AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Ermənistanın problemi hökumət binasındadır”

“Ermənistanın problemi hökumət binasındadır”

Təfsilat
11 İyul 2020, 12:52 168
Ermənistanın ikinci prezidenti Robert Köçəryan 70-dən çox tərəfdarları ilə məsafədən görüş keçirib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, Robert Köçəryan son iki ildə ədalətsizlik, Konstitusiya və qanunların pozulması ilə mübarizə aparanlara təşəkkür edib.
Bir saatlıq Zoom formatlı toplantı zamanı Robert Köçəryan Ermənistanın daxili və xarici siyasəti, Dağlıq Qarabağ məsələsi, dövlət təhlükəsizliyi, ölkənin sosial-iqtisadi vəziyyəti, perspektivləri, tərəfdarların sonrakı hərəkətləri və şəxsi məsələlərlə bağlı bir sıra sualları cavablandırıb.
"Qarabağ məsələsi məni narahat edir, düzgün istiqamətdə getmirik. Burada düzəltmək, yoluna qoymaq üçün çox şey var. Yəqin ki, indi detallara nəzər salmağa ehtiyac yoxdur. Yaxın vaxtlarda bu vacib məsələ ilə bağlı ayrıca reportajım olacaq. Narahatlığım barədə ətraflı danışmağa çalışacağam", deyə Ermənistanın ikinci prezidenti bəyan edib.
Robert Köçəryan bu komanda ilə Ermənistanda bir hərəkat qurmağa çalışmağın lazım olduğunu qeyd edib.
"Yaxın gələcəkdə "ortaq" sözündən müəyyən birgə addımların istiqamətini izah edən "komanda yoldaşı" sözünə keçməyə səy göstərməliyik. Bu komanda ilə Ermənistanda hərəkat yaratmağa çalışmalıyıq. Ümid edirəm ki, belə inkişaflara hazırsınız, amma fikrimcə, belə bir hal bu gün ən təbii olacaqdır.
Görəcəyimiz çox iş var, yolumuz çətin, ancaq keçərlidir. Əminəm ki, dəstəyinizlə, mübarizənizlə birlikdə məqsədlərimizə çatacağıq. Mən buna inanıram", deyə Robert Köçəryan tərəfdarlarına ünvanlanıb.
Epidemiya ilə mübarizəyə gəlincə, Ermənistan Respublikasının ikinci prezidenti qeyd edib ki, hakimiyyət dövlət sistemindən istifadə etmək əvəzinə epidemiya ilə mübarizə istiqamətində yeganə yolu maska taxmaqda görür və yalnız bu yolu seçib.
"Dövlət qurumlarının dövlət başçısına müdaxilə etdiyi təsəvvürü yaranır. Bu gün mövcud hakimiyyətə mane olan bir dövlət sistemi mövcuddur. Bu hakimiyyətin ən zəif nöqtəsidir, çünki qurulmuş dövlət sistemi olmadan heç bir dövlət inkişaf edə bilməz. Bu sistemin işləməməsi epidemiyanın mövcud utancverici göstəricilərinin nəticəsidir. Dövlət sistemindən istifadə etmək əvəzinə, primitiv həll yollarına üstünlük verilir. Maska taxmaq epidemiya ilə mübarizənin yeganə yolu ola bilməz", deyə Koçaryan hakimiyyətə iradlarını ifadə edib.
Robert Köçəryanın sözlərinə görə, hazırkı hökumətin yürütdüyü iqtisadi siyasət də epidemiya ilə mübarizədə maska kimi gülünc görünür.
"İqtisadi siyasətə hökumətin yalnız öz daxilindən təsir göstərmək mümkündür. İqtisadi nəticələrin vəziyyətinə görə Ermənistan Respublikasının idarəedici hakimiyyəti cavabdehdir. İndi bu proseslərə necə təsir edə biləcəyimiz bir az çətindir.
Əlbətdə ki, birbaşa təsir edə bilmərik, amma tənqid edərək, yol göstərərək, xalqımızın problemlərini yüngülləşdirmək üçün əlimizdən gələni etməyə çalışmalıyıq. Bu, xüsusilə kimsəni, xüsusən mütəxəssisləri, ixtisasçıları, iqtisadçıları və müxalif siyasətçiləri dinləməyə hazır olmayan bir hökumət dövründə çox kiçik bir fürsətdir", deyə Robert Köçəryan tərəfdarlarına səslənib.
Ermənistan Respublikasının 2-ci prezidentinin fikrincə, Ermənistanın problemləri "hökumət binasındadır”.
"Bu vəziyyətdən çıxmaq üçün birləşmək lazımdır. Müxalifət qüvvələrindən, xüsusən də parlamentdənkənar müxalifət qüvvələrindən bəhs edirik. Bu gün ölkənin problemi nədir, bu problemlərin müəllifi kimdir? Düşünürəm ki, hamı bu barədə eyni fikirdədir. Bu sual hər kəsi birləşdirə biləcək sadə seçimdir. "Burada ölkənin problemi hökumət binasındadır", deyə Robert Köçəryan bəyan edib.