• cümə, 29 Mart, 00:57
  • Baku Bakı 7°C

Ermənistanın “Panik şousu”nun əsas məqsədi

25.07.18 19:07 750
Ermənistanın “Panik şousu”nun əsas məqsədi
Ermənistanda Nikol Paşinyan yeni baş nazir olduqdan sonra bu ölkənin Rusiya siyasətində geriləmələrin olduğu heç şübhəsiz özünü göstərməkdədir. Xüsusilə, bu günlərdə Ermənistanda yerləşən Rusiya hərbi bazasının əsgərlərinin erməni kəndi Panikdə törətdikləri gülləbaran qalmaqalı diqqətdən kənarda qalmayıb. Demək olar ki, hakimiyyətə yaxın media qurumları "qarışqadan fil düzlətmək” metodu ilə ölkə daxilində süni gərginlik yaradırlar. Məqsəd isə Rusiya qoşunlarının Ermənistandan ya birdəfəlik çıxarılmasına, ya da onların fəaliyyətini məhdudlaşdırmağa yönəlib. Bəs görəsən Paşinyan hökuməti buna nail ola biləcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, rus qoşunlarının yaxın gələcəkdə Ermənistandan çıxarılması mümkünsüz məsələdir: "Çünki Ermənistan mövcud vəziyyətdə psixoloji hücuma keçib. Çalışır ki, Rusiyanı elə bir vəziyyətə salsın ki, bu ölkə Ermənistanla bağlı güzəştli kurs həyata keçirsin. Ancaq deyərdim ki, bu çox yanlış təsəvvürdür. Ona görə ki, Rusiyanın Ermənistanla və eləcə də digər dövlətlərlə münasibətlərini tənzimləyən dövlətlərarası razılaşmalar, müqavilələr və onlardan irəli gələn öhdəlikləri var. Dmitri Medvedev Rusiyanın prezidenti olarkən 102 saylı bazanın Ermənistanda yerləşməsi şərtləri və sair müqavilə şəklində tərəflərlə razılaşdırılıb. Sonra hər iki ölkənin parlamentləri bu razılaşmaları ratifikasiya edib. Odur ki, Ermənistanın indiki rəhbərliyi qərbyönümlü siyasət yürütməklə özü üçün əlverişli şərait yaratmağa çalışır. Ancaq məsələ başqa məqamlardadır. Ermənistanın problemləri o dərəcədə ağır və həllolunmazdır ki, istər Avropa İttifaqı və buna daxil olan ölkələr, istərsə də Rusiya həmin o ağır yükü boyunlarına götürməyə hazır deyillər. Çünki Ermənistan Cənubi Qafqaz ölkəsi olaraq özünü anlaşılmaz bir vəziyyətə salıb. Bu ölkə qonşularına qarşı təhdid siyasətini həyata keçirməklə bütün əlverişli məqamlardan özünü məhrum edib. Ona görə də islah olunma proqramı baha başa gəlir. Digər tərəfdən, geosiyasi anlamda Ermənistan bir o qədər əlverişli deyil. Çünki bu ölkə bir yandan qonşularına ərazi iddiaları irəli sürür, digər tərəfdən Azərbaycanla müharibə aparır. İmkanı və bacarığı olsa, Türkiyəyə də müharibə elan edər. Bütövlükdə türkdilli dövlətlərlə bir araya gəlmək istəmir və antaqonizm siyasətini ən əlverişli və münasib sayır. Halbuki, məhz bu siyasət Ermənistanın yavaş-yavaş axırına çıxır”.
