• şənbə, 20 Aprel, 17:18
  • Baku Bakı 23°C

Ermənistanı üzvü olduğu təşkilatda da saymırlar

12.11.18 19:36 714
Ermənistanı üzvü olduğu təşkilatda da saymırlar
Ötən həftə Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti keçirildi. Bu sammitdə bir çox məsələlər müzakirə edildi. Lakin diqqət çəkən məqamlardan biri qurumun baş katibliyi postu məsələsində digər üzv dövlətlərin Ermənistana qarşı çıxması oldu. Son illər ərzində heç bir beynəlxalq təşkilatın rəhbər qurumlarında təmsil olunmayan Ermənistan rotasiya qaydasında KTMT-də əldə etdiyi baş katib postunu itirdi.
Rusiya mediasının yazdığına görə, sammitdə hətta erməni baş nazir əvəzi Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında mübahisə yaşanıb. Məsələ ondadır ki, Paşinyan Astana sammitində KTMT baş katibliyinə həmin vəzifədən kənarlaşdırılmış Yuri Xaçaturovun yerinə digər ermənini - sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı keçirmək, quruma rəhbərliyi öz əlində saxlamaq istəyirdi. Lakin Belarus prezidenti Lukaşenko və qazaxıstanlı həmkarı Nursultan Nazarbayev buna qarşı çıxıblar. Artıq qurumun baş katibi vəzifəsinə Bakı Ali Hərbi Məktəbinin məzunu, general Stanislav Zasın namizədliyi irəli sürülüb. Bu fakt bir daha sübut edir ki, Ermənistan üzv olduğu təşkilatda belə söz sahibi deyil. Əslində bu vəziyyət nədən xəbər verir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, KTMT-nin son toplantısı Ermənistanın siyasi nüfuzunu itirmiş dövlət olduğunu bir daha təsdiq etdi: "Bu ölkənin Koçaryanın, Sarkisyanın dövründə də nüfuzu yox idi. Ermənistanın apardığı daxili və xarici siyasət problemlərinin daha da ağırlaşmasına gətirib çıxarıb. Ermənistan hər hansı beynəlxalq təşkilatda müvafiq orqanlara seçilmək üçün səslər toplaya bilmirdi. Hətta onların irəli sürdüyü təkliflər birmənalı olaraq qəbul edilmirdi. Ermənistanın regionla, Dağlıq Qarabağla bağlı irəli sürdüyü fikirlər də heç vaxt dəstəklənmirdi. Hakimiyyət dəyişikliyindən sonra bu ölkədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni erməni baş katib göndərilməsi məsələsində digər üzvlər Ermənistanı dəstəkləmədilər. Bu quruma üzv olan ölkələr bildirdilər ki, beynəlxalq hüquq hansısa bir ölkənin milli maraqlarından qat-qat üstündür. Gərək Paşinyandan soruşaydılar ki, hansı səbəbdən cinayətkar generalı beynəlxalq hərbi blokun rəhbərliyinə təqdim ediblər? Orada tamamilə düzgün vurğulandı ki, baş katibliyin icrası ilə bağlı qalan bir il müddətində Ermənistandan gələn yeni namizəd sadəcə olaraq vəziyyəti tam öyrənə bilməyəcək. Buna görə də ardıcıllıqla baş katib postu digər ölkələrə keçməlidir. Bu səbəbdən də KTMT-yə rəhbərlik etmək üçün Ermənistan hələ on beş il gözləməlidir. Çünki digər ölkələr hərəsi 3 il baş katib postunu yerinə yetirdikdən sonra növbə 2033-cü ildə Ermənistana gəlib çata bilər”.
A.Mirzəzadə baş katibliyi əldə saxlamaq üçün Paşinyanın etdiyi israrlara toxunaraq vurğuladı ki, bu gün Ermənistanın beynəlxalq arenada qazandığı hər hansı nailiyyət yoxdur: "Digər dövlətlər siyasi nüfuzuna, apardığı siyasətə görə bu və ya başqa təşkilatlarda çox yüksək səviyyədə təmsil olunurlar. Ermənistanın yeganə rotasiya qaydası ilə KTMT-də baş katib postuna öz nümayəndəsi var idi və buna görə də həmