• cümə, 19 Aprel, 11:39
  • Baku Bakı 13°C

Ermənistanın mühacirət problemi

19.02.14 10:24 1330
Ermənistanın mühacirət problemi
Ermənistanda miqrasiya pik həddə çatıb. Tək bu ilin iki ayı ərzində ölkəni hava nəqliyyatı vasitəsilə 40 min insan tərk edib. “Joqovurd” qəzeti yazır ki, Ermənistan mülki aviasiya idarəsinin yaydığı informasiyada göstərilir ki, “Zvartnost” aeroportunda ölkəni tərk edib getmək istəyənlərin uzun növbələri yaranıb. Ermənistandan mühacirət edənlərin sayının artdığını Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeğanyan da ötən gün Yerevanda keçirdiyi mətbuat konfransında da təsdiq etməli olub. Onun qənaətincə, bu artıma ilk növbədə iqtisadi-sosial problemlər təsir edir: işsizlik, əmək haqqının azlığı, ixtisas üzrə iş tapmaq problemi və biznes mühitinin olmaması. Rəsmi məlumata görə, ölkə əhalisinin azalmaqda olan sayı ilə müqayisədə, Ermənistanda miqrasiya templəri 2008-ci ildən bəri daha da artıb. “Bu məlumat və təhqiqatın nəticələri təxminidir. Daha ətraflı məlumat yaxın gələcəkdə tərtib olunar” - deyə Yeğanyan deyib. Bu statistikaya əsasən, 1993-94-cü illər ərzində Ermənistanı təxminən 600 min nəfər tərk edib. 1995-2001-ci il müddətində onların sayı 370 min olub. Beləliklə, müstəqil Ermənistanın birinci onilliyi müddətində əhalinin bir milyona qədəri ölkəni tərk edib, 2007-ci ilə qədər isə mühacirət nəticəsində əhalinin sayı ildə 25 min nəfər azalıb. “Son tədqiqata əsasən, 2008-2013-cü illər ərzində miqrasiya ildə təxminən 30-35 min nəfər təşkil edib” - deyə Yeğanyan bildirib. Qısamüddətli mövsüm işlərə yollanan mühacirlərin 95-96 faizi və ölkəni uzunmüddətli tərk edənlərin isə 75-76 faizi Rusiyaya gedir.
Ermənistan Miqrasiya İdarəsinin rəsmisi Ruben Yeganyan bildirib ki, son hesablamalara görə, Ermənistan əhalisi sürətlə azalmağa doğru gedir. Bu gedişlə ölkədə işçi qüvvəsi qalmayacaq və iqtisadiyyat daha da ağır böhran nəticəsində tənəzzül yaşayacaq. Çünki gedən miqrantların böyük əksəriyyəti bir daha geri qayıtmır. Hazırda ölkədə cəmi 2 milyondan da az əhali yaşayır. “Orinats Yerkir” fraksiyasının rəhbəri Yeqine Bişaryan hesab edir ki, problemin kökünü hökumətdə axtarmaq gərəkdir. Onun sözlərinə görə, Sarkisyan problemlərin öhdəsindən gələ bilmir.
“Yeni zamanlar” partiyasının lideri Aram Karapetyan bildirib ki, Ermənistanda miqrasiya dövlətçiliyin itirilməsinə gətirib çıxara bilər. Partiya sədri vurğulayıb ki, hakimiyyət orqanları ölkədəki total problemlərə qeyri-adekvat reaksiya göstərirlər. “Hər şey o dərəcədə qeyri-adekvatdır ki, Ermənistan Respublika Partiyası özü-özünə müxalifət olmağa başlayıb” - deyən Karapetyan əlavə edib ki, hakimiyyət orqanları üzərinə düşən funksiyaları yerinə yetirmək iqtidarında deyil. O, miqrasiyanın səbəbləri barədə danışaraq, bunun subyektiv və obyektiv səbəblərinin olduğunu dilə gətirib. Onların arasında ölkədəki sosial-iqtisadi vəziyyəti göstərən partiya sədri düzgün iqtisadi siyasətin olmamasını, eləcə də obyektiv səbəbləri - müharibə və s. göstərib.
“İrs” partiyasından olan keçmiş deputat Larisa Alaverdiyan isə bu qənaətdədir ki, Ermənistanda miqrasiya siyasəti cinayətkarcasına həyata keçirilir. O bildirib ki, 1990-cı ildə əhalinin sayı 4 milyon idisə, indi bu rəqəm 2 milyona düşüb. “Bu, əhalinin sayının azaldılmasına yönəlmiş siyasətin nəticəsidir” - deyən deputat əlavə edib ki, ölkədə iş yerlərinin və həyat üçün digər zəruri şərtlərin olmaması insanları öz evlərini tərk etməyə gətirib çıxarır. Əhalinin sayının ən çox azalması sərhədyanı ərazilərdə hiss edilir. Daha acınacaqlı hal ondan ibarətdir ki, ölkədən “beyin axını” sürətlə həyata keçirilir. Avrasiya İnkişaf Bankının keçirdiyi sorğunun nəticələrinə görə, Ermənistan dünyanın yüksək dərəcəli peşəkar mütəxəssislərin ölkələri tərk etmə siyahısında ikincidir. Onun sözlərinə görə, bu axın tək kəmiyyət deyil, həm də keyfiyyət dəyişikliklərinə gətirib çıxarır.
Öz növbəsində «İrs» Partiyasının sədri Armen Martirosyan da problemdən çıxış yolunu vətəndaş cəmiyyətinin, eləcə də siyasi partiyaların birləşməsində görür. Alaverdiyanla razı olduğunu deyən partiya sədri problemin sosial deyil, siyasi əhəmiyyət kəsb etdiyini dilə gətirib. Martirosyan bu qənaətdədir ki, hakimiyyəti ittiham etməyin yeri yoxdur: “Onların yeganə məqsədi öz var-dövlətlərini daha da artırmaqdan ibarətdir. Bu gün xalq hətta kənd rəhbərliyini dəyişmək iqtidarında da deyil”. Bu səbəbdən də o, hakimiyyətin devrilməsi üçün birləşmənin zəruri olduğunu söyləyib. Əksəriyyətin gəldiyi qənaət bundan ibarətdir ki, Ermənistanın kənd rayonlarının gələcəyi yoxdur. Ailələr tam tərkibdə çörək pulu qazanmaq üçün Rusiyaya köç edirlər.
“Miqrasiya- təbii bir şeydir. Lakin Ermənistanla bağlı biz miqrasiya ilə deyil, depopulyasiya ilə üz-üzə qalmışıq» -deyə Ermənistan sosiologiya assosiasiyasının rəhbəri Gevork Poqosyan bildirib. O qeyd edib ki, dünya miqrasiya, insanların bir yerdən başqa yerə köçməsi ilə inkişaf edir. «Əgər beynəlxalq miqrantlar dünya üzrə əhalinin 3 faizini təşkil edirlərsə, Ermənistanda bu rəqəm 30 faizdir. Bunu artıq miqrasiya adlandırmaq olmaz, bu, depopulyasiyadır” - deyən ekspert əlavə edib ki, ölkədə doğumun səviyyəsi iki dəfə aşağı düşüb. “Ermənistanda miqrasiya nəticəsində əhalinin sayının azalması strateji təhlükəli həddə çatıb. Faciəli demoqrafik mənzərəni dəyişmək üçün qanunların işlədiyi, minimum həyat şərtlərinin olduğu mühit yaratmaq lazımdır. Vətəndaş geri qayıtmaq üçün dövlətinə inanmalıdır. Hakimiyyətin miqrasiyanın qarşısının alınması ilə bağlı cəhdləri sadəcə deklarativ xarakter daşıyır. Miqrasiyanın qarşısının alınması və gedənlərin dövlət proqramları ilə geri qaytarılmasını ölkənin strateji maraqları tələb edir” - deyə Poqosyan bildirib. O, keçirdikləri sorğunun nəticələrini də ortaya qoyub. Bəlli olub ki, rəyi soruşulanların 46 faizi ölkəni tərk etmək istəyirlər. Rəyi soruşulanların əksəriyyəti səbəb kimi işsizliyi, ədalətsizliyin və perspektivin, yaşamaq üçün vəsaitin olmamasını göstəriblər. 52 faiz uşaqlarının xaricdə oxuyub təhsil almalarını istəyiblər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər