• cümə, 29 Mart, 10:32
  • Baku Bakı 5°C

Ermənistanın İran arzuları reallaşmır

12.10.17 09:00 1767
Ermənistanın İran arzuları reallaşmır
Ermənistanın baş naziri Karen Karapetyanın İran səfəri erməni siyasi dairələrində və mətbuatda geniş müzakirələrə yol açıb. İrana ikigünlük səfəri zamanı baş nazir prezident Həsən Ruhani, parlamentin sədri Əli Laricani və digər ölkə rəsmiləri ilə görüşüb. Amma ən vacib görüş neft naziri Bijan Zanganeh ilə olub. Görüşdə Ermənistanın İrandan qaz alması məsələsi müzakirə olunub, xüsusilə də "Qaz əvəzinə elektrik enerjisi”, "Mehri SES” və Ermənistan-İran-Türkmənistan üçtərəfli əməkdaşlıq proqramlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
İranın neft nazirin müavini Əmirhüseyin Zamaniniayinin sözlərinə görə, İran Türkmənistan qazının öz ərazisindən Ermənistana daşınmasını dəstəkləməyə hazır olduğunu bildirib. Bu ilin avqustunda bəlli oldu ki, Yerevanla Tehran İrandan alınan qazın 2,5 dəfə artırılmasını müzakirə edirlər. Amma yeni razılaşmaya görə, Ermənistan İrana bunun əvəzində elektrik enerjisi yox, pul ödəyəcək. Bununla belə, mənbə yazır ki, Ermənistan hazırda iki ölkədən - Rusiya və İrandan qaz alır və görünür, son vaxtlar İrandan idxal olunan qazın həcmi Rusiya qazının xeyrinə azaldılıb. Əgər 2012-ci ildə Ermənistanın qaza olan tələbatının 19,8 faizini İran verirdisə, bu rəqəm ötən il 16,6 faizə düşüb.
Erməni icması ilə görüşdə isə baş nazir soydaşlarını Ermənistan və İran arasında möhkəm körpü olmağa çağırıb. Soydaşlarını Ermənistanda layihələrə maliyyə ayırmağa çağıran baş nazir onları inandırmağa çalışıb ki, ölkədə ciddi iqtisadi inkişaf hiss olunur...
Lakin rəsmi Yerevanın İranla əsasən iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi barədə səsləndirdiyi bəyanatlar və cəmiyyətə yeritdiyi fikirlərin cəfəngiyat olduğunu elə ermənilər özləri də etiraf etməyə başlayıblar. Məsələn, parlamentin deputatı Vardan Postancyan hesab edir ki, indiyə qədər tərəflər arasında razılaşdırılan irimiqyaslı layihələr kağız üzərində qalıb. Əlavə edib ki, Rusiya Ermənistanla İran arasındakı münasibətlərə böyük təsir göstərir. Deputat bildirib ki, İranda çox gözəl anlayırlar ki, Moskvanın nüfuz dairəsində olan Ermənistan Tehranla iqtisadi və siyasi münasibətləri genişləndirmək imkanında deyil.
Ermənilərə yaxınlığı ilə seçilən "Reqnum” agentliyində dərc edilən məqalədə isə Karapetyanın Tehrana səfəri kəskin tənqid olunub. Müəllif yazır ki, iki ölkə arasında enerji layihələrinin reallaşmasında hər hansı bir irəliləyiş hiss olunmur. "Bu dəfə Ermənistan baş nazirinin danışıqlar gündəliyində artıq adiləşmiş energetik əməkdaşlıq, yatırımlar, İran yüklərinin Ermənistan üzərindən Qara dəniz limanlarına nəqli mövzuları var idi. Lakin İran qazının Gürcüstana tranziti, həmçinin İranla Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət haqda saziş kimi nə zamansa populyar məsələlərə praktik olaraq toxunulmayıb”, - deyə müəllif yazıb. Baş nazirin İranın birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşünün yekunları üzrə Ermənistan hökuməti mətbuat xidmətinin məlumatında deyilir ki, onlar 400 kV gərginlikli üçüncü İran-Ermənistan elektrik qüvvəsinin ötürülməsi xəttinin inşasını günün önəmli ikitərəfli iqtisadi proqramları sırasında göstəriblər. Tərəflər Mehri SES proqramının gerçəkləşdirilməsinin böyük əhəmiyyətini qeyd ediblər. Nəşrdə qeyd olunur ki, nə qədər qəribə olsa da, sözügedən layihələrin gerçəkləşdirilməsində aşkar tərpəniş müşahidə edilmir: "Mehri SES ən perspektivli Ermənistan-İran layihəsi hesab edilirdi və bu elə belə də qalır. Öz növbəsində İran qazının Gürcüstana, Türkmənistan qazının Ermənistana tranziti məsələlərini qapanmış saymaq olsa da, İran və Ermənistan arasında azad ticarət haqda saziş bağlanmasına hələ ümid var. Amma iqtisadi icmalçı Ayk Gevorkyanın qeyd etdiyi kimi,praktikada bu cür sazişin bağlanması ehtimalı son dərəcə azdır. Gevorkyanın fikrincə, görünür, azad ticarət haqda sazişin gələcəkdə bağlanmayacağı ilə rəsmi Yerevan da barışıb”.
Ermənistan-İran dəmiryolu və yaxud iki ölkə sərhədində neft emalı zavodu kimi mifik layihələrə gəlincə, tərəflər bununla nə bir-birini, nə də artıq insanları üzməməyi qərara alıblar.
"Daha bir aktual mövzuya da toxunulub - İranın Qara dəniz sahilləri ilə əlaqəsini asanlaşdıracaq Şimal-Cənub avtoyolunun salınması. 1 milyard dollardan yuxarı kredit vəsaitinin sərf ediləcəyi planlaşdırılan yolun inşası çox uzandığından, mütəxəssislər isə onun tam həcmdə gerçəkləşməsini tamamilə şübhə altına aldığından biz də bu müzakirəni gələcəyə saxlayırıq. Amma qeyd etmək lazım gəlir ki, Ermənistanda hələ də həyata keçirilməmiş layihələrdən danışılınca, bölgənin başqa ölkələri arasındakı əməkdaşlıq ölkəmizi havada qoyur. Həm də avtomagistralın inşası nə zamansa başa çatsa, tamamilə mümkündür ki, artıq heç kimə gərək olmayacaq”, - deyə müəllif sonda bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər