• cümə axşamı, 18 aprel, 12:31
  • Baku Bakı 22°C

Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv qəbul olunmamasının əsl səbəbi

23.07.14 08:36 1079
Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv qəbul olunmamasının əsl səbəbi
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan yenidən aləmi bir-birinə vurub. Eks-prezident “iLur.am” agentliyinə müsahibəsində ölkəsinin Avrasiya İqtisadi Birliyinə qoşulma prosesinin ləngiməsini şərh edib. O, ölkəsinin ittifaqa daxil olmaq müddətinin texniki səbəbdən ləngimədiyini deyib: «Ermənistan tərəfi texniki problemləri çoxdan həll edib. Səbəb heç iqtisadi xarakter də daşımır. Çünki Ermənistanla Qarabağın iqtisadi-ticarət əlaqələrinin cüzi həcmi (20-30 milyon ABŞ dolları) Avrasiya İqtisadi Birliyinin böyük bazarına nə mənfi, nə də müsbət təsir göstərə bilər. Sualın cavabını siyasi müstəvidə axtarmaq lazımdır. Yəqin ki, Avrasiya İqtisadi Birliyinin qurucuları - Rusiya, Belarus, Qazaxıstan Ermənistan qarşısında açıq şəkildə Qarabağla sərhəddə gömrük postu qurmaq şərtini qoyublar. Ermənistan hakimiyyəti də tələbi yerinə yetirib-yetirməmək seçimi qarşısında qalıb. Hakimiyyət bu və ya digər qərarın ciddi nəticələrinə qiymət vermək məcburiyyətində qalır. Bunu anlamaq üçün böyük ağıl lazım deyil. Əgər tələb yerinə yetirilməsə, Qərblə münasibəti korlanmış Ermənistan boşluqda qalacaq. Tələb yerinə yetirilərsə, Qarabağdakılar özlərini atılmış hesab edəcəklər, qorxu hissləri artacaq, bu, Ermənistanla Qarabağ arasındakı münasibətlərdə gərginliyə səbəb ola bilər. Başqa sözlə, ittifaqa daxil olma prosesinin ləngiməsinin səbəbkarı Rusiya, Qazaxıstan və Belarus yox, Qarabağla sərhəddə gömrük postu qoymaq məsələsinin həllinə açar tapmayan Ermənistandır».
Xatırladaq ki, Ermənistanın himayəsində olan separatçı Dağlıq Qarabağ rejimi həmin bölgəni və Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal altında saxlayır.
Yeri gəlmişkən, eks-prezident son vaxtlar qoşunların təmas xəttində atəşkəs hallarının pozulması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu, müəyyən mənada Qərbin Ermənistana etibar hissinin itməsi ilə bağlıdır. “Assosativ üzvlüklə bağlı sazişə imza atmamaqla Ermənistan bir sıra səhvlərə yol vermiş oldu” - deyə eks-prezident vurğulayıb. Cəbhə bölgəsində baş verənlər isə onun qənaətincə, Ermənistanda müharibə ehtimalını gücləndirə bilər. Eks-prezident ölkədaxili vəziyyətə toxunaraq hakimiyyəti ölkə qarşısında duran çağırışlara əməl etməməkdə ittiham edib: “Rejim bu çağırışlarla ciddi məşğul olmaq əvəzinə, ölkə Konstitusiyasının dəyişməsinə diqqət ayırır. İndiki hakimiyyət xalqa qarşı elə addımlar atır ki, bu, bizimlə düşmənçilik edən heç bir dövlətin ağlına belə gəlməzdi”.
Qeyd edək ki, Ermənistanın birinci prezidenti az əvvəl də prezident Serj Sarkisyanı tənqid atəşinə tutub. Ermənistanın iyunun 15-dək Avrasiya İqtisadi Birliyinə qoşulması üçün Serj Sarkisyanın Rusiya, Belarus və Qazaxıstan prezidentlərinə müraciətini şərh edən Ter-Petrosyan məqaləsində yazıb: “Bundan sonra Sarkisyanın hakimiyyətinin legitimliyi Rusiyadan asılı olduğu üçün tələsir. Çünki Ermənistan birliyə tamhüquqlu üzv kimi yox, “alçaldılmış təbəə” kimi daxil olur. Serj Sarkisyan Avrasiya İqtisadi Birliyinə tələsik daxil olmaq və prezident Putinin rəğbətini qazanmaq xətrinə istənilən güzəştə, Rusiyanın təklif etdiyi istənilən sənədi şərtsiz qəbul etməyə, istənilən təhqiri həzm etməyə hazırdır. O, qaz müqaviləsini köləcəsinə susaraq qəbul etdi. Gömrük İttifaqına daxil olmaq üçün bir həftə ərzində lazımi sənədləri qəbul etdi, bu ittifaq çərçivəsində dəfələrlə alçaldı”.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olub-olmayacağı məsələsi isə hələ ki, açıq qalır. Hələ mayın 29-da Astanada keçirilən birliyin geniş tərkibli iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin “Ermənistan ÜTT-yə BMT tərəfindən tanınan beynəlxalq sərhədlər çərçivəsində üzv qəbul olduğu üçün, eyni qaydalar Avrasiya İqtisadi Birliyinə daxil olarkən də keçərlidir” deməsilə Ermənistanın birliyə yolu kəsilmişdi. İndi isə Ermənistan hökumətinin rəhbəri Ovik Abramyan bildirir ki, üzvlük məsələsi ilin sonuna kimi baş tutacaq. Lakin baş nazir ölkəsinin bu birliyə işğal etdiyi Dağlıq Qarabağ və ya onsuz daxil olub-olmayacağı haqqında heç nə deməyib. Politoloqlar bu fikirdədir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasında ortaya çıxan ciddi maneələri ölkə rəhbərliyi öz xalqından gizlətməyə çalışır. Rusiya istəyir məsələni hər iki tərəfi qane edəcək səviyyədə, xüsusilə Azərbaycanı qane edəcək səviyyədə həll etsin və hər iki ölkəni eyni vaxtda birliyə daxil etsin.
Xatırladaq ki, Rusiya, Belarus və Qazaxıstan Avrasiya İqtisadi Birliyi müqaviləsini mayın 29-da Astanada imzalayıblar. Müqavilə 2015-ci ilin yanvarında qüvvəyə minəcək. Daha əvvəl Qazaxıstanın xarici işlər naziri Erlana İdrisova Ermənistanın müqaviləyə qoşulacağı barədə razılığa gəldiklərini və çox güman ki, müqavilənin oktyabrda növbəti sammitdə imzalanacağını bildirmişdi.
Ümumiyyətlə, əksəriyyət hesab edir ki, Rusiyanın bu təşkilatı işlək bir mexanizm olmayacaq, onun perspektivi yoxdur. Bəli olduğu kimi, Gömrük İttifaqının əsas nüvəsini Rusiya təşkil edir. Rusiya iqtisadiyyatı isə əvvəlki kimi neft və qaz satışından asılıdır. Belarusda da iqtisadi vəziyyət ağırdır. Bu ölkə Rusiyanın ianələrindən asılıdır. Yeganə olaraq Qazaxıstan müəyyən iqtisadi uğurlar qazanıb. Bəzən bu ölkə də problemlərlə üzləşir. Gələcəkdə üzv ölkələrin problemləri Gömrük İttifaqında üzə çıxa bilər. Ona görə də bu ittifaqda ortaq mexanizm, işlək struktur olmalıdır ki, üzv dövlətlərin problemlərini həll etmək iqtidarında olsun. Misal üçün, Yunanıstanda yaranan iqtisadi böhran zamanı Avropa İttifaqı toplaşıb qərar qəbul etdi, ora böyük yardımlar edildi, ölkənin bataqlıqdan çıxması üçün tədbirlərə əl atıldı. Gömrük İttifaqında bu necə tənzimlənəcək, bəlli deyil. Məsələn, tutaq ki, quruma üzv olmaq istəyən Ermənistanda iqtisadi durum daha da ağırlaşdı. Gömrük İttifaqı öz üzvünü bu vəziyyətdən necə çıxaracaq, Qazaxıstan, yaxud Belarus Ermənistana yardım edəcəkmi? Bu ağlabatan görünmür. Nəticədə Ermənistanla bağlı əsas yük yenə də Rusiyanın üstünə düşəcək və Moskva yenə də sədəqələr vermək məcburiyyətində qalacaq. Rusiya iqtisadiyyatı isə bu cür böyük yükə tab gətirə bilməyəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər