• cümə, 29 Mart, 12:53
  • Baku Bakı 14°C

Ermənistanın ağır sosial-iqtisadi durumu

23.05.19 20:09 684
Ermənistanın ağır sosial-iqtisadi durumu
Ermənistanın sosial-iqtisadi vəziyyəti günbəgün pisləşir. Hətta ötən il baş verən hakimiyyət dəyişikliyindən sonra baş nazir postuna sahib olan Nikol Paşinyan ölkənin iqtisadi durumunun yaxşılaşdırılması ilə bağlı vədlər versə də, faktiki olaraq bunu reallaşdıra bilməyib. Elə bu günlərdə Amerikanın "Gallup İnternational Association” şirkətinin Ermənistanda apardığı sosioloji araşdırmaların nəticələri də ölkə vətəndaşlarının fikirlərini açıq şəkildə ortaya qoyur. Belə ki, sosioloji sorğu Ermənistan əhalisini ən çox narahat edən məsələləri üzə çıxarıb. Araşdırmaların nəticələri isə diqqəti çəkməyə bilməz. Çünki erməniləri ən çox narahat edən məsələnin Qarabağ yox, işsizlik olduğu üzə çıxıb.
Belə ki, rəy sorğusuna əsasən Ermənistan vətəndaşlarının 45 faizi dövlət üçün ən mühüm problemin işsizlik olduğunu düşünürlər. Qalan 40.5 faiz isə ölkədəki iqtisadi situasiyanı narahatedici hesab ediblər. Rəyi soruşulanların 26.8 faizi aşağı maaşlardan və pensiyalardan narahatdır.
Qarabağ məsələsi isə erməniləri narahat edən ən başlıca məsələlər arasında 4-cü yerdədir. Vətəndaşların cəmi 26.1 faizi Dağlıq Qarabağ məsələsini Ermənistan üçün ən vacib hesab edib. Qalan üç məsələ isə mühacirət, korrupsiya və terrorçuluqdur.
Bu rəy sorğusunun nəticələri də göstərir ki, Ermənistanda hər keçən gün iqtisadi səfalət, yoxsulluq və işsizlik dayanmadan artır. Əvvəlki illərlə müqayisədə Ermənistan əhalisi üçün Qarabağ məsələsi o qədər önəm kəsb etmir. Bu sorğunun nəticələri Ermənistanla bağlı hansı təsəvvürü yaradır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, sorğunun nəticələri Ermənistanın daxilindəki vəziyyətə tam uyğundur: "Çünki bu ölkənin iqtisadi baxımdan böyük çatışmazlığı var və Nikol Paşinyanın vəd etdiyi hələ də baş tutmur. Bu iqtisadi inqilabın baş tutması üçün də heç bir işartı yoxdur. Axı bir ölkənin beynəlxalq əhəmiyyətli layihələrdən təcrid olunduğu məqam göz önündədir. Digər tərəfdən də, heç bir canlanma yoxdur. İndiki halda Ermənistan iqtisadiyyatına heç bir dövlət, iri transmilli şirkətlər, ciddi işgüzar dairələr investisiya yatırmaq istəmirlər. Deməli, burada iş yerlərinin olmadığı artıq aydın sezilir. Digər tərəfdən, əgər iş qabiliyyəti olan müəssisələrin sayı son dərəcə azdırsa və onların istehsal etdiyi milli məhsul heç bir şeyə yaramırsa, yəni az miqdarda ölkəyə qazanc gətirirsə, deməli, Ermənistanda həm pensiyalar, həm təminatlar, sosial yardımlar və sair aşağı olmalıdır. Bütün bu indekslərin hamısı ölkənin qazancına bağlıdır. Əgər ölkənin qazancı varsa, ixrac potensialı artırsa, demək ki, o ölkə özünü dolandıra bilir”.
T.Abbasov qeyd etdi ki, əgər 10 il bundan əvvəl Ermənistanda hər hansı bir sorğu keçirilsəydi, respondentlər ilk olaraq onları narahat edən məsələ kimi Qarabağ problemini vurğulayardılar: "Amma indiki sorğudan da göründüyü kimi, digər məsələlər Qarabağ məsələsindən önə keçib. Bu da onu göstərir ki, artıq ermənilər şüurlu şəkildə anlayırlar ki, Qarabağ məsələsinin məngənəsində çapalaya-çapalaya qalıblar. Əgər belə gedərsə, onlar həqiqətən də iflasa uğrayacaqlar və bunun başqa yolu yoxdur”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, Ermənistan əhalisi üçün Qarabağ məsələsi problem deyil: "Ermənistan elə bir vəziyyətə düşüb ki, bu ölkənin sosial-iqtisadi problemlərinin həlli daha vacibdir. İndiki halda Ermənistanı boşaldan, dağıdan məhz sosial-iqtisadi problemlərdir. Elə başa düşürəm ki, erməni xalqı bir il bundan qabaq məhz Paşinyanı Qarabağ probleminin həll etmək üçün hakimiyyətə gətirdi. Çünki Paşinyan "Qarabağ klanı”nın üzvü deyil, ermənistanlıdır. Həm də Paşinyan Ter-Petrosyanın tərəfdarıdır, eks-prezident də Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı idi. Ona görə, əhali Paşinyanı hakimiyyətə gətirdi. İndi isə Paşinyan ona dəstək verən erməni xalqına qarşı nankorluq edir və onların mövqeyini inkar edir. Əgər bir müddət belə davam etsə, ermənilər Paşinyanın da əleyhinə çıxacaq. Yəni bu, demək olar ki, son nöqtədir. Çünki Paşinyan bir ildir hakimiyyətdədir, sosial-iqtisadi problemlərin həllində heç bir irəliləyiş yoxdur”.
M.Əhmədoğlu vurğuladı ki, əslində "Gallup İnternational Association” şirkətinin keçirdiyi rəy sorğusu Qarabağ məsələsinin həlli ilə bağlı Paşinyana bir mesajdır: "Həmin sosial-iqtisadi problemlərin heç biri olmaya bilərdi və ya indiki halda da olmaya bilər. Bunun üçün də yeganə qayda var və Azərbaycan tərəfi də buna hazırdır. Bu da ondan ibarətdir ki, Paşinyan Dağlıq Qarabağ problemini ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırladığı yenilənmiş Madrid prinsipləri əsasında həll etməlidir. Yəni Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmalıdır və ölkəmizlə əməkdaşlıq etməlidir. Azərbaycanla iqtisadi əməkdaşlıq qurmaq Ermənistan üçün çox sərfəlidir və bu ölkəni indiki durumdan xilas edəcək. Bir məqamı qeyd edim ki, Dağlıq Qarabağ münaqişəsi başlamamışdan əvvəl Ermənistanın dövlət büdcəsi yeddi milyard dollar idi, amma indi bu məbləğ qədər borcu var. O dövrdə bütün dünya Ermənistanın tərəfində idi, amma indi bir qonşu dövləti çıxmaq şərti ilə Rusiya, ABŞ, Fransa belə, onlara lazımi dəstək vermir. 1988-ci ildə bütün ermənilər mehriban idi, 15 milyonluq bir dövlət qurmaq istəyirdilər, amma indi bütün dünya üzrə 6-7 milyon erməni qalmayıb. Yəni bunlar hamısı onu göstərir ki, Dağlıq Qarabağ probleminin həll olunmaması Ermənistanı hansı vəziyyətə salıb. Əslində "Gallup İnternational Association” şirkətinin keçirdiyi rəy sorğusu erməni xalqının Ermənistan rəhbərliyinə qışqırtılı mesajıdır”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər