Ermənistanın iflasa uğrayan təbliğatı, Paşinyanın selfi “qazancı” - Fotolar

Ermənistanın iflasa uğrayan təbliğatı, Paşinyanın selfi “qazancı” - Fotolar

Siyasət
03 Oktyabr 2019, 19:31 704
Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması təşəbbüsü Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevə məxsusdur. Məhz o, ilk dəfə olaraq MDB ölkələrinin reinteqrasiyası ideyasını irəli sürüb. 1994-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetində tələblər qarşısında çıxış edərkən yeni birlik – Avrasiya İttifaqı yaradılması təşəbbüsünü irəli sürüb. Üstündən 20 il keçəndən sonra – 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə sözügedən ittifaq qurulub. Kreml rəhbərliyinin təzyiqi ilə işğalçı Ermənistan da 9 oktyabr 2014-cü ildə bu ittifaqa üzv olub. Sonrakı illərdə bu təşəbbüsə Qırğızıstan da cəlb edilib. Perspektivdə Tacikistanın da ittifaqa cəlb edilməsi istiqamətində iş aparılıb. Aİİ-nin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Təşkilatda iştirak edən dövlətlərin böyük iqtisadi üstünlüklər əldə edəcəyi vurğulansa da, hazırda ittifaqda səhiyyə, işlə təminat, təhsil, pensiya sahəsi, kiçik və orta biznesə giriş, bir-birinin bazarına daxil olma və sair sahədə bərabər şərtlər mövcud deyil. 
 
 

Ümumi ərazisi 20 milyon kvadrat kilometr, əhalisi təxminən 180 milyon olan Aİİ-də Ermənistanın təmsilçiliyi formal xarakter daşımaqla, digər üzv dövlətlər arasında narazılıqlar da yaratmaqdadır. Digər üzv dövlətlər işğalçı Ermənistanın Aİİ üçün yük olduğunu bəyan edir, bu ölkə iqtisadiyyatının perspektivsizliyini qeyd edirlər. Belə olan halda Aİİ-nin sammitinin Ermənistanda keçirilmiş sammiti də formal xarakter daşıyıb. Protokol xətrinə İrəvanda keçirilən bu sammit işğalçı dövlətə yaxşı heç nə vəd etməyib. Bu sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın yeganə "qazancı” tədbirə qatılan dövlət başçıları ilə selfi çəkdirmək olub. Sammitin İrəvanda keçirilməsinə baxmayaraq, baş nazir N.Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutub. Ermənistan mediası təsdiq edir ki, rəsmi İrəvan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və xahiş olunub. 
 
 
 
Halbuki, protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Lakin bir qədər əvvəl vurğuladığımız kimi, V.Putinlə N.Paşinyan arasında görüş günün sonunda, özü də sammit çərçivəsində baş tutub. Bu isə Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir. Sammitdə iştirak edən prezident V.Putinin tədbirdən sonra Rusiyanın İrəvandakı səfirliyində eks-prezident, hazırda həbsdə olan Robert Köçəryanın xanımı ilə görüşməsi Kremlin N.Paşinyana verdiyi "dəyər” kimi qiymətləndirilməkdədir. Bu, Ermənistan baş nazirinin və ölkəsinin hansı nüfuza sahib olduğunu nümayiş etdirir.
 
 

Digər tərəfdən, baş verənlər N.Paşinyanın dünyada qəbul olunmamasının da göstəricisidir. Buna yeganə səbəb onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Hətta işğalçı ölkənin mediası, ekspertləri etiraf edir ki, qeyd edilən səbəblərə görə, son illər Ermənistan olan-qalan nüfuzunu da itirib. Belə bir fonda Azərbaycan müstəqil siyasət yürüdən, inkişaf etməkdə olan ölkə kimi beynəlxalq aləmin diqqət mərkəzindədir.  Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, xarici ölkələrin dövlət və hökumət başçılarının, həmçinin digər rəsmi şəxslərin bu tədbirlərdə iştirakı, paytaxt Bakının fərqli qütblərin dialoq məkanına çevrilməsi, Prezident İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və sair ilə görüşləri həm ölkəmizin, həm də dövlət başçımızın yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin dünyanın məşhur "beyin mərkəzləri”ndən biri olan "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması, habelə orada keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin daha bir nümunəsidir.
 
 

Siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, Aİİ-nin zirvə toplantısının İrəvanda keçirilməsinə və baş nazir N.Paşinyanın sammitdən öncə apardığı təbliğat kampaniyasına, hətta BMT Baş Assambleyasının kürsüsündən Rusiya-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi mübaliğəli fikirlərə baxmayaraq, gözlənilən nəticə əldə olunmayıb. Onun fikrincə, sammitdən əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Putinin Yerevana səfərinin rəsmi xarakter daşımadığını və Rusiyanın dövlət başçısının Ermənistana yalnız zirvə toplantısında iştirak etmək üçün gedəcəyini söyləməsini, əslində N.Paşinyanın ümidlənməməsi üçün verilən xəbərdarlıq xarakterli bəyanat kimi dəyərləndirmək olardı. Ekspert qeyd edib ki, rəsmi İrəvan ənənəvi olaraq bu xəbərdarlığı dəyərləndirə bilmədiyi üçün xəyal qırıqlığına uğrayıb və zirvə toplantısının İrəvanda keçirilməsi, nəticə etibarilə, N.Paşinyanın bacardığı ən yaxşı işlə - baş nazirin selfi çəkilişləri ilə yadda qalıb: "Bundan öncə də Ermənistanın baş nazirinin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün göstərdiyi səylərin necə boşa çıxdığı, erməni diasporunun və lobbisinin apardığı genişmiqyaslı kampaniyanın da necə puça çıxdığı müşahidə olundu. Bütün bunlar hakimiyyətə küçədən gəlişi zamanı ətrafında ajiotaj yaradılan Nikol Paşinyanın beynəlxalq səviyyədə bir lider kimi qəbul olunmadığını, onun qondarma "demokrat” imicinin də iflasa uğradığının göstəricisidir”.
 
 

E.Mirzəbəyli qeyd edib ki, hakimiyyətdə olduğu qısa müddət ərzində N.Paşinyanın istər ölkə daxilində atdığı addımlar, istər Ermənistanın ənənəvi tərəfdaşlarına münasibətdə sərgilədiyi qeyri-müəyyən davranışlar, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi ziddiyyətli bəyanatlar onun öhdəliklərinə sadiq qalmağı bacarmayan siyasətçi obrazını tam çılpaqlığı ilə ortalığa qoyub. Siyasi şərhçi bildirib ki, işğalçı Ermənistandan fərqli olaraq, Prezident İlham Əliyevin şəxsi nüfuzu və liderlik keyfiyyətləri nəticəsində Azərbaycan qlobal proseslərin müzakirə olunduğu ölkə statusunu qazanıb. Onun sözlərinə görə, dünyanın aparıcı siyasi və hərbi güc mərkəzlərinin yüksək statuslu təmsilçilərinin Bakıda keçirilən görüşləri, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən üçtərəfli və çoxtərəfli regional və subregional əməkdaşlıq platformaları da bunu sübuta yetirir. E.Mirzəbəyli Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunmasını da Azərbaycana və onun dövlət başçısına olan ehtiramın, hörmətin nümunəsi kimi qiymətləndirib.
 
 

Politoloq Elşad Mirbəşiroğlu da Aİİ-nin İrəvanda keçirilən sammitində baş verənləri şərh edərkən Ermənistan dövlətinin beynəlxalq aləmdə formalaşan "nüfuzuna”, baş naziri N.Paşinyanın yarıtmaz siyasətçi obrazına diqqət çəkib. Bildirib ki, hər iki məqam xarici mediada, hətta Ermənistan mediasında dəqiq təsvir olunub: "Uğursuz müqayisə olsa da, qeyd etmək lazımdır ki, Azərbaycana və onun Prezidenti İlham Əliyevə dünyada münasibət tamam fərqlidir. Ölkəmizdə və xaricdə təşkil olunmuş bütün mötəbər tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevə ən yüksək ehtiram nümayiş etdirilir. Bu, Azərbaycan dövlətinin və onun rəhbərinin böyük nüfuzunun göstəricisidir. Dünyanın aparıcı ekspertlərinin ən uğurlu diskussiya platformalarından biri olan "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması da Azərbaycan Prezidentinin intellektinin, qlobal problemlərin həllində yaxından iştirakının yüksək qiymətləndirildiyini göstərir. Çünki "Valday” Beynəlxalq Diskussiya Klubu, bir qayda olaraq, dünyanın intellektual elitasını bir araya toplayır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bir qayda olaraq, tədbirdə məhdud sayda ölkələrin rəhbərlərinin iştirakı təmin olunur. Azərbaycan Prezidenti İlham Əliyevin belə bir tədbirə dəvət olunması, onun beynəlxalq müstəvidə yüksək nüfuzunu növbəti dəfə dəqiq təsdiq edir”.
 
 

Xatırladaq ki, "Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub, adını da buradan götürüb. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub, öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri "Valday” klubunun qonağı olublar. Rusiya Prezidenti V.Putin klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. 
 
 

Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan klub, beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir. "Valday” klubu 2018-ci ildə bütün dünyanın diqqət mərkəzində olan Rusiya-Çin konfransının və Rusiya-İran dialoqunun təşkilatçısı olub. Ötən ilin iyun ayında klubun diskussiya meydanında məhz bu məqsədlə Rusiyaya səfər edən BMT-nin Baş katibi Antonio Quterreşlə görüş keçirilib. Digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Hazırda keçirilən tədbirdə də bir neçə ölkənin rəhbəri iştirak edir.
 
Rufik İSMAYILOV