. Elə Paşinyana da "Qarabağ klan”ındansa, Çarukyan kimi ana müxalifət lazımdır. Öz növbəsində "Çiçəklənən Ermənistan” Partiyası ilə Paşinyanın imzaladığı memorandumla bağlı "İravnuk” qəzeti maraqlı məqalə dərc edib. Qəzet yazır ki, "bizim mənbələrin yaydıqları məlumata görə, bu qərar "Çiçəklənən Ermənistan”ın ideoloji qanadına xoş gəlməyib. Baş verənlər xüsusən də partiyanın maraqlarını qoruyan və diqqət mərkəzinə düşən qanada xoş deyil. Yayılan söhbətlərə görə, "Çiçəklənən Ermənistan”ın başlıca fiqurları onun sıralarını tək edəcəklər”, - deyə nəşr yazır.
Yeri gəlmişkən, "Nyus.am”a müsahibəsində Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, onlar növbədənkənar seçkiyə qarşı deyillər. "Bizim problemimiz zaman yox, metoddur. Paşinyanın özü bir müddət əvvəl seçkinin gələn ilin may-iyun aylarında baş tutmasını istəyirdi. Əgər "Çiçəklənən Ermənistan” Partiyası ilə Paşinyan arasında imzalanan memorandumu nəzərə alsaq, Respublika Partiyasının artıq parlamentdə üstünlüyü yoxdur. Namizəd lazımi səs sayı olanda irəli sürülür. Bizdə bu səs sayı artıq 48-dir”, – deyə o bildirib. Onun sözlərinə görə, Paşinyan artıq çara çevrilir: "Sizə bəyəm aydın deyil? Hər şeyin sonu çatıb. Ermənistanda Konstitusiyanı və hakimiyyətin bölünməsi prinsipini zorlayıblar. Ermənistanda ilk dəfə olaraq icraedici hakimiyyət qanunverici hakimiyyətin ərazisinə soxulub. Bunu, istəyirsinizsə, "xalqın arzusu” adlandırın. Ürəyiniz istədiyiniz kimi adlandıra bilərsiniz. Eyni bu metodla zamanında Bonapart, Hitler, bolşeviklər davranaraq, xalqın arxasında gizləniblər. Artıq növbədənkənar seçkidə kimin nə qədər səs toplayacağı vacib deyil. Bu, sondur. Plüralizm Ermənistanda öldü. Sadəcə, bizim baş nazir yerinə çar, diktator və ya tiranımız olacaq. Bunu istəyirdiniz? İndi həzz ala bilərsiniz. Mən bunu deyirəm, amma anlayıram ki, Ermənistan əhalisinin əksəriyyəti mənim sözlərimə əks-reaksiya verəcək. Mən bunu özüm üçün deyirəm ki, vicdanım təmiz olsun. Belə çıxır ki, 100 min nəfər toplayan hər kəs istədiyi şeyi edə bilər? Siyasətdə hər zaman bumeranq effekti qalır. Mən bunu öz səhvlərimizi nəzərə alaraq deyirəm”. O bildirib ki, son beş ayda Paşinyan və onun tərəfdarları Ermənistanda plüralizmi öldürməyə çalışırlar. "Bəzi insanlar deyir ki, Paşinyan düzgün adamdır. İnsanları parlamentə aparmaq, həmkarlarını təhdid etmək, məhkəmə sistemini təzyiq altında saxlamaq düzgünlükdür? Əgər bütün bunlardan sonra onlar hələ də belə fikirləşirlərsə, mənim düzgünlük anlayışımla onlarınkı fərqlidir”, - o bildirib. Şarmazanov əlavə edib ki, Ermənistanda nə etməsindən asılı olmayaraq, hamının düzgün hesab etdiyi insan olmamalıdır: "Stalin də belə bir şəxsiyyət arzu edirdi. Biz hara gedirik?!”
Onu da qeyd edək ki, Çarukyanla Paşinyanın növbədənkənar parlament seçkisinin keçirilməsi barədə razılaşmasından sonra keçmiş iqtidar partiyasında canfəşanlıq yaşanmağa başlayıb. Razılaşmanın elanı və Daşnaksütyun Partiyasının Paşinyanla razılaşma üçün optimist bəyanatları keçmiş hakim partiyadakı bəzi deputatların mövqelərini dəyişməsinə səbəb olub. Belə ki, "inqilab”dan dərhal sonra Respublika Partiyasını tərk edən deputatlar Artur Gevorkyan və Arman Saakyan Paşinyanın mövqeyini dəstəkləyiblər və növbədənkənar seçkinin dekabrda keçirilməsi gərəkliyini bildiriblər. Serj Sarkisyanın partiyasına ən böyük zərbə hazırkı deputat Gevork Kostanyandan gəlib. Belə ki, keçmiş baş prokuror Kostanyan açıq şəkildə hakimiyyətin mövqeyini dəstəklədiyini bildirib. O, N.Paşinyana inandığını və hər zaman onun yanında dayanmağa hazır olduğunu deyib. Dünən deputat Alik Sarkisyan da Respublika Partiyasını tərk edib. O, buna səbəb kimi növbədənkənar seçki ilə bağlı partiyanın mövqeyini dəstəkləməməsini göstərib. Bununla da Respublika Partiyasını tərk edən deputatların sayı 9-a çatıb. Partiyadan qeyri-rəsmi olaraq uzaqlaşan deputatların sayı isə daha çoxdur. Belə ki, dünən həmçinin 14 deputat növbədənkənar seçkinin dekabrda keçirilməsi ilə bağlı çağırış edib.
Son məlumatlara görə, Paşinyan tərəfindən növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair təklifi 55 deputat dəstəkləyib. Bu nəticə Paşinyana parlamentdə çoxluq qazandırır və ona dekabrda növbədənkənar seçkilər keçirmək haqqı verir. Səsvermə keçirilməsi üçün parlamentin iki həftə ərzində yeni hökumət başçısı təyin etməyəcəyi şərti daxilində Paşinyan istefaya getməli olacaq.

Azər

banner

Oxşar Xəbərlər