• cümə, 26 Aprel, 01:20
  • Baku Bakı 16°C

Ermənistanın Qarabağ siyasəti dəyişəcəkmi?

10.12.18 18:48 700
Ermənistanın Qarabağ siyasəti dəyişəcəkmi?
Dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Ermənistan Mərkəzi Seçki Komissiyası baş tutan seçkilərin yekun nəticələrini açıqlayıb və erkən parlament seçkilərində 48,63 faiz ölkə vətəndaşının iştirak etdiyini qeyd edib. Nəticələrə əsasən, 70,43 faiz (884 min 456) səslə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın "Mənim addımım” bloku qələbə qazanıb. İkinci yeri 8,27 faizlə (103 min 824) "Çiçəklənən Ermənistan” partiyası tutub. "İşıqlı Ermənistan” partiyası 6,37 faizlə (80024) üçüncü olub. Qalan partiyalar isə parlamentin 7-ci çağırışı üçün lazım olan baryeri keçə bilməyib. Beləliklə, yeni parlamentdə beş il müddətində yalnız Nikol Paşinyanın silahdaşları və müttəfiqləri olacaq.
Belə bir siyasi kombinasiya Dağlıq Qarabağ danışıqlarında hansı rol oynaya bilər?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, Ermənistandakı seçkilərdən sonra formalaşacaq siyasi komandanın Qarabağ danışıqlarında müəyyən ciddi rol oynayacağına ümid etmək olar: "Məsələ ondadır ki, siyasi hakimiyyətdə komanda dəyişdi, amma hələ mahiyyət dəyişməyib. Yenə də Sarkisyan dövründə olduğu kimi, seçki saxtakarlığı oldu, onlar yenə də Azərbaycanın ərazi bütövlüyünü tanımırlar. Paşinyanın fəaliyyəti get-gedə Sarkisyanın fəaliyyətinə bənzəyir. Yəni, çox istərdik ki, təkcə komanda, simalar dəyişməyəydi. Eyni zamanda bunların yanaşmasında da dəyişikliklər olardı”.
A.Mirzəzadə vurğuladı ki, Sarkisyanın tarixin arxivinə getməsinin səbəbi qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti yürütmək istəməməsindən irəli gəlirdi: "Azərbaycan ərazisinin bir hissəsinin işğal edilməsində Sarkisyan birbaşa iştirak etdi, beynəlxalq hüquq normalarını pozdu. Əgər Paşinyan xələfinin siyasətini davam etdirəcəksə, onda nə zamansa onun özü üçün də yeni Paşinyan tapılacaq. Bununla belə haradasa fikirləşmək olar ki, Ermənistanda hakimiyyətə gələn komanda küçədən gəlib, xalqın sosial etirazı nəticəsində iqtidara sahiblənib və yenilər Sarkisyandan narazı olan dalğanın içərisindən çıxıb. Bu baxımdan Dağlıq Qarabağ məsələsinə yeni bir yanaşma tamamilə gözləniləndir. Hər halda bunun belə olub-olmayacağı yaxın bir ayda məlum olacaq”.

Politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistanın ən böyük dərdi hər zaman daxildə siyasi kombinasiyaların bir-birini əvəzləməsidir: "Həmin o hakim dairələrin də heç bir gücü yoxdur ki, Ermənistanın əsas problemlərini, o cümlədən Qarabağ məsələsini cilovlaya bilsin. Çünki bu ölkənin düşdüyü bəlalı vəziyyətin də elə əsas səbəbi Qarabağ problemidir, onun məngənəsindən çıxa bilməməsidir. Ona görə də siyasi elitaların ilk növbədə ən böyük vəzifəsi, borcu ondan ibarətdir ki, idarəçiliyə gəlirlərsə, ölkənin vəziyyətini tarazlasınlar. Bu baxımdan hesab edirəm ki, böyük vədlərlə, ruh yüksəkliyi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyan nəhayət ki, müvəqqəti icraçıdan daimi vəzifəyə keçmək üzrədir. Çünki əldə etdiyi qələbə ona yeni parlamentə hakim olmağa imkan verir. Ancaq qələbəni əldə etmək asan məsələdir, digər tərəfdən isə bu qələbəni əldə saxlayıb, onun üzərində yeni bir sistem yaratmaq, işlək mexanizmlər qurmaq da vacibdir. Elə başa düşürəm ki, Paşinyanın komandasının, onunla bu qələbəyə doğru addım atmış müttəfiq güclərin bir o qədər siyasi təcrübəsi, səriştəsi yoxdur. Yəni, onlar son bir neçə ay ərzində formalaşıblar. Bunlar Paşinyanın ətrafında toplanmaqla tələsik və hərəkət əsnasında bütün prosesləri idarə edirlər, bilmədiklərini öyrənməyə çalışırlar və bacarmadıqları məsələləri eksperimentlər şəklində həyata keçirməyə cəhd göstərirlər. Yəni, bunlar nə dərəcədə dövlət idarəçiliyində Paşinyana yardımçı ola bilər? Bu vəziyyət nə dərəcədə qənaətbəxş hesab oluna bilər ki, Paşinyan həqiqətən də əldə etdiyi qələbəni həm bərqərar etsin, həm ona qovuşsun və həm də öz siyasi dividentlərini artırsın? Çünki ölkənin vəziyyəti ağırdır, problemlər çoxdur və bu problemlər demək olar ki, bütün sahələri əhatə edir. Amma ən başlıca problem Qarabağ məsələsidir. Bu məsələ artıq Ermənistanda o dərəcədə rol oynayır ki, istənilən siyasi qüvvəni girov saxlayıb, onu hətta qurbana çevirməyə qadirdir. Ermənistanın çıxış yolu Azərbaycanın torpaqlarından öz işğalçı qoşununu çıxarmaqdan ibarətdir. Əgər bunu edə bilməyəcəksə, köhnə vəziyyət yenə də davam edəcək və siyasi-hərbi sahədə vəziyyət gərginləşəcək, yeni müharibə şəraiti yaranacaq”.
T.Abbasov vurğuladı ki, Paşinyan parlament üzərində rəhbərlik edəcəksə, təmiz qələbə ilə hakimiyyətə gəlirlərsə, saxtakarlığın rolu keçmiş kampaniyalar qədər deyilsə, deməli xalq bu adama inanır və hakimiyyəti ona həvalə edir: "Bu baxımdan Paşinyan xalqın qarşısına çıxıb, açıq şəkildə bildirməlidir ki, Qarabağ məsələsinin həllində kompromislərdən başqa çıxış yolu yoxdur. Yəni, Ermənistan gərək Azərbaycanla danışıqlar vasitəsilə vəziyyəti tarazlasın. Çünki bu, baş verməsə, təbii ki, vəziyyət pisdən daha çox pisə meyllənəcək. Bu da Ermənistanın xeyrinə olmayacaq. Bir sözlə, siyasi lider özündə qüvvə, əminlik, qətiyyət hiss edirsə, gərək xalqa sözün düzünü desin. Ona görə ki, Qarabağın yükünü artıq Ermənistan Respublikası çəkə bilmir və bu problemin ağırlığı altında bükülüb əzilir. Hesab edirəm ki, Paşinyan müvəqqəti statusdan xilas olub daimi baş nazir olacaqsa, gərək özünə bir çarə qılsın”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər