• cümə, 29 Mart, 01:38
  • Baku Bakı 7°C

Ermənistanın dövlət borcu 7.3 milyard dollara çatıb

05.10.18 19:19 663
Ermənistanın dövlət borcu 7.3 milyard dollara çatıb
Ermənistanın dövlət borcu 2019-cu ildə təqribən 200 mln. dollar artaraq 7,1 mlrd-dan 7,3 mlrd. dollara yüksələcək. Gələn il üçün dövlət büdcəsini parlamentə təqdim edən maliyyə naziri Atom Cancquazyan bildirib ki, yaranmış gərgin vəziyyətdən çıxış yolunu yeni borc almaqda görürlər. "Biz yeni nəticələr əldə etmək üçün borc götürürük. Borcu bizim cari ehtiyaclarımızı ödəmək və yaxud əhalinin rəğbətini qazanmaq üçün götürmürük”, - deyə nazir bəyan edib. Son 10 ildə ölkənin dövlət borcu təqribən dörd dəfə artıb. 2008-ci ildə bu rəqəm 2 mlrd. dollar idi. Lakin məsələ ondadır ki, nazir borc götürəcəklərini bildirsə də, bu borcu onlara kimin və hansı şərtlərlə verəcəyini açıqlamayıb. Hazırda bu ölkəyə investisiya qoymaq və yaxud borc vermək çox riskli görünür. Ölkə inqilabın ikinci mərhələsini yaşayır, etirazlar səngimir. Bütün bunların fonunda isə baş nazir Nikol Paşinyan populist bəyanatlar səsləndirir, hakimiyyətini möhkəmləndirməyə çalışır. Bir neçə gün bundan əvvəl də baş nazir şəxsən bəyan etdi ki, ölkə iqtisadi çətinliklər içindədir, böhrana doğru irəliləyir. Maraqlıdır ki, bütün bunların fonunda işğalçı ölkə hərbi xərcləri artırmaq niyyətindədir. Bəlli olub ki, gələn il üçün hərbi xərclərin 25 faiz artırılması nəzərdə tutulub. Maliyyə naziri bildirib ki, bu xərclər əlavə olaraq Rusiyadan alacaqları 100 mln. dollar kreditlə doldurulacaq. Hökumət gələn il üçün iqtisadi artımı 4,9 faiz nəzərdə tutsa da, bu da inandırıcı deyil. Nazir etiraf edib ki, büdcə layihəsi əhalinin yalnız az bir hissəsinin maraqlarını əks etdirir. Əhali ümid edirdi ki, yeni hakimiyyət iqtisadi problemləri həll etmək üçün qısa zaman kəsiyində iqtisadi proqram irəli sürəcək. Baş nazirin başı isə növbədənkənar seçkilərə qarışıb.
Rusiyanın "Novaya qazeta” nəşri yazır ki, Paşinyan vəziyyəti süni şəkildə gərginləşdirmək xətti götürüb, deputatları "xalq belə istəyir” arqumenti ilə inandırmağa çalışır. Lakin bəlli olur ki, keçmiş iqtidar deputatları öz mövqelərini asanlıqla təslim etmək niyyətində deyillər. Müəllif yazır ki, baş nazir hər hansı bir gərginlik olan kimi sosial şəbəkəyə üz tutur. Qəzetə açıqlamasında erməni politoloq Mikael Zolyan bildirir ki, respublikaçılar ümid edirlər ki, növbədənkənar seçkilərin dekabrda deyil, yazda keçirilməsinə nail olmaqla vaxt udacaqlar və daha çox səs əldə edəcəklər. Öz növbəsində "Milli özmüqəddəratını təyin etmə” birliyin rəhbəri Paruyr Ayrikyan bu qənaətdədir ki, Paşinyanın gələcək məqsədinin nə olacağı barədə aydın təsəvvürü yoxdur. Levon-Ter Petrosyanla Paşinyan arasında paralellər aparan hərəkat rəhbəri sonuncunun növbədənkənar seçkilərlə bağlı fərqli-fərqli fikirlər səsləndirdiyini bildirib. "Paşinyan hərəkat başlayanda seçkilərin keçirilmə tarixi ilə bağlı ən müxtəlif bəyanatlar verirdi. İndi isə tamam fərqli danışır və müddət kimi dekabrı göstərir. Bu Petrosyanın stilinə oxşayır. Baş nazir əvvəl Sarkisyana qarşı mübarizə apardığını bəyan edirdi, onu diktator adlandırırdı. Lakin bu gün faktiki olaraq Serj Sarkisyanın siyasətini davam etdirir və Konstitusiyanı öz maraqlarına uyğun qurur”, - deyə hərəkat rəhbəri bildirib.
Öz növbəsində Ermənistan Respublika Partiyasının sədr müavini, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Armen Aşotyan Paşinyanı sosial şəbəkələrdəki yazılarında dəqiq olmağa çağırıb. Məlumat üçün bildirək ki, Paşinyan sosial şəbəkədəki statusunda yazıb ki, mitinqlər zamanı parlamentin şüşələrinin qırılması, maşınların zədələnməsi, insidentlərin yaşanması barədə Aşotyanın bəyanatı əsassızdır. Onun sözlərinə görə, dövlətin təbliğat maşını faktları təhrif etməyə çalışır - zorakılıqlar və digər hallara yol verilib. Bundan əlavə, Paşinyanın təklifinin əleyhinə çıxanlara qarşı hədə və qorxu bəyanatları səslənir. Artıq Ermənistan parlamenti sədrinin müavini Arpine Ovannisyan ailəsi ilə birlikdə hədələndikləri üçün polisə müraciət edib. Ermənistan KİV-nin yaydığı xəbərə görə, o, bu barədə Facebook səhifəsində yazıb. O, sosial şəbəkələrdə ünvanına təhqiredici ifadələr yazanların cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: "Mən hər belə şərhlə bağlı məhkəməyə müraciət edəcəyəm. Öz hüquqlarımı müdafiə etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinədək gedəcəyəm”. Qeyd edək ki, Arpine Ovannisyan keçmiş hakim Respublika Partiyasından deputat seçilib. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan nümayəndə heyətinin başçısıdır.
Yeri gəlmişkən, Paşinyanın "xəyanətkar” adlandırdığı Qaqik Çarukyan baş naziri sərt tənqid edib. O bildirib ki, baş nazir əksinqilabçıları öz komandasında axtarsa yaxşı olar. "Ermənistandakı inqilab zamanı Serj Sarkisyan məni xəyanətdə ittiham edirdi”, - deyən "Çiçəklənən Ermənistan”ın sədri deyib ki, "mənə deyirlər ki, inqilaba gec qatılmısan və heç nə etməmisən. Mən isə deyirəm ki, inqilaba su ilə dolu maşınları göndərmişəm. Yelk Blokundan olan deputatlar Nikol Paşinyan, Sasun Mikayelyan və Ararat Mirzoyan həbs ediləndə ilk olaraq mən onların yanında dayanmışam. O zaman heç Paşinyanın da ağlına Serj Sarkisyanın istefa verəcəyi gəlmirdi. Mənim o zaman Serj Sarkisyanla çox sərt söhbətim oldu. Ona dedim ki, müxalifətçiyəm və xalqın yanındayam. Əgər müxalifətçi olmasaydım, o zaman sənin koalisiyanda yer alardım”. O, növbədənkənar seçkinin dekabrda keçirilməsinə hazır olduğunu söyləyib. Çarukyan artıq Sarkisyan və Koçaryanla əlaqəsinin olmadığını və bu şəxslərin onun köməyi ilə siyasətə qayıda bilməyəcəklərini deyib. Qeyd edək ki, Çarukyan fraksiyası parlamentin buraxılmasını çətinləşdirən qanun dəyişikliyində Respublika Partiyası ilə birgə hərəkət etdiyi üçün N.Paşinyan bu blokun əsas partiyası olan "Çiçəklənən Ermənistan”dan hökumətdə təmsil olunan nazir və qubernatorları istefaya göndərib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər