• cümə axşamı, 28 mart, 15:51
  • Baku Bakı 16°C

Ermənistanın Almaniyadakı səfiri cinayətkar şəbəkəyə rəhbərlik edib?

06.11.18 20:32 615
Ermənistanın Almaniyadakı səfiri cinayətkar şəbəkəyə rəhbərlik edib?
Erməni cinayətkar şəbəkəsinin dünyanın müxtəlif ölkələrindəki fəaliyyəti ilə bağlı çoxsaylı faktlara daha birisi əlavə olunub. Bu dəfə ermənilərdən ibarət cinayətkar şəbəkə Avropanın ən qüdrətli dövləti hesab edilən Almaniyanı bir-birinə vurub. Bu ölkənin nüfuzlu "Der Spiegel” qəzeti və "Mitteldeutscher Rundfunk” ictimai teleradio şirkətinin birgə apardığı təhqiqata görə, Almaniyanın federal polisi erməni mafiyası üzvlərinin aşkarlanması üçün üç il müddətində araşdırma aparıb. Media qurumlarının araşdırmasından sonra üzə çıxan ən biabırçı məqam odur ki, bu işdə hətta Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın da adı keçir. "Azadlıq” radiosunun erməni xidmətinin yazdığına görə, erməni mafioz qruplaşmalarının aşkarlanması üçün Almaniya polisində FATIL (fight against thieves in law – qanuni oğrularla mübarizə) kod adlı xüsusi əməliyyat hazırlanıb. Tamamilə məxfi aparılan bu əməliyyatda Almaniya polisinə İspaniya, Belçika, İtaliya və Fransanın hüquq-mühafizə orqanları dəstək veriblər. Təhqiqat zamanı aydın olub ki, erməni mafioz qruplaşmaları Almaniyada güclü şəbəkə yarada biliblər. Buna baxmayaraq, dəlillərinin azlığı şübhəlilərin həbs olunmasına uzun müddət imkan verməyib. Almaniya jurnalistləri yazırlar ki, erməni cinayətkar qruplaşmaları polisin diqqətini 2014-cü ildən cəlb edib. Həmin il Erfurt şəhərinin kazinosunda iki erməni qruplaşması arasında atışma olmuşdu. Şahidlərin dediyinə görə, atışanlar kazinoya bahalı avtomobillərdə gəlmişdilər. Bu hadisə zamanı 27 və 54 yaşlarında olan iki erməni yaralanmışdı. Hazırda hüquq-mühafizə orqanları 42 şübhəliyə qarşı 14 cinayət işi qaldırıb. Kazino atışmasından sonra da sakitliyin yaranmadığı deyilir. Bundan sonra Almaniyada yaşayan ermənilərdən birinin restoranına hücum edilib. Mətbuatda dərc olunan xəbərlərdə bir sıra nüfuzlu və tanınmış ermənilərin adları çəkilirdi. Bunların arasında məşhur erməni boksçular Artur Abraam və Karo Murat da vardı. Lakin polis onlara qarşı kifayət qədər dəlil toplaya bilməyib. Mətbuat yazır ki, polis, erməni mafiyasının Rusiya-Avrasiya regionundan olan başqa qruplaşmalarla sıx bağlarının olduğunu aşkar edib.
Bu arada nüfuzlu Almaniya media qurumlarının yazdığına görə, Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyan Türingiya polisinin rəhbəri ilə görüşərək, erməni kriminal qruplaşmalarının aşkarlanması üçün Yerevan polisinin köməyini vəd edib. Lakin Almaniya polisi erməni diplomatla əməkdaşlıqdan imtina edib. "Der Spiegel” yazır ki, polis mafioz qruplaşmaların Ermənistanın siyasi hakimiyyəti ilə birgə fəaliyyət göstərdiyi qənaətindədir. Bundan əvvəl, 2008-ci ildə hələ səfirliyin əməkdaşı olan Smbatyandan, beynəlxalq qaçaqmalçılıqda şübhələnirdilər. Ötən həftə həm də əlavə olaraq Ermənistanın Lixtenşteyndəki səfiri təyin edilmiş Smbatyan, özünə qarşı bütün iddiaları rədd edir. Almaniya ictimai televiziyasının erməni mafioz qruplaşmalar barədə çəkdiyi sənədli film efirə verilib. Almaniyanın hüquq-mühafizə orqanlarındakı istintaq materiallarında "qanuni oğrular” Rusiya-Avrasiya mütəşəkkil cinayətkarlığının ən yüksək avtoritetləri kimi göstərilib. Həmin sənədlərdə qeyd olunur ki, bu avtoritetlər Almaniyadakı erməni mafiyası strukturlarını da idarə edir.Qeyd edək ki, Ermənistanın keçmiş hakimiyyəti, o cümlədən prezident Serj Sarkisyan və qardaşı kriminal qruplaşmalarla sıx əlaqələrə malik idi. Erməni əsilli bəzi "vor zakon”ları hətta Sarkisyanla bir məclisdə görmək olurdu. Almaniyanın Federal Cinayət Polisinin məxfi məruzəsində erməni mafiyasının maliyyə fırıldaqçılığı, oğurluq, tütün və mühacir qaçaqmalçılığı, cinayətkar qruplaşmaların yaradılması və digər cinayətlərlə məşğul olduğu yazılıb:"Küllü miqdarda maliyyə resurslarına sahib erməni mafiyası Almaniyadakı hüquqi dövlətin əsaslarını təhdid edir”. Hətta vurğulanır ki,aparılan istintaq çərçivəsində, olduqca təhlükəli olan erməni mafiyasının cinayətkar üzvlərinin ələ keçirilməsi üçün Federal Cinayət Polisinə Almaniyanın Federal Kəşfiyyat Xidməti və beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizəni koordinasiya edən "Avropol” (Avropaİttifaqının polis xidməti) da kömək edirlər.Lakin dəlillərin yetərsizliyi üzündən istintaqın nəticələri ciddi həbslərin icrasına imkan vermir. Cinayətkarlar qanuni dövriyyəyə buraxmaq üçün, qanunsuz yolla əldə etdikləri pulları daşınmaz əmlaka yatırırlar. Lakin polis pulun qanunsuz mənbələrdən gəldiyini sübut edə bilmir. İstintaqda iştirak edən polislərdən birinin sözlərinə görə, erməni cinayətkar qrupları arasında təcrid, olduqca yüksək səviyyədədir ki, bu da erməni mafiya şəbəkəsinin izi ilə sonadək getməyi çətinləşdirir.
Xatırladaq ki, 4 ay bundan əvvəl İspaniya təhlükəsizlik qüvvələridə Avropadakı ən böyük və təhlükəli erməni mütəşəkkil cinayətkar qrupunun qanunsuz əməllərinə son qoymaq üçün irimiqyaslı xüsusi əməliyyat keçirmişdi. Eyni vaxtda İspaniyanın 6 regionunda keçirilən 70-dən çox operativ-axtarış əməliyyatı nəticəsində, erməni mafiyasının qanunsuz silah və narkotik satışı, tütün məhsullarının qaçaqmalçılığı, çirkli pulların yuyulması və gizli cinayətkar qruplaşmaların yaradılmasında şübhəli bilinən 140 üzvü həbs edilib.
Son məlumatlara görə, Ermənistan XİN Almaniyanın müvafiq orqanları ilə məsələ ilə bağlı birgə fəaliyyətə başlayıb. Bunu, xarici işlər nazirinin müavini Karen Nazaryan bildirib. Deputatların məsələ ilə bağlı suallarını cavablandıran nazir müavini bildirib ki, məsələnin həssas olması səbəbindən, əlavə bir şərh vermək istəmirlər.

Azər
banner

Oxşar Xəbərlər