• cümə axşamı, 25 aprel, 09:24
  • Baku Bakı 14°C

Ermənistanın “ağanı dəyişmək” tərəddüdləri sona çatır

08.11.18 19:24 567
Ermənistanın “ağanı dəyişmək” tərəddüdləri sona çatır
Qərb, yaxud Rusiya - deyəsən, Ermənistanın hazırkı hakimiyyəti artıq ikincinin üzərində dayanmaq fikrini qətiləşdirib. Məsələ ondadır ki, inqilabdan sonra hakimiyyət birmənalı olaraq əsas prioritetinin antirus, qərbyönümlü olduğunu bəyan edirdisə, zaman keçdikcə artıq bu siyasət dəyişməyə doğru gedir. Ermənistan rəhbərliyi Rusiyadakı səfiri Vardan Toqonyanın dili ilə Qərbə inteqrasiya olunacaqları barədə ehtimalların üstündən birdəfəlik xətt çəkmiş olub.
Rusiyanın "Moskovski komsomolets” qəzetinə müsahibəsində səfir dekabrın 9-da keçiriləcək seçkilər, mövcud durum və seçkilərdən sonra prioritetlərin hansı istiqamətləri əhatə edəcəyini açıqlayıb. Səfir əvvəlcə ABŞ prezidentinin müşaviri Con Boltonun Ermənistanı "tarixi ənənəni” pozaraq Birləşmiş Ştatlarla münasibətləri genişləndirmək siyasətinə üstünlük vermək barədə bəyanatını şərh edib. İddia edib ki, tarixi yaddaşa hörmət edərək yeni Ermənistan qurmağa çalışırlar. "Bizim xarici siyasətimizdə ölkəmizi geosiyasi döyüşlərin və ya geosiyasi rəqabətin arenasına çevirmək barədə heç bir göstəriş yoxdur”, - deyə səfir vurğulayıb. Onun sözlərinə görə, ABŞ prezidentinin müşavirinin nə dediyini başa düşmürlər. "Bütün millətlər kimi ermənilər də reallığın tarixi hissəsində öz gələcəyini qurub. Mənim fikrimcə, tarixə hörmət etmək lazımdır. Buna baxmayaraq, uzun müsahibəsində cənab Bolton Ermənistan-Türkiyə sərhədinin açılması ehtimalı haqqında danışdı, güman ki, Ermənistan-Türkiyə münasibətləri ilə əlaqədar fikirlərini tarixi keçmişə əsaslandırır. Rusiyalılarla əlaqələrimizdən danışarkən, nəzərə almaq lazımdır ki, bizim ortaq keçmişə bağlı olan bir neçə əsrlik mənəvi və mədəni əlaqələr tariximiz var. Strateji tərəfdaşlıq səviyyəsindəki hərbi-siyasi, mənəvi və mədəni sahələrdəki əlaqələrimizi də nəzərə alsaq, bizim qurduğumuz xarici siyasətin istiqamətini görmək o qədər də çətin olmamalıdır”, - deyə səfir vurğulayıb.
Rusiyalı jurnalist bir müddət əvvəl Nikol Paşinyanın Ermənistanın ABŞ-la münasibətlərə geniş yer ayırmalı olduğu barədə bəyanatını səfirin diqqətinə çatdıranda, qarşı tərəfin cavabı bu olub ki, baş nazirin fikirləri kontekstdən çıxarılıb. Onun sözlərinə görə, Ermənistanın xarici siyasətində Rusiyanın yeri dəyişməyəcək. Əlavə edib ki, Ermənistan üçün Rusiya ilə strateji münasibətlər toxunulmazdır. Bildirib ki, əksinə, yeni hökumət Rusiya ilə bir sıra layihələr – iqtisadi, humanitar layihələr üzərində iş aparır. O ki qaldı Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına - diplomat bildirib ki, bu qurumlarla bağlı bir təhlükə yoxdur. Maraqlıdır ki, jurnalist baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın bir vaxtlar Ermənistanın Aİ-dən çıxmasını nəzərdə tutan qanun layihəsinə toxunmayıb.
Ermənistanda baş verənləri Moldova ilə eyniləşdirən jurnalist burada da parlament və hökumət arasında ziddiyyətlərin pik həddə olduğunu xatırladıb. Diplomat əminliklə bildirib ki, ölkə yeni parlament seçkilərinə hazırlaşır və seçkilərdən sonra baş nazirin yeni siyasi qüvvəsi yaranacaq. Maraqlıdır, seçkilərə xeyli vaxt qaldığı halda, səfir artıq indidən Paşinyanın qələbə qazanacağına əminlik ifadə edib. Səfir ölkəsinin Moldova ilə eyniləşdirilməsinə qarşı olduğunu, ölkənin tam şəkildə parlament respublikasına çevrildiyini bildirib.
"Bu gün Ermənistanda vətəndaş sülhünə təhlükə mövcuddurmu” sualına "xeyr, belə təhlükə yoxdur” deməklə kifayətlənib. Halbuki, baş nazir kimi fəaliyyətə başladıqdan sonra Paşinyan tərəfindən əvvəlki hakimiyyət təmsilçilərinə qarşı total hücum start götürüb, həbslər pik həddə çatıb. Məsələ o həddə çatıb ki, Rusiya ən yüksək səviyyədə buna narazılığını ifadə edib. Barəsində həbs qərarı çıxarılan eks-prezident Robert Koçaryanı isə Rusiya prezidenti Vladimir Putin ad günü münasibətilə təbrik etməklə Paşinyan hakimiyyətinə ciddi zərbə vurmuş olub. Səfir isə müsahibəsində ölkədə vətəndaş sülhündən, müxalifətə qarşı hansısa bir təzyiq göstərlməməsindən dəm vurur. V.Toqonyan Koçaryanın siyasi səhnəyə qayıtma ehtimalı və ölkədə sabitliyin pozulmasında rol oynaya biləcəyinə də toxunub. Səfir sevincək bildirib ki, eks-prezident bütün proqnozların üstündən xətt çəkərək qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini bildirib: "Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə siyasi arenada onu görməyəcəyik”.
Maraqlıdır, rusiyalı jurnalist də hesab edir ki, Ermənistanda inqilab eyforiyası hələ də davam edir. Onun bu fikrini diplomat da etiraf etməli olub və razılaşıb ki, bu müddət ərzində ölkədə hansısa bir dəyişiklik baş verməyib. Sadəcə, hökumətin bu istiqamətdə işlər aparmaq niyyətində olduğunu deməklə kifayətlənib.
Jurnalistin Ermənistan ərazisindəki ABŞ laboratoriyalarının (onların sayı üçdür) nə ilə məşğul olduqları və onların ətraf ölkələr üçün təhlükə mənbəyi olub-olmadığı barədə sualına gəldikdə, diplomat bildirib ki, onlar dövlətin nəzarətindədir. Əlavə edib ki, Rusiya tərəfinə bu laboratoriyalara baxmağa imkan yaratmağa hazırdırlar. Çox güman ki, onun bu sözləri qarşı tərəf, yəni Birləşmiş Ştatlara xoş gəlməyəcək.
Gözlənildiyi kimi, qəzet əməkdaşı diplomata Ermənistanda rus dili ilə bağlı gərgin vəziyyətdən narahatlığını ifadə edən sual da ünvanlayıb. Səfir bu sahə ilə bağlı hər hansı bir problem yaşanmadığını, əksinə, rus dilinə yüksək yer verildiyini, məktəb və ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyini iddia edib. Halbuki, Rusiya tərəfi ən yüksək səviyyələrdə Ermənistanın monoton dövlətə çevrildiyini, rus dilinin ölkədən tamamilə sıxışdırılıb çıxarıldığını dəfələrlə bildirib. Səfir erməni xislətinə uyğun olaraq yalanını o həddə çatdırıb ki, hətta Ermənistanda rusdilli məktəblərin durmadan artdığını da iddia edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər