• cümə, 19 Aprel, 22:23
  • Baku Bakı 24°C

“Ermənistanın müharibə üçün resursları yoxdur”

26.12.14 09:56 2120
“Ermənistanın müharibə üçün resursları yoxdur”
Bir neçə gündən sonra başa çatan 2014-cü il Azərbaycan üçün çoxsaylı uğurlarla yadda qalsa da, ölkənin ən əsas problemi sayılan Dağlıq Qarabağ münaqişəsi yenə də öz həllini tapmadı. Atəşkəs haqqında müqavilənin imzalanmasından ötən 20 il ərzində, xüsusən də cari ildə ATƏT-in Minsk Qrupu çərçivəsində prezidentlərin, xarici işlər nazirlərinin çoxsaylı görüşləri də münaqişə bölgəsində vəziyyəti müsbətə doğru dəyişdirə bilmədi. Sözügedən problemin həlli ilə bağlı cari ildə aparılan danışıqlar, onların nəticələri və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından yola salmağa hazırlaşdığımız 2014-cü il nə ilə yadda qaldı?
- Problemin həlli istiqamətində 2014-cü ildə də çoxsaylı danışıqlar aparılıb, prezident və xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında müxtəlif görüşlər keçirildi. Cari ilin yanvar ayının sonlarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan Parisdə bir araya gəldilər. Həmin görüş ərəfəsində cəbhə bölgəsində vəziyyət gərginləşmişdi, atəşkəs intensiv şəkildə pozulurdu. Atəşkəsin pozulmasına görə Azərbaycan Ermənistanı, Ermənistan isə əksinə Azərbaycanı ittiham edirdi. Dağlıq Qarabağda pozulan atəşkəs, Qarabağdan uzaq ərazidə, Ermənistan-Azərbaycan sərhədi boyunca da özünü göstərməyə başladı. Bu isə o demək idi ki, Dağlıq Qarabağda başlaya biləcək müharibə başqa ərazilərə də keçə bilər. Bununla yanaşı, yanvar ayında cəbhə bölgəsində vəziyyətin gərginləşməsi Azərbaycanla Ermənistan arasında informasiya və kiberq müharibəsini də gücləndirdi. Saytlara yenə qarşılıqlı haker hücumları qeydə alındı. Belə bir vəziyyətdə Minsk Qrupu həmsədrləri bölgəyə növbəti səfər etdilər. Səfərin nəticəsi olaraq, Azərbaycan və Ermənistan prezidentləri Soçi olimpiadası müddətində atəşkəsə riayət edəcəklərini vəd etdilər. Bu, ən vacib nəticə idi. Çünki olimpiadanın başlamasına bir neçə gün qalmış atəşkəsin pozulmasının intensivliyinin azalması tərəflərin bu vədə sadiq qalacaqlarına işarə idi. Bu qərar daha çox Moskvaya lazım idi. Həmsədrlərin bölgəyə səfərlərinin bir başqa məqsədi prezidentlərin həmin aylarda görüşlərini hazırlamaq idi. Ancaq məlum oldu ki, Azərbaycan və Ermənistan prezidentləri görüşə tələsmirlər. Bu səbəbdən həmsədrlər görüşlə bağlı konkret tarix müəyyənləşdirə bilmədilər. Prezidentlərin görüşməməsi həm də ondan xəbər verirdi ki, masa üzərində danışıqları irəli aparmaq üçün məzmunlu təklif yoxdur. Bu səbəbdən il ərzində prezidentlərin Rusiya, ABŞ və Fransada keçirilən görüşlərində də problemin həllində irəliləyiş sayıla biləcək hər hansı nəticə olmadı.
- Siz qeyd etdiniz ki, danışıqları irəli aparmaq üçün il ərzində masa üzərinə məzmunlu təklif qoyulmadı. Bəs, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin irəli sürdüyü 6 prinsip necə, yoxsa həmin prinsiplər də məzmunsuz sayılır?
- Doğru qeyd edirsiniz, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik twitter səhifəsində münaqişəsinin həlli ilə bağlı 6 prinsip irəli sürdü. Uorlikin açıqlaması həm Azərbaycan, həm də Ermənistanda fərqli reaksiyalar doğurdu. Bəziləri Uorlikin 6 bəndlik təklifinin Azərbaycanın, digərləri isə Ermənistanın xeyrinə olduğunu dedilər. Həqiqətən Uorlikin qeyd etdiyi 6 prinsipdən 5-i Azərbaycanın maraqlarına uyğun gəlirdi. Çünki, bu prinsiplərdə Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların azad olunması, məcburi köçkünlərin geri qayıtması və təhlükəsizliyin təmin olunmasından söhbət gedirdi. Rəsmi Bakı və Azərbaycan cəmiyyəti Uorlikin “Dağlıq Qarabağ üçün müvəqqəti status müvəqqəti olmalıdır” sözlərindən narazı qaldı. Çünki, “müvəqqəti statusun müvəqqəti olması” ideyası referendum tarixinin müəyyənləşməsinə gətirib çıxarır. Azərbaycan da buna razı deyil.
- Avqust ayının əvvəlində Dağlıq Qarabağda atəşkəs intensiv şəkildə pozulmağa başladı. Erməni diversiya qrupunun təxribatının qarşısı alınan zaman düşmən ağır itki verdi, eyni zamanda Azərbaycan tərəfindən də 10-dan artıq hərbçi şəhid oldu. O vaxt hamı müharibənin başlayacağını zənn edirdi. Sizcə həmin anda, eləcə də indinin özündə atəşkəsin pozulmasında hansı tərəf daha çox maraqlıdır və bu müharibəyə gətirib çıxara bilərmi?
- Rəsmi Bakı Dağlıq Qarabağla bağlı mövcud status-kvonun dəyişməsini istəyir. Məhz bu səbəbdən prezident İlham Əliyev müdafiə naziri Səfər Əbiyevi Zakir Həsənovla əvəz etdi. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra orduda bəzi islahatlara başladı, silahlı qüvvələrin təlimləri artdı, hərbçilərin ərzaq təminatı yaxşılaşdı, orduda inzibati işlərə mülki şəxslər cəlb edildi. Zakir Həsənov ayrıca, cəbhə bölgəsində işğalçılara Azərbaycan ordusunun gücünü göstərməyə həvəsləndi. Təsadüfi deyil ki, cəbhə bölgəsində mövqe döyüşləri artdı. Əlbəttə ki, bu vəziyyət Ermənistanı narahat etməyə bilməzdi. Çünki, Ermənistanın siyasi və hərbi elitası anlayırdı ki, cəbhə bölgəsində mövqe üstünlüyü Azərbaycanın tərəfinə keçə bilər. Ona görə də İrəvan sonda Azərbaycana güc nümayişi göstərməyə qərar verdi. İrəvanın diversiyada məqsədi cəbhə bölgəsində hərbi balansın Azərbaycanın xeyrinə pozulmayacağını Bakıya izah etmək idi. Başqa sözlə, Yerevan Bakını qorxutmaq istəyirdi ki, Azərbaycan gələcək hərbi hücum planlarından əl çəksin. Ancaq bu diversiya aksiyası əks effekt verdi. Azərbaycan cəmiyyətində müharibə ritorikası artdı, əhali prezidentin qəti qərar verməsini istədi. Prezident İlham Əliyev isə cəmiyyətdə mövcud olan abı-havadan çıxış edərək, Ağdama getdi, müharibənin başlana biləcəyinə eyham vurdu.
- Rusiya prezidenti Vladimir Putinin həmin vaxt qəfil Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə qərar verməsi, bu müharibə təhlükəsi ilə əlaqədar idi, yoxsa həqiqətən də rəsmi Kreml münaqişənin həllinə töhfə vermək istəyirdi?
- Soçi görüşünə qədər Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmirdi. O prezident olduğu əvvəlki 8 ildə də bu münaqişənin həlli ilə ciddi maraqlanmırdı. Ondan fərqli olaraq keçmiş prezident Dmitri Medvedev 3 il ərzində Azərbaycan və Ermənistan prezidentlərini 10 dəfə bir araya gətirmişdi. Ancaq o da bir nəticə əldə etmədi. Atəşkəsin intensiv pozulması Putini bir qədər ehtiyatlandırdı. Rusiya prezidenti Azərbaycanın müharibəyə başlaya biləcəyini ehtimal edərək, buna mane olmağa qərar verdi. Çünki Cənubi Qafqazda müharibə Rusiyanın maraqlarına cavab vermirdi. Bir tərəfdən Ukrayna böhranı, digər tərəfdən Cənubi Qafqazda bir başqa müharibə ehtimalı Rusiyaya əlavə problemlər yaradardı. Rusiya bu müharibədə Ermənistanın yanında yer alacaqdı ki, bu da Moskvanın avtomatik Bakı ilə münasibətlərini gərginləşdirəcəkdi. İkincisi müharibənin Şimali Qafqaza keçməsi ehtimalı da Kremli narahat etməyə bilməzdi. Elə prezidentlərin görüşünü təmin etmək də bu narahatçılıqdan irəli gəlirdi. Ona görə də Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından nəticə vermədi, sadəcə tərəfləri sakitləşdirdi. Prezident İlham Əliyev Soçidə üçtərəfli görüşdə Dağlıq Qarabağda saxlanılan azərbaycanlılardan birinin Rusiya vətəndaşı olduğunu da xatırlatdı. Bununla İlham Əliyev faktiki Putinin bu məsələyə müdaxiləsini arzulamışdı. Digər tərəfdən, həmin girov götürülən şəxslərin qohumları da Putinə məktub yazmışdılar. Ancaq Putin bu mövzuya heç toxunmadı və bununla rəsmi Bakını məyus etdi. Əslində Putinin Soçi görüşündə yeganə məqsədi Azərbaycan və Ermənistan prezidentlərini atəşkəsə riayət edəcəklərinə razı salmaq idi. Rusiya prezidentinin görüşdə “Dağlıq Qarabağ münaqişəsi SSRİ-dən bizə miras qalıb” sözləri isə ondan xəbər verirdi ki, Kreml tərəflərə nəticə yox, uzun-uzadı danışıqlar vəd edir.
- İl ərzində Fransa prezidenti Fransua Ollandın Azərbaycana və Ermənistana rəsmi səfəri də oldu. Məhz bu səfərdən sonra prezidentlərin Fransada görüşü keçirildi. Sizcə, Rusiyanın razılığı və təsiri olmadan ATƏT-in Minsk Qrupuna həmsədr digər dövlətlər münaqişənin həllində irəliləyiş əldə edə, status-kvonu dəyişə bilərlərmi?
- Azərbaycana və Ermənistana rəsmi səfər edən Fransa prezidenti Fransua Olland prezidentlərin növbəti görüşünün Parisdə keçirilməsini təklif etdi. Fransa bu təklifi irəli sürməklə iki məqsəd güdürdü. Birinci məqsəd münaqişənin həllində Fransanın fəallaşmasını təmin etmək idi. Çünki, rəsmi Paris son illər bütün görüşlərin Rusiya ərazisində keçirilməsindən narahat olmağa başlamışdı. Fransa da Cənubi Qafqazda fəallığını artırmaq istəyirdi. Fransanın ikinci məqsədi Cənubi Qafqazda ABŞ-dan geri qalmamaqdır. ABŞ prezidenti Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir, Vaşinqtonun yeni təşəbbüsləri yoxdur. Belə bir məqamda Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət etməsi münaqişənin həlli prosesində Fransanı ABŞ-dan irəli çıxarmış kimi göstərəcəkdi. Eyni zamanda, Azərbaycan Fransa ilə iqtisadi və humanitar sahədə əməkdaşlığını genişləndirir. Azərbaycan bu gedişlə Fransanın Cənubi Qafqazda əsas partnyoruna çevrilir. Müqayisə üçün deyək ki, Fransua Ollandın başçılığı ilə Fransa nümayəndə heyəti Bakıda bir neçə ciddi iqtisadi sazişə imza atarkən, İrəvanda oxşar imzalanma mərasimi baş vermədi. Çünki, Ermənistanın iqtisadi durumu buna imkan vermir. Lakin 1999 və 2006-cı illərdən sonra Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində 3-cü vasitəçilik cəhdi faktiki nəticəsiz qaldı. Azərbaycan ordusu 12 noyabrda Qarabağ səmasında Ermənistana məxsus hərbi helikopteri vurdu, 3 erməni hərbçisi həlak oldu. Bu Azərbaycanla Ermənistan arasında 1994-cü ildə imzalanan atəşkəs sazişindən sonra ilk ciddi insident idi. İrəvanın helikopterin vurulmasından sonra iki seçimi var idi. Birinci halda Ermənistan helikpoterin vurulmasına qarşı cavab aksiyası həyata keçirməliydi. İkinci halda isə helikopterin vurulmasından nəticə çıxararaq, bir müddət hərbi təlimlərə son verməli, ya da hərbi təlimləri Dağlıq Qarabağ ətrafındakı rayonlara genişləndirməməli idi. Ermənistan birinci seçimə üstünlük verəcəkdisə, bu, bölgədə müharibə ehtimalını artıracaqdı. Müharibə isə indiki şəraitdə birinci növbədə Ermənistanın maraqlarına cavab vermir. Müharibə üçün Ermənistanın resursları yoxdur. Ona görə də Ermənistan rəsmilərinin helikpoterin vurulmasını cavabsız qoymayacaqlarına dair verdikləri bəyanatlara baxmayaraq, rəsmi İrəvan hələ ki, riskli addımdan çəkinir.
- Bəs, 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlardan irəliləyiş gözləmək olarmı?
- Nəzərə almaq lazımdır ki, iyun ayında Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Ona görə rəsmi Bakı bu tarixə qədər cəbhə bölgəsində atəşkəsin pozulmamasına çalışacaq. Digər tərəfdən, Ukraynadakı böhran və Qərb-Rusiya qarşıdurması Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir edir. ABŞ və Fransa Rusiyanın bu məsələdə aparıcı rol oynamasını istəməzlər. Eləcə də rəsmi Moskva Paris və ya Vaşinqtonun vasitəçilik təşəbbüslərinə dəstək verməyəcək. 2015-ci ildə yeganə yenilik Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da görüşünün təşkil edilməsi ola bilər. Çünki, Rusiya və Fransa ərazisində görüşlər olub, növbə ABŞ-ındır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər