• cümə, 19 Aprel, 12:42
  • Baku Bakı 25°C

Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı problemləri

05.02.19 18:54 501
Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı problemləri
Bir vaxtlar ölkəsinin Avrasiya İqtisadi İttifaqına üzvlüyünü səhv addım adlandıran Nikol Paşinyan indi artıq bu təşkilata sədrliyi həyata keçirir. Yaranmış qəribəlik Rusiya mediasının da diqqətindən yayınmır. Məsələn, Rusiyanın "Qazeta ru” nəşri yazır ki, Paşinyan təşkilatın fəaliyyətini sabotaj etmək niyyətində deyil. Lakin onun enerji resurslarının ümumi bazarı sahəsində islahatlar aparmaq planları və ABŞ-ı Qarabağ münaqişəsinin nizamlanmasına cəlb etmək istəyi, daxildən iflasla nəticələnə bilər. Ötən həftənin sonu Almatıda Avrasiya hökumətlərarası şurasının iclası ilk dəfə olaraq Ermənistanın sədrliyi ilə keçirildi. Bu ölkə 2019-cu ilin yanvarın 1-dən rotasiya qaydası ilə Avrasiya İqtisadi İttifaqına sədrlik edir. Nəşr yazır ki, buna adi bir məsələ kimi baxmaq olardı. Lakin bir məsələ olmasaydı: "Belə ki, ötən il inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan Ermənistanın quruma neqativ münasibəti ilə seçilir. Hələ deputat olanda Paşinyan, Ermənistanın Aİİ-yə üzv olmasına qarşı səs vermişdi. 2017-ci ildə "Çıxış” bloku fraksiyası onun rəhbərliyi ilə ölkənin qurumdan çıxması barədə məsələ qaldırdı. O zaman Paşinyan bildirdi ki, Ermənistan İttifaqa könüllü deyil, məcburən üzv etdirilib. İndi isə Paşinyan anlatmağa çalışır ki, qəfil addımlar atmaq və adı çəkilən qurumu daxildən dağıtmaq fikrində deyil. Baş nazir Moskvada jurnalistlərə verdiyi açıqlamada bildirib ki, əgər biz hesab ediriksə ki, bu, düzgün addım deyil, bu o anlama gəlməməlidir ki, səhvləri düzəltmək üçün tamam əksinə qərarlar qəbul etmək gərəkdir”. Ən maraqlısı odur ki, baş nazir özünü "təmizə” çıxarmaq üçün ABŞ-ın eks-prezidenti Barak Obama ilə özü arasında paralellik aparıb. "Misal gətirim. Obama hesab edirdi ki, Buş İraqa qoşun yeritməklə səhv addım atıb. Qoşunu yeritdilər və nə əldə etdilər? İslam Dövləti. Hesab edirəm ki, bu, faktdır”, - deyə Paşinyan bəyan edib.
Digər tərəfdən, Paşinyan hesab edir ki, Ermənistan hakimiyyət orqanları quruma üzvlük dövründə iqtisadiyyatı, təhlükəsizliyi dağıtdılar. Onun hesablamalarına görə, İttifaqa üzvlük müddətində Ermənistanın ümum daxili məhsulu 8 faiz aşağı düşüb. Nikol Paşinyan indi istəyir ki, Ermənistanın Aİİ-yə üzvlüyü və KTMT-də iştirakı effektiv və xeyirli olsun. Yumşaq desək, o, əvvəlki iradlarında qalır, sadəcə, fikirlərini indi bir qədər yumşaq ifadə edir. Aİİ-nin effektivliyini isə çoxsaylı ticarət baryerlərinin ləğvi və ümumi iqtisadi məkanın nizamlanması yolu ilə həyata keçirmək istəyir. "Təəssüf ki, bizim Aİİ məkanında inteqrasiya proseslərinin normal inkişaf etdirmək üçün qarşımızı kəsən 60-dək baryer mövcuddur. Bu da Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin daxili nizamlanması ilə bağlıdır. Bu baryerləri aradan qaldırmaq da bizim üçün prioritetdir”, - deyə baş nazir bildirib. Paşinyanı narazı salan həm də enerji resurslarının ümumi bazarının necə formalaşması ilə bağlıdır. O, Aİİ çərçivəsində enerji resurslarının qiymət təşkilini diskriminasiya adlandırıb. Xatırladaq ki, enerji resurslarının ümumi bazarının yaradılması barədə razılıq dövlət başçıları tərəfindən qəbul edilib. Ümumi bazarın 2025-ci ilə kimi yaradılması nəzərdə tutulub. Ermənistan enerji daşıyıcılarının 80 faizini Rusiyadan alır. Hazırda ermənilərə sərhəddə satılan rus qazının qiyməti liderlər səviyyəsində həllini tapır. Paşinyan Rusiya prezidenti Vladimir Putinlə qazın qiymətini iki dəfə müzakirə edib. Nəticə isə o oldu ki, yanvarın 1-dən qazın qiyməti qalxıb – hər min kub metrə görə 150 dollardan 165 dollara yüksəlib. Buna qədər isə Yerevan "Qazprom”a qarşı vergidən yayınma ilə bağlı cinayət işi qaldırıb. Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, qaz konsernində iri məbləğdə vergidən yayınma halları olub. Bundan əlavə Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan "Cənubi Qafqaz” dəmir yollarında da komitə tərəfindən axtarışlar aparılıb. Rusiya nəşri yazır ki, halbuki, Serj Sarkisyanın dövründə Rusiya biznesinə qarşı belə münasibət mövcud olmayıb. Bundan əlavə, rəsmi Yerevan Paşinyan hakimiyyətə gələndən sonra Moskva tərəfindən dost addımı kimi qarşılanmayan bir sıra qərarlar qəbul edib. Rusiya siyasi və işgüzar dairələri ilə sıx əlaqədə olan erməni elitasının nümayəndələrinə qarşı cinayət işləri qaldırılıb. Nəhayət, erməni tərəfi Gümrüdəki rus hərbi bazasına qarşı keçirilən etiraz aksiyalarına da maneçilik yaratmır. Moskvanın da yeni erməni liderinə qarşı ehtiyatlılıq nümayiş etdirməsi təəccüblü deyil və ona müvafiq siqnallar göndərir. Məqalədə daha sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki canlanma, liderlərin görüşlərinin artmasına toxunulub. "Belə hesab edilir ki, Rusiya münaqişənin qaynar mərhələyə keçməməsinin təminatçısıdır. Lakin erməni lider münaqişənin həllində ABŞ və yaxud Aİ-nin dəstəyinə ehtiyac duyarsa, o zaman Rusiyanın statusu aşağı düşəcək və Ermənistan özünü öhdəlik götürmüş hesab etməyəcək. Nəticədə Yerevan Avrasiya deyil, Avropa istiqamətinə doğru irəliləyəcək. Erməni KİV-ləri aşıq şəkildə yazırlar ki, Paşinyan Kremlin himayəsindən çıxır”, - deyə məqalədə bildirilir. Lakin daha sonra ekspertlərə istinadən tələsik nəticə çıxarılmaması tövsiyə edilir. "Obyektiv desək, Ermənistan Rusiyasız yaşaya bilməz. Baxmayaraq ki, Paşinyan Avropa seçimini Ermənistan üçün ən yaxşı variant adlandırır”, - deyə Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Aleksey Makarkin bildirir. Ümumiyyətlə, rəyi soruşulan ekspertlərin gəldiyi yekun qənaət budur ki, Ermənistanın Avropa İttifaqından üz çevirməsi mümkünsüzdür.

Azər
banner

Oxşar Xəbərlər