• cümə, 29 Mart, 10:23
  • Baku Bakı 5°C

Ermənistanın miskinlik yağan 2018-ci il büdcəsi

23.11.17 09:00 4657
Ermənistanın miskinlik yağan 2018-ci il büdcəsi
Sosial-iqtisadi, ictimai-siyasi müstəvidə vəziyyətin getdikcə pisləşməsi müşahidə olunan Ermənistanda növbəti il üçün büdcə müzakirələri başlayıb. Müxalif "Çıxış” və "Çarukyan” fraksiyasından olan deputatlar elə ilk müzakirələr zamanı hökumətin təqdim etdiyi büdcə layihəsini kəskin tənqid ediblər. "Çıxış” fraksiyasından olan deputat Lena Nazaryan maliyyə sənədini "postseçki büdcəsi” adlandırıb. Onun sözlərinə görə, ictimaiyyət bilməlidir ki, hakim Respublika Partiyası və hökumət pensiyaları və minimal əmək haqqını artırmaq barədə verdiyi vədi yerinə yetirməyib. Halbuki, baş nazir Karen Karapetyan bildirmişdi ki, gələn il üçün bu artım baş verəcək. "Çarukyan” blokundan olan deputat Naira Zoqrabyan isə büdcə əleyhinə səs verməsi üçün beş səbəb olduğunu göstərib - hökumət əmək haqları və pensiyaları qaldırmır, utancverici inflyasiyanın qarşısını ala bilmir, dövlət sektorunda 5500 iş yerini ixtisar edir, təhsil, elm və səhiyyə xərclərini azaldır. Deputat əlavə edib ki, ölkədə demoqrafik vəziyyət fəlakət həddinə çatıb. "Mən baş nazirin bir bəyanatını şərh etmək istərdim. O bildirib ki, "kim öz dərisində iqtisadi inkişafı hiss edir və kim də hiss etmir - bu çox subyektiv və ölçüsüz faktordur”. Xeyr, baş nazir, bu, ölçülən faktordur. Əgər siz və sizin komanda heç olmasa adi vətəndaşın bir gün öz üzərində nələri hiss etdiyini görsəydiniz, onda iqtisadi inkişafdan danışmazdınız”,- deyə deputat bildirib.
Parlamentdə təmsil olunan iqtidar deputatları da büdcə layihəsinin tənqid ediblər. Tibbi komissiyanın sədri Akop Akopyan yoxsulluqla bağlı açıqlanan rəsmi açıqlamanı tənqid edib. O da bəlli olub ki, Ermənistan büdcəsindəki kəsri ödəmək üçün 150 milyard dram məbləğində borc götürəcək. Bunu maliyyə naziri Vardan Aramyan deyib. O bildirib ki, dövlətin daxili və xarici borcları var və xaricdən borc alınacaq. "Çarukyan” blokundan olan deputat Sergey Baqratyan bununla bağlı bildirib ki, "insana demək olmaz ki, 2-3 il pis yaşa, sonra nəsə bir iş görərik. Lakin artıq bu xalq gözləmək və dözmək istəmir. Xalq tunelin sonunda işıq görmür”.
"Çıxış” fraksiyasından olan başqa bir deputat, sabiq baş nazir Aram Sarkisyan isə hakimiyyətin təqdim etdiyi inkişaf rəqəmlərinin cəfəngiyat olduğunu və ölkədə hər hansı iqtisadi inkişafın olmadığını vurğulayıb.
Öz növbəsində deputat Mana Tandilyan hökumətin təqdim etdiyi layihəni "antisosial büdcə” kimi qələmə verib. Onun sözlərinə görə, ölkəni yaxın vaxtlarda yoxsulların sayının daha da artacağı gözləyə bilər. "Gələn il nə əmək haqqı, nə də pensiyaların artımı gözlənilmir. Biz hamımız gözəl bilirik ki, 2018-ci ildə inflyasiya yüksələcək. Ölkəmiz Avrasiya İqtisadi İttifaqına üzv olduğundan zəruri ərzaq məhsullarında da qiymət artımı baş verəcək. Mahiyyət etibarilə insanların həyat şəraiti kəskin şəkildə aşağı düşəcək. "Bizim hamımızın bəhs etdiyimiz yoxsulluq həddi - yəni hər üç nəfərdən biri yoxsuldur, daha da artacaq”, - deyə deputat bildirib.
Büdcə layihəsində gələn il üçün 4,5 faizlik iqtisadi artımın proqnozlaşdırılması hakim partiyanı təmsil edən deputatlar tərəfindən də gülüşlə qarşılanıb.
Deputat Nikol Paşinyan isə bildirib ki, Ermənistan əhalisinin yaşayış şəraiti 2018-ci ildə 2017-ci illə müqayisədə 10 faizdən çox pisləşəcək.Onun sözlərinə görə, 2018-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində təqaüd, müavinət və minimum əmək haqqı artırılmayacaq: "Əvəzində səhiyyə sahəsinə ayrılan xərclər 5 milyard dram (11 milyon dollara yaxın), sosial xidmətə 300 milyon dram, təhsilə ayrılan xərclər isə 700 milyon dram ixtisar ediləcək. Ölkənin xarici borcları artıb, qiymətlər bahalaşıb. Bütün bunlar isə Ermənistan əhalisinin həyat şəraitinin gələn il daha 10 faiz ağırlaşacağını deməyə əsas verir”.
Ac-yalavac durumda olan işğalçı ölkənin hökuməti gələn il üçün yalnız hərbi büdcənin artırılmasını düşünür. Belə ki, parlamentə təqdim olunmuş 2018-ci ilin büdcə layihəsində hərbi xərclər birdən-birə 17 faiz artırılaraq təxminən 500 milyon dollara çatdırılacaq.
İnsanları səfalət içində yaşayan bir ölkənin hökumətinin belə bir qərar qəbul etməsi ciddi narazılıqla qarşılanıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər