• cümə, 29 Mart, 18:58
  • Baku Bakı 14°C

Ermənistanın borcu artır, Paşinyanın reytinqi düşür

18.02.19 19:02 435
Ermənistanın borcu artır, Paşinyanın reytinqi düşür
Nikol Paşinyan nə qədər populist və "iqtisadi sıçrayış” xarakterli proqramlar qəbul etsə də, ölkənin xaosa sürükləndiyi göz önündədir. Artıq Ermənistanın dövlət borcu cari ilin ilk aylarından etibarən sürətlə artmağa başlayıb. Bu barədə "Joxovurd” qəzeti məlumat yayıb. Bildirilib ki, keçən ilin dekabrın 31-də qeydə alınan 6,922 milyard dollarlıq dövlət borcu cari ilin 31 yanvarında 6,951 milyard dollara çatıb. Ölkənin xarici borcu ümumi dövlət borcunun 4,996 milyard dollarlıq hissəsini təşkil edib.
"Artıq çoxları bu qənaətə gəliblər ki, Ermənistanın baş naziri Nikol Paşinyan reytinqini qoruyub saxlamaq üçün öz tərəfdarlarını daha böyük şəkildə mobilləşdirməyə ehtiyac duyur”. Bu sözləri erməni mediasına açıqlamasında siyasi texnoloq Armen Bədəlyan parlamentdə hökumət proqramının müzakirəsi zamanı gedən gərginliyi şərh edərkən deyib. Müzakirələr zamanı "Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatlar bildiriblər ki, sənəddə nə bir rəqəm və göstərici, nə də ölkə qarşısında duran başlıca məsələlərin həlli, eləcə də model və mexanizmlər əks olunub. Bədəlyanın qənaətincə, reytinqi qoruyub saxlamaq üçün ya siyasi, sosial-iqtisadi gündəlik, ya da düşmən obrazı yaratmaq gərəkdir: "İndiki hakimiyyətin inkişaf proqramı mövcud deyil. Təqdim olunan proqram isə sadəcə ölkədə menecmentin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı metodlar məcmusudur”.
Ermənistan parlamentində jurnalistlərə müsahibəsində "Ermənistanın tərəqqisi” fraksiyasından olan deputat Mikael Melkumyan isə deyib ki, hökumətin vəd etdiyi sərmayələr beş ildən sonra hətta 2008-ci il səviyyəsinə də çatmayacaq. Paşinyan hökumətinin proqramının iqtisadiyyat bölməsini şərh edən deputat qeyd edib ki, sərmayələrin həcmini ÜDM-nin 23 faizinə qaldırmaq (indiki 15,5 faiz həcmindən) o deməkdir ki, bu göstərici 2008-ci ildəki 41 faiz səviyyəsindən də aşağı olacaq. Onun sözlərinə görə, illik 120 milyon dollar investisiya həddindən artıq azdır, hətta 7-7,5 faizlik iqtisadi artım olsa belə, insanlar öz güzəranında bunu hiss etməyəcək. Deputat onu da əlavə edib ki, ölkə iqtisadiyyatının normal fəaliyyət göstərməsi üçün ildə ən azı 2,5-3 milyard dollar sərmayəyə ehtiyac var. Melkumyan bildirib ki, Ermənistanın kredit resursları ilə bağlı böyük çətinlikləri mövcuddur və bu səbəbdən sahibkarlar üçün əlverişli kreditlər əlçatmazdır.
Ermənistan parlamenti gərgin müzakirələrdən sonra hökumətin "İqtisadi inqilab” adlanan proqramını təsdiq edib.
"168.am” qəzeti isə hakimiyyəti sərt tənqid edən məqalə ilə çıxış edib. "Nə üçün müəllim və pensiyaçılara verilməli olan cüzi, alçaldıcı məbləğdə olan pensiyalar hələ də verilməyib?” Qəzet yazır ki bu məsələ uzun zamandır ki, ictimai dairələrdə və sosial şəbəkələrdə dövlət orqanlarının rəhbərlərinə verilən yüksək məbləğdə mükafatlarla yanaşı müzakirə olunur: "Ötən gün bizə yaranmış vəziyyətin səbəbi bəlli olub. Məsələ ondadır ki, vergiödəmələri sahəsində ciddi problemlər var. Hakimiyyət belə bir illüziya yaratmaq istəyir ki, guya 2018-ci ilin büdcəsi dolub. Əslində isə vəziyyət təqdim olunandan da acınacaqlıdır”, - deyə nəşr yazır.
Bir vaxtlar Paşinyanın əsas ruporu olan "1in.am” saytında müəllif Harnik Gevorqyan Paşinyan hakimiyətini səriştəsizlikdə, yalnız populist bəyanatlar verməkdə ittiham edir: "Baş nazir Nikol Paşinyan inqilabdan sonrakı qısa müddətdə mətbuat konfranslarının birində bildirib ki, vəzifəsinə görə o qədər və elə həqiqətləri dərindən öyrənib ki, hətta bu onu qorxudur. Həmin mətbuat konfransından aylar, inqlabdan, haradasa, on ay keçib. Bu, hökumətin siyasətində həqiqətin nə qədər yer tutduğu, ya onun yalan və saxtakarlığa nə qədər söykəndiyini dəyərləndirmək üçün yetərincə çox zaman dövrüdür. Bu günlərdə parlamentdə hökumətin proqramı qəbul olunub.Hökumət təmsilçiləri onu elə müdafiə və təqdim edirdilər ki, bu, sanki Ermənistanın qurtuluş proqramı idi.Guya son 30 ildə milləti xilas edən ilk strategiyadır. Yalandır. İkiüzlülükdür.Hakimiyyət deputatlarının son üç gündəki çıxışlarında yalan, saxtakarlıq və bəlağət payı o qədər böyük idi ki, istər-istəməz Serj Sarkisyana yaltaqlanan respublikaçıların belə davranışlarını xatırlayırıq”.

Azər

banner

Oxşar Xəbərlər