• cümə, 29 Mart, 18:43
  • Baku Bakı 14°C

Ermənistanın niyyəti yenə də puç oldu

22.04.17 09:00 865
Ermənistanın niyyəti yenə də puç oldu
Gürcüstan bəyan edib ki, Rusiya ilə abxaz dəmir yolunun açılması barədə hər hansı bir danışıqlar aparılmır. Gürcüstan baş nazirinin Rusiya Federasiyası ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib ki, hazırkı mərhələdə Rusiya tərəfi ilə qeyd olunan dəmiryolu xəttinin bərpası barədə söhbət belə getməyib. Gürcüstan xarici işlər naziri Mixail Canelidze də Rusiya ilə Ermənistan arasında birbaşa dəmiryolu əlaqəsinin bərpa edilməsinə dair rusiyalı həmkarı Sergey Lavrovun iki gün əvvəl Abxazyada verdiyi bəyanatı şərh edib.
Nazir Mixail Canelidze açıqlamasında bu barədə qərarın hökumət tərəfindən qəbul edilməli olduğunu bildirib. Xarici işlər naziri bildirib ki, Gürcüstan üzərindən istənilən tranzit daşımaları ölkə qanunvericiliyi ilə nizamlanır."Bu cür daşımaların, o cümlədən işğal altındakı ərazilər üzrə daşımaların təşkili barədə bütün qərarları Gürcüstan hökuməti qəbul etməlidir”, - deyə Canelidze bildirib. Nazir əlavə edib ki, Lavrovun istinad etdiyi saziş Gürcüstanın üzərinə işğal altındakı ərazilərdən keçən və nəzarət edə bilmədiyi sərhədlərlə bağlı öhdəlik qoymur. Digər tərəfdən 2011-ci ildə imzalanmış saziş hələ qüvvəyə minməyib.Sazişə görə, Rusiya ilə Gürcüstan arasında Abxaziyadan keçən yüklərin daşınmasına üçüncü tərəf-İsveçrə şirkəti nəzarət etməliydi. Həmin şirkətlə də müqavilə hələ bağlanmayıb.
Xatırladaq ki, S. Lavrov Suxumidə "prezident” Raul Xadjimba ilə danışıqlar zamanı Abxaziyadan keçən və Ermənistanı Rusiya ilə birləşdirən dəmir yolunun açılması imkanlarını da müzakirə edib. Lavrov jurnalistlərə deyib ki, Xadjimba ilə danışıqların mövzusu Abxaziyanın təhlükəsizliyinin təmin edilməsi və bu "respublikanın” ərazisi ilə Cənubi Qafqazın digər ölkələrinə yüklərin tranzit daşınması imkanları olub. Abxaziyanın təhlükəsizliyinin təminatı dedikdə, Rusiya xarici işlər naziri əlbəttə ki, bu separatçı ərazinin Gürcüstandan müdafiəsini nəzərdə tutur. Lavrova görə, Gürcüstan və Abxaziya arasında "güc tətbiqindən imtinaya” dair hüquqi sazişin imzalanması gələcəkdə tamamilə mümkündür və realdır. İkinci məsələ isə Lavrovun da təsdiq etdiyi kimi, Abxaziyadan və "dəmir yolunun açılmasını hamıdan çox istəyən” Ermənistandan asılı deyil. Sergey Lavrov Suxumidə onu da bildirmişdi ki, Rusiya tərəfi Abxaziya ərazisindən keçən dəmir yolunun açılmasını və "üçüncü ölkələrə” tranzit yükdaşımalarının bərpa olunmasını istəyir. S.Lavrovun sözlərinə görə, Abxaziya tərəfi də buna hazırdır, dəmir yolunun açılmasını ən çox istəyən isə Ermənistandır. Rusiya xarici işlər naziri qeyd edib ki, dəmir yolunun açılması üçün hüquqi baza da var. Bu, Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı 2011-ci ildə Gürcüstanla bağladığı ikitərəfli sazişdir.
Hazırda Gürcüstanda müzakirə olunan əsas məsələ Rusiya xarici işlər naziri Sergey Lavrovun separatçı bölgə Abxaziyaya səfər etməsi və antigürcü bəyanatları səsləndirməsidir. Gürcüstan parlamentinin çoxluğunun üzvü Zviad Kvaçantiradze bildirir ki, Lavrovun Suxumiyə səfəri o deməkdir ki, Rusiya Gürcüstanla münasibətlərin normalaşmasında maraqlı deyil. Rusiya Cənubi Qafqazda Gürcüstana qarşı təxribatçı siyasəti yürütməkdə davam edir. Lavrovun səfəri də bundan xəbər verir. Xalq belə məsələlərdə vahid mövqedən çıxış etməli və adekvat olmalıdır.
Öz növbəsində baş nazir Georgi Kvirikaşvili bəyan edib ki, S.Lavrov məqsədli şəkildə işğal altında olan torpaqlara gedir və orada silahlanma prosesi aparılır. Onun sözlərinə görə, buna baxmayaraq, Gürcüstan sabitlik adası statusunu qoruyub saxlayır: "Biz qlobal problemlərin kəsişməsində yerləşirik. 20 faiz torpağımız işğal altındadır. Biz münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq”.
Onu da qeyd edək ki, Gürcüstanda "Gürcü arzusu” koalisiyası yeni hakimiyyətə gələndə də Abxaziyadan keçən dəmir yolunun açılması barədə bəzi müzakirələr aparılıb. Hətta Rusiya dəmir yolunun Abxaziya hissəsinin bərpası üçün özünün dəmiryol qoşunlarını da bölgəyə göndərib. Bu da Bakıda müəyyən narahatlıqlar yaradıb. Lakin daha sonra məsələ gündəmdən çıxıb. Dəmiryolunun açılması daha çox Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Çünki bu ölkəni Rusiya ilə ancaq Yuxarı Lars aşırımından keçən, qışda qar-çovğuna, yayda selə görə tez-tez bağlanan avtomobil yolu birləşdirir. Ancaq Abxaziya münaqişəsinin indiki statusunda nəqliyyat dəhlizinin açılması Gürcüstanda "xəyanət” kimi qarşılanardı. Ermənistana dəmir yolları ilə Fars körfəzinə çıxış əldə etmək imkanı verən başqa dəhliz barədə Lavrovla eyni vaxtda Tbilisidə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıb. O, gürcü həmkarı Mixeil Canelidze ilə keçirdiyi mətbuat konfransında deyib ki, İran Fars körfəzini Qara dənizlə birləşdirəcək dəhlizin yaradılmasını təklif edir. İran xarici işlər nazirinə görə, bu dəhlizin reallaşması üçün Ermənistan, Azərbaycan, İran və Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq şərtdir.
Lakin həm Gürcüstanda, həm Ermənistanda ekspertlər səviyyəsində dərhal razılaşıblar ki, indiki vəziyyətdə bu dəhlizin yaradılması real deyil. Çünki Ermənistanla Azərbaycan arasında münaqişə buna imkan vermir.
Azər
banner

Oxşar Xəbərlər