AZE | RUS | ENG |

Ermənistanın girovlar məsələsində qeyri-humanist mövqeyi

Ermənistanın girovlar məsələsində qeyri-humanist mövqeyi
Ekspertlər Azərbaycanın bu dəfə konkret şəxslərin dəyişdirilməsi təklifini irəli sürdüyünü vurğulayır

Sentyabrın 11-də rəsmi Bakı beynəlxalq təşkilatlara Ermənistan tərəflə "hamının hamıya” prinsipi ilə əsirlərin dəyişdirilməsi barədə təkliflə müraciət edib. Müraciətə əsasən, 2014-cü ildə işğal altında olan Qarabağda saxlanılmış Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Azərbaycana keçən Karen Qazaryan və Arayik Qazaryanın mübadilə edilməsi təklif olunur.
Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bununla əlaqədar olaraq açıqlama verərək bildirib ki, məsələdən xəbərdardırlar və müzakirə edilir. O əlavə edib ki, məsələnin incəliyini nəzərə alaraq, qərar qəbul edilməsinə yaxınlaşdıqda açıqlama veriləcək.
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində ölkəsinin müdafiə naziri David Tonoyanla eyni mövqedə olduğunu bildirib.
Z.Mnatsakanyan Nyu-Yorkda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla keçirəcəyi görüşlə bağlı müsahibəsində bunu deyib. D.Tonoyan da Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad ediləcəyini istisna etməyib.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların "hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 2019-cu il sentyabrın 11-də rəsmi məlumat verib.
Dövlət Komissiyası Azərbaycanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırıb, 2019-cu il sentyabrın 7-də Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin "hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edərək bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bildirib.
Azərbaycan tərəfi dəfələrlə humanizm prinsiplərindən irəli gələrək əsir və girovların dəyişdirilməsi ilə bağlı addımların atılmasının zəruriliyini qeyd edib. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu təşəbbüsdən qaçıb. Ermənistan niyə və nə üçün əsir və girovların dəyişdirilməsi məsələsində son anda mövzudan yayınır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, girovların qaytarılması məsələsində ermənilər oyun oynayır: "Yəni, Ermənistan bir tərəfdən qeyd edir ki, danışmağa hazırıq, ancaq "Dağlıq Qarabağ” rejimi bunun əleyhinədir. Bununla da faktiki olaraq, qondarma rejimi ortaya gətirmək niyyətindədirlər. Halbuki Azərbaycan tərəfinə keçənlər elə Dağlıq Qarabağ cəbhəsindən keçən insanlardır. Bunlar Ermənistan vətəndaşlarını hərbi xidmətə göndərirlər, amma deyilər ki, "Dağlıq Qarabağ” ordusudur. Bütün bunlara baxmayaraq, əsir və girovları dəyişmək məsələsində Ermənistan tərəfi deyir ki, "Dağlıq Qarabağ” qondarma rejimi ilə danışıqlar aparın. Əslində Ermənistan bu addımı ilə mövqeyini yumşaltmaq istəmir. Düşünürəm ki, Azərbaycan bir neçə ermənini əsir və girov götürəndən sonra yumşalacaqlar”.
R.Musabəyov qeyd etdi ki, ermənilərin indiki addımlarına haqq qazandırmaq olmaz: "Onu da qeyd edim ki, ermənilər müxtəlif bəhanələr gətirirlər. Onların fikrincə, guya hərbi əsir ayrıdır, terrorçu ayrıdır. Halbuki Dilqəm Əsgərovla Şahbaz Quliyev mülki şəxslərdir. Onlar doğulub boya-başa çatdıqları əraziyə getməklə dədə-babalarının qəbrini ziyarət etmək niyyətində olublar. Əslində qeyd edilən humanizm bu iki şəxsə aiddir. Lakin Azərbaycanda olan ermənilər hərbçilərdir və əslində, bunlar bizə silah tuşlayan insanlardır. Məhz bu mənada hesab edirəm ki, ermənilər indiki halda "hamının hamıya” prinsipi ilə girovların dəyişdirilməsi məsələsində bəhanələr irəli sürürlər. Təkrarən qeyd edirəm ki, biz bu məsələdə qətiyyətli mövqedə olmalıyıq”.
Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın girovların dəyişdirilməsi ilə bağlı "Azərbaycanın təklifi haqda düşünürük” deməsi müsbət addım kimi sayıla bilər: "Ən azından Ermənistan tərəfi məsələ ilə bağlı konkret cavab verəcək. Çünki Azərbaycan bu dəfə konkret şəxslərin dəyişdirilməsi təklifini irəli sürüb. İnanırıq ki, Nikol Paşinyan əsir və girov məsələsinin Ermənistanda yaratdığı narahatlığa son qoyacaq. Bununla yanaşı, Ermənistan hökuməti daxilində parçalanmalar baş verir və bu da Paşinyanı zəiflədir. Güman etmək olar ki, Paşinyan hakimiyyətini gücləndirmək və Ermənistan ictimaiyyətini öz yanına çəkmək üçün əsir və girovların dəyişdirilməsi məsələsində müsbət addım atacaq”.
Ə.Şahidov vurğuladı ki, indiki halda Ermənistan hakimiyyəti daxilində koordinasiya və mərkəzləşdirilmiş idarəetmə mövcud deyil: "Yenə də Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və XİN rəhbərinin son açıqlamaları əsir və girovlar məsələsində dialoqun baş tutacağına əminliyi artırır”.
 
BƏXTİYAR

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289