AZE | RUS | ENG |

Ermənistanın daha bir arzusu puç oldu

Ermənistanın daha bir arzusu puç oldu
Moskva və Tbilisi arasında Praqa görüşü nəticəsiz başa çatıb

Dünən Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ötən həftə Praqada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə keçirdiyi görüşün nəticələrini baş nazir Georgi Kvirikaşvili ilə müzakirə edib. Z.Abaşidzenin sözlərinə görə, Tbilisi işğal altında olan torpaqlarında baş verənlərə bağlı rus diplomata etirazını çatdırıb. Zurab Abaşidze baş nazirə bildirib ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinə Gürcüstanla Rusiya arasında münasibətlərin gərginləşdiyini göstərən yeni faktlar təqdim edib. Məsələ ondadır ki, Dövlət Duması Cənubi Osetiyanın tədricən, hissə-hissə tanınmasını nəzərdə tutan sənədi və birgə hərbi hissələrin yaradılması barədə sənədləri ratifikasiya edib. Gürcü tərəfi hesab edir ki, saziş, eləcə də onu imzalayan separatçı qurum, ən əsası onun ratifikasiyası - Moskvanın qeyri-dost münasibətinin davamıdır. Əlavə edilib ki, bu kimi hallar heç bir halda Rusiya-Gürcüstan münasibətlərinə pozitiv təsir edə bilməz. Əksinə, münasibətlərin əvvəlki dövrünə gətirib çıxara bilər. Nəhayət, ən gərgin mövzu hərbi təlimlər məsələsi olub. Bu təlimləri Rusiya hərbi birləşmələri Cənubi Osetiyada başlayıblar. Gürcüstan hakimiyyəti bunu təxribat, regionda vəziyyəti gərginləşdirə biləcək növbəti addım adlandırıb. Sxinvalidə bu ittihamları ciddi qəbul ediblər. Bəyan edilib ki, qondarma respublika Gürcüstan tərəfindən hər an başlaya biləcək hərbi əməliyyatlara hazır olmalıdır. Bundan əlavə, qeyd edilib ki, rəsmi Tbilisi sürətlə hərbi texnika almaqda davam edir. Bu sırada separatçılar Tbilisinin ABŞ istehsal olan "Javelin” tank əleyhinə müdafiə sistemləri almasından narahatlığını ifadə edib.
Yeri gəlmişkən, gürcü nəşrlərinin yaydığı xəbərə görə, Rusiya və Gürcüstan diplomatlarının Çexiya paytaxtında keçirdikləri danışıqlarda əsas müzakirə mövzusu Cənubi Qafqaz ərazisindən Rusiya Federasiyasına və geriyə Yerevan-Tbilisi-Qori-Tsxinvali-Vladiqafqaz alternativ yolunun açılması olub. Bu məsələ artıq uzun illərdir ki, müzakirə mövzusudur və bu yolun açılmasını israrla yalvaran məhz Ermənistan tərəfi olub. Məsələ ondadır ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində uzun illərdir ki, mühasirə vəziyyətindədir. Yeganə avtomobil yolu "Verxniy Lars” gömrük buraxılış məntəqəsi vasitəsilə Gürcüstan yoludur. Bu yol da tez-tez sel və daşqınlar, buzlaqların əriməsi səbəbindən başlanır. Yollar boyu Gürcüstan və Ermənistandan gələn yüzlərlə yük avtomobilləri həftələrlə ilişib qalır. Bu yolla müqayisədə daha rahat və təhlükəsiz yol Transqafqaz avtomagistralıdır. Gürcüstanın işğal altında olan Cənubi Osetiya ərazisindən keçən bu yoldan, Ermənistanın istifadə etməsi onun maraqlarına uyğundur. Lakin bunun üçün Rusiya və Gürcüstan arasında razılıq əldə olunmalıdır. Bu razılıq üçün əsas 2011-ci ildə yaransa da, baş tutmadı. "Yüklərin gömrük monitorinqi” adlanan saziş Moskva və Tbilisi arasında həmin il imzalanmışdı. Saziş Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ərəfəsində imzalanmışdı. Lakin Karasin və Abaşidze arasında ötən həftənin sonunda keçirilən danışıqlar göstərdi ki, tərəflər sazişin yekun və əhəmiyyətli detalları ilə bağlı razılığa gələ bilməyiblər. Ümumiyyətlə, Gürcüstan və tanınmamış Cənubi Osetiya arasında gömrük sərhədinin olub-olmayacağı bəlli olmayıb. Q.Karasin Abaşidze ilə görüşdən əvvəl Praqada bəyan edib ki, 2011-ci il ilin sazişi Gürcüstanın sərhədlərinin haradan keçəcəyini müəyyən edib. Rusiyalı diplomatın sözlərinə görə, Gürcüstanın gömrük sərhədi onun keçmiş muxtar respublikaları Abxaziya və Cənubi Osetiya (hazırda Rusiya işğalı altındadır) sərhədləri yaxınlığından keçir. Lakin Abaşidze Praqada keçirilən danışıqlardan dərhal sonra gürcü jurnalistlərə açıqlamasında bildirib ki, Tbilisi erməni yüklərinin Gürcüstanın gömrük postu kimi qəbul etdiyi məntəqələr vasitəsilə keçməsinə yol verməyəcək. Abaşidzenin sözlərinə görə, gömrük məntəqəsinin hər iki tərəfində duran isveçrəli mütəxəssislər gürcü və erməni mallarının gömrük sənədlərinin qeydiyyatı ilə məşğul olmayacaqlar. "Bu məntəqələr "yük axınına nəzarət üzrə terminallar” adlandırılacaq, "gömrük” yox”, - deyə Abaşidze bildirib. Əlavə edib ki, isveçrəli "monitorlar” gömrük prosedurlarını həyata keçirmək hüququna malik deyillər. "Bu onların funksiyası deyil”, - deyə əlavə edib. Abaşidze güclü lobbilərin maraqlarının güclü olmasına baxmayaraq, Gürcüstanın kompromisə gedəcəyinə şübhə ilə yanaşıb. O, məlumat verib ki, danışıqların yekunu ilə bağlı hökumət rəhbərini məlumatlandıracaq. Bundan sonra da yekun qərar qəbul ediləcək. Bu bəyanatlara  və ziddiyyətlərə baxmayaraq, Yerevanda əvvəlki kimi sərhədlərin açılması məsələsində optimist bəyanatlar səsləndirilməkdə davam edirlər. Xüsusən də, bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, Abxaziya vasitəsilə nəinki avtomobil, hətta dəmiryolunun açılışı gözlənilir. Lakin son hadisələr göstərir ki, məsələ həllini tapmayıb və  regional oyunçular bir neçə dəfə danışıqlar stolu arxasında əyləşməli olacaqlar.
Xatırladaq ki, bu yaxınlarda da güclü qar yağması və yolların buz bağlaması Gürcüstandan Rusiyaya gedən yeganə quru - Hərbi-Gürcüstan yolu kimi tanınan Yuxarı Lars (Stepançminda-Lars) yolunun bağlanmasına səbəb olub. Ermənistan tərəfi yolun tez-tez bağlanmasından istifadə edərək, Gürcüstanın milli maraqlarına zidd olan daha bir təklif irəli sürüb. Belə ki, Ermənistan tərəfi "Yuxarı Lars” yoluna alternativ olaraq Gürcüstandan Rusiyaya gedəcək yeni avtomobil yolunun çəkilməsini təklif edib və bununla əlaqədar danışıqlara başlayıb. Amma Gürcüstan hökuməti Ermənistanın bu təklifini qəbul etməyib.
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin məsul işçisi İrakli Kobidze deyib ki, hökumət yuxarı Lars yoluna alternativ yolun çəkilişi ilə bağlı məsələyə baxmağı planlaşdırmır: "Hazırda Gürcüstanı Rusiyaya birləşdirən yeganə Stepançminda-Lars avtomobil yolu var və hamı bu yoldan istifadə etməlidir. İkinci bir yolun çəkilməsi zərurətini də görmürük”.
Onun sözlərinə görə, yolun çəkilişi təkcə maliyyə və infrastruktur baxımından deyil, ekoloji baxımdan da çox çətin məsələdir: "Gürcüstan hələlik Ermənistanın təklifinə konkret cavab verə bilmir. Çünki biz heç bilmirik hansı istiqamətdə yeni yol tikilə bilər. Bu o qədər də asan məsələ deyil. Heç yaxın gələcəkdə də bununla əlaqədar konkret nəsə demək mümkün deyil”.
 
Azər NURİYEV
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000