T.Abbasov vurğuladı ki, rusiyalı hərbçilərin Panik məntəqəsində səsli-küylü manevr kampaniyası keçirməsi Ermənistan üçün girəvə rolunu oynayır: "Rəsmi İrəvan çalışır ki, bundan spekulyasiya yolu ilə böyük bir qazanc əldə etsin. Ancaq bu qazanc əldə oluna bilməyəcək. Çünki orada insanlar üçün bir o qədər də təhdidlər və təhlükələr olmayıb. Orada döyüş yox, təlim güllələrindən istifadə edilib. Düzdür, səs-küy çox olub. Ancaq bunun ardınca rəsmi İrəvan çalışır ki, populizm xəttini yeritsin və Rusiyanı küncə sıxsın. Bu isə alınan iş deyil və ona görə də hesab edirəm ki, bu, Ermənistanı siyasi müstəvidə iflasa aparan hərəkətdir. Bundan qazanc əvəzinə, Ermənistan yenə də imic itkiləri əldə edəcək”.
Politoloq Qabil Hüseynli bildirdi ki, Rusiya qoşunlarının Ermənistandan çıxarılması məsələsinə ölkə ictimaiyyətinin yanaşması birmənalı deyil: "Paşinyana daha çox yaxınlığı ilə seçilən birinci kateqoriyalı adamlar heç nədən çəkinmədən Rusiya hərbi bazalarının ölkədən çıxarılmasını tələb edir. Sərhədlərin isə bütünlüklə erməni sərhəd qoşunları tərəfindən qorunmasını məsləhət görürlər. Bunlar daha radikal millətçi kəsimlərdir və belə hesab edirlər ki, həm hərbi bazalar, həm də sərhədin Rusiya sərhəd qüvvələri tərəfindən qorunması Ermənistanın suverenliyini heçə endirir.
İkinci qrup adamlar isə elə hesab edirlər ki, həm Ermənistandakı Rusiya sərhəd qüvvələrinin, həm də hərbi bazaların statusuna yenidən baxılmalıdır. Yəni, dövlətlərarası müqavilələrlə tənzimlənən bazaların və sərhəd qüvvələrinin hüquqları elə olmalıdır ki, hakimiyyət orqanlarının göstərişləri və Ermənistan qanunları bunlar üçün tamamilə keçərli olsun”.
Q.Hüseynli qeyd etdi ki, hətta ermənilər sərhəd qoşunlarının statusu ilə bağlı əlahiddə bir qanunun qəbul edilməsini də tələb edirlər: "Həmin adamlar belə hesab edirlər ki, Rusiya hərbi bazalarındakı əsgər və zabitlərin Rusiya qanunlarına tabe olması, eləcə də cinayət törətdikdə yenə də federasiyanın qanunları və məhkəmələri tərəfindən mühakimə edilməsi normal hal deyil və Ermənistanın suverenliyinə ciddi zərbə vurur. Təxminən iki il əvvəl 102 saylı hərbi bazanın bir əsgərinin yaxın kəndlərdən birində bir ailəni güllələyərək öldürməsi faktını dilə gətirirlər. Həmin vaxt rusiyalı əsgərin beş nəfəri güllələməsinə baxmayaraq, o, Ermənistan qanunları ilə mühakimə edilmədi. Həmin əsgər Rusiyada məhkəmə qarşısına çıxarıldı və sonradan da psixi problemi olduğu bəhanə gətirilərək ümumiyyətlə həbsdən azad edildi. Bu cür hadisələr Ermənistanda ciddi narazılığa səbəb olur. Ümumiyyətlə yerli əhalinin Rusiya hərbi bazasında, eləcə də sərhəd qüvvələrində olan rusiyalı hərbçilərlə münasibətləri çox kəskindir. Ölkə xaricinə gediş-gəlişdən tutmuş, daxildə azad şəkildə hərəkət etməyə qədər olan məsələlərdə ciddi problemlər yaranıb. Ona görə də ermənilərlə rusiyalı hərbçilər arasında keçilməz sədd formalaşmaqdadır. İndi ermənilər çox ehtiyatla etiraz edirlər, mitinqlər keçirirlər. Amma bu proses yüksələn xətt üzrə gedərsə, onda məsələ rus qoşunlarının Ermənistandan çıxarılmasına qədər gedib çıxa bilər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər