• cümə axşamı, 25 aprel, 19:54
  • Baku Bakı 21°C

“Ermənistanın Gömrük İttifaqına qoşulması iqtisadi yox, siyasi qərardır”

04.09.13 14:24 1254
“Ermənistanın Gömrük İttifaqına qoşulması iqtisadi yox, siyasi qərardır”
“Ermənistanın bəyanatı Gömrük İttifaqına daxil olmaq niyyəti ilə bağlıdır. Təşkilata daxil olmaq isə bu günün işi deyil. Bu proses bəlkə də azı 1 il çəkəcək. Ona görə də, Ermənistanın Gömrük İttifaqına daxil olduğunu söyləmək hələ tezdir. Təşkilata üzv olmaq barədə danışıqlar dövründə Ermənistan bir neçə sənədə imza atmalıdır. Bu sənədlərin sayı çoxdur. Hesab edirəm ki, Ermənistan ilkin addımların atılmasına hələ hazır deyil”.
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdində Postsovet Məkanındakı Siyasi Prosesləri Araşdırma Mərkəzinin eksperti, politoloq Aleksandr Karavayev deyib.
Rusiyalı politoloqun fikrincə, Ermənistanın bu qərarı verməsi təkcə Rusiyanın təzyiqi ilə olmayıb: “Mövcud vəziyyət onu bu barədə qərar verməyə vadar edib. Çox güman ki, Moskvada keçirilən Putin-Sarkisyan görüşündə Rusiya prezidenti ermənistanlı həmkarının önünə “dəmir-beton” arqumentlər qoyub. Yaxud da, Ermənistanı idarə edən “Qarabağ klanı” vəziyyətin gedişatının onların xeyrinə olmadığını görərək bu addımı atıb. Yəni, İrəvanın Avropa Birliyi ilə yaxınlaşması Moskvada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində anti-Ermənistan meyli yarada bilər. Ermənistan bundan ehtiyatlanaraq bu addımı atıb. Görünür, Kremlin arqumentləri Ermənistanı bərk qorxudub”.
A. Karavayev Ermənistanın Gömrük İttifaqına daxil olmaq niyyətinin iqtisadi qərar olmadğını söyləyib: “Bu, sırf siyasi qərardır. Ermənistanın öz təhlükəsizliyinin təminatında kompleks problemlərin yaranacağından ehtiyatlanaraq verdiyi və işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda mövqelərinin möhkəmləndirlməsi ilə bağlı olan bir qərardır. Ermənistanın iqtisadiyyatı elə də inkişaf etməyib ki, rəsmi Moskva bu dövləti Gömrük İttifaqına, sonra da Avrasiya Birliyinə üzvlüyə cəlb etsin. Rusiya Ermənistanın bu təşkilata üzvlüyünə Tacikistan və Moldova ilə eyni statusda baxır. Yəni, bu ölkələr sırf üzvlük adı olsun deyə təşkilata qəbul olunurlar. İqtisadi cəhətdən Ermənistanın bu təşkilatlara qoşulması elə də vacib və əhəmiyyətli deyil”.
Politoloqun fikrincə, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təhlükəsizlik və hərbi-strateji strukturunun bir elementidir: “Ona görə də, bütün bunları nəzərə alaraq Ermənistanın bu qərarını iqtisadi qərar kimi qiymətləndirmək mümkün deyil. Ermənistan Gömrük ittifaqına qoşulsa belə, onun iqtisadiyyatında heç bir ciddi dəyişiklik gözlənilmir. Bildiyiniz kimi, bu ilin noyabrında Avropa Birliyi Ukrayna ilə assosiativ saziş imlayacaq. Bu, rəsmi Moskvanın məğlubiyyətidir. Ermənistanın Gömrük İttifaqına üzv olmaq niyyətini açıqlaması isə rəsmi Moskva üçün böyük xaldır. Avropa qarşısında Ukraynanı itirən Rusiya Ermənistanı qazana bildi”.
A. Karavayev Vladimir Putinin avqust ayında Bakıya səfər etməsinin də Ermənistanın qərarına təsir göstərdiyini söyləyib. Onun sözlərinə görə, İrəvan Azərbaycan-Rusiya yaaxınlaşmasından qorxuya düşüb və belə bir addım atıb: “Onlar qorxurlar ki, Rusiya Dağlıq Qarabağ münqaişəsinin həllində Azərbaycandan yana mövqe tuta bilər. Əgər Rusiyanın Dağlıq Qarabağ münqaişəsinin həllində mövqeyi doğrudan da dəyişsə, bu, Gömrük İttifaqına qoşulmaq qərarı vermiş Ermənistan hakimiyyəti üçün çox acınacaqlı olacaq”.
Politoloq Ermənistanın Avropa Birliyi ilə Rusiya arasında qəti seçim etməsinin səbəbini belə izah edib: “Ermənistan həqiqətən də çıxılmaz vəziyyətdə qalmışdi. Hər iki tərəfin - Avropa Birliyi və Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyindən ehtiyatlanaraq Ermənistan özünə sərf edən addımı atdı. Ermənistan bilirdi ki, Avropa Birliyi ilə imzalanacaq sazişdə Dağlıq Qarabağ konflikti barədə ona sərf etməyən müddəalar var. Baxmayaraq ki, bu sazişin mətni hələ açıqlanmayıb. Əgər İrəvan bu müddəaları qəbul edərək Avropa Birliyi ilə sazişə getsəydi, onda bu, onun üçün ikiqat ağır nəticə olacaqdı. Həm Avropa Birliyinin Dağlıq Qarabağla bağlı istəyini qəbul edəcəkdi, həm də Rusiyanın Ermənistana təzyiqi və münqaişənin həllində Azərbaycanpərəst mövqeyi ilə üzləşəcəkdi. Ona görə, Ermənistan bunu nəzərə alaraq Avropaya arxa çevirdi və Rusiyanın istəyini qəbul etdi. Rəsmi İrəvan bununla da Dağlıq Qarabağ münqaişəsinin həllində özünə sərf edən status-kvonun hələ uzun müddət saxlanmasını təmin etmiş oldu”.
banner

Oxşar Xəbərlər