• cümə, 29 Mart, 09:12
  • Baku Bakı 5°C

Ermənistanın Qarabağ münaqişəsinə yanaşması dəyişməlidir

19.12.18 17:59 538
Ermənistanın Qarabağ münaqişəsinə yanaşması dəyişməlidir
Avropa Parlamentinin bu günlərdə "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qəbul etdiyi qətnamədə ölkələrin ərazisində dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq nizamlanmasının zərurəti vurğulanır. Bu sənədi Dağlıq Qarabağ probleminə tətbiq etdikdə, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin dəstəkləndiyi açıq şəkildə görünür.
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı il ərzində Ermənistanın müxtəlif bəhanələr irəli sürməsinə baxmayaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir neçə görüşü baş tutub. Onu da qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə 2018-ci ilin yekunlarına həsr edilmiş qəbulda deyib ki, uzun müddətdən sonra Milanda erməni həmkarı ilə son görüşü zamanı qarşılıqlı anlaşma əldə edə biliblər.
Həm Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə, həm də Elmar Məmmədyarovun fikirləri 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidlə yanaşmağa əsas verirmi? Ermənilər növbəti ildə danışıqlar prosesində konstruktiv mövqe sərgiləyəcəkmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Avropa Parlamenti tərəfindən belə bir qətnamənin qəbul olunması Azərbaycanın xarici siyasətinin, diplomatiyasının uğurudur: "Çünki bundan əvvəl Gürcüstan, Ukrayna və digər respublikaların ərazi bütövlüyü tanınırdı və qeyd edilirdi ki, bu ərazilər işğal altındadır. Amma indiyədək Azərbaycanla bağlı bu səviyyədə sənəd qəbul olunmayıb. Avropa Parlamentinin qətnaməsi birmənalı şəkildə Azərbaycanın maraqlarına tam cavab verir. Bu sənədlə Azərbaycanın indiki vəziyyəti uzlaşdırılarsa, Dağlıq Qarabağın ölkəmizin daxilində olması şərti ilə bu münaqişə həll olunmalıdır. Qeyd edim ki, bu, ilin yekunu üçün yaxşı əlamətdir və biz bunu yüksək qiymətləndiririk. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici işlər nazirləri arasında danışıqlar gedir. İndiyədək Yerevan təkidlə bildirirdi ki, Dağlıq Qarabağda mövcud olan separatçı rejimin nümayəndələri də danışıqlarda iştirak etməlidir. Amma biz bu tezislərə qarşı çıxış edərək, faktiki olaraq vəziyyəti həmin formata qaytardıq. Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdü və orada separatçı rejimin nümayəndəsi iştirak etmədi. Onu da qeyd edim ki, nazirlər bu il ərzində bir neçə dəfə görüşüblər”.
F.Sadıxov vurğuladı ki, Qarabağ danışıqlarının pərdə arxasında hansısa məqamlar var və bu, ciddi şəkildə müzakirə olunur: "Amma hələlik optimist bir fikir yürütmək olduqca çətindir. Çünki hələ də torpaqlar işğal altındadır. Yəni, qəbul edilmiş beynəlxalq qətnamələr yerinə yetirilmir. Biz əlimizdən gələni etməliyik ki, 2019-cu ildə torpaqlarımızı azad edək, bu məsələdə müəyyən irəliləyiş olsun, bir sözlə, bizim maraqlarımıza və beynəlxalq hüquq normalarına cavab verən addımlar atılsın”.

Politoloq Tofiq Abbasov bildirdi ki, torpaqların işğaldan azad edilməsinin müqəddəratı ilk növbədə Ermənistanın daxili ictimai-siyasi vəziyyəti ilə əlaqəlidir: "Əgər uzun çəkən inqilabi proses konkret bir formalara oturuşacaqsa, Ermənistanın indiki rəhbərliyi şüarçılıqdan konkret işlərə keçid ala biləcəksə, onda əlbəttə ki, böyük dəyişikliklər baş verə bilər. Çünki ilk olaraq hakimiyyət gərək bütün vəziyyətə hakim olsun, bütün proseslərə nəzarəti öz əlində cəmləyə bilsin. Eyni zamanda Qarabağ məsələsinə aid öz formalaşmış münasibətini bildirsin. Çünki bu vaxta qədər, əgər söhbət Nikol Paşinyandan gedirsə, onun münasibəti çox kövrək, dəyişkən, hətta qeyri-müəyyən idi. Gah danışıqlar aparmağa səlahiyyətli olmadığını, gah da Dağlıq Qarabağın separatçı nümayəndələrinin danışıqlara cəlb olunmasını deyirdi. Eləcə də Azərbaycanın Ermənistana guya təhdidlər törətdiyini bildirirdi və buna görə də tab gətirmək üçün silah-sursatın artırılmasını dilə gətirirdi və s. Yəni, burada bəzi hallarda biri-birini təkzib edən yanaşmalar özünü göstərirdi. Amma əsas ondan ibarətdir ki, Paşinyan artıq qələbəsini əldə edib və postseçki dövründə onun davranışından çox şeylər asılı olacaq. Burada bir böyük təhlükə də var və bu da ondan ibarətdir ki, məğlub olmuş partiyalar öz birliklərini yarada bilərlər. Nəzərə alaq ki, həmin cəbhədə radikal ünsürlər var və onlar yenidən silaha əl ata bilərlər ki, daxildə olan siyasi vəziyyəti öz xeyirlərinə dəyişsinlər. Təsadüfi deyil ki, son günlər biz bunun şahidi oluruq. Radikallar yavaş-yavaş Azərbaycanın işğal olunmuş torpaqlarına toplaşırlar və bir dayaq nöqtəsi yaratmaq istəyirlər. Artıq demək olar ki, Ermənistanın siyasi qüvvələri arasında böyük bir parçalanma özünü əks etdirir, digər tərəfdən həmin o haçalanmanın da nisbi məqamları artmaqda davam edir. Ermənistandakı daxili vəziyyət hansı tərəfə istiqamət götürəcək, Nikol Paşinyan öz uğuru ilə necə davranacaq, potensialını hansı tərzdə proqramlaşdıracaq ki, proseslərə həm nəzarətini gücləndirsin, həm də ölkədəki ictimai-siyasi şəraitdə sözü mərkəzləşmiş şəkildə möhkəmlənsin, özünü doğrultsun? Bunları və nəhayət, Qarabağla bağlı yanaşmanın nədən ibarət olduğunu bilmək üçün gözləyək”.
T.Abbasov qeyd etdi ki, Azərbaycan Ermənistanda son aylar ərzində baş verən hadisələrə dözümlülüklə nəzarət edir: "Haradasa Azərbaycan Nikol Paşinyana möhlət də vermiş oldu. Yəni, biz Qarabağ proseslərində öz təmkinliyimizi qüvvədə saxlamaqla imkan veririk ki, siz öz problemlərinizi həll edin. Ancaq sonra danışıqlara qayıdırsınızsa, aydın bir mövqe bildirməklə bizə xəbər verin ki, siz nə istəyirsiniz. Azərbaycanın mövqeyi bəllidir və dəfələrlə deyilib. Ermənistanın xarici işlər nazirinin bilavasitə Nikol Paşinyanla təması olduğu üçün
məsələlərdən məlumatlıdır və anlayır ki, məqamı gəldikdə, gərək Ermənistan siyasi oyunbazlıqla vidalaşaraq konkretliyə, reallığa üstünlük versin”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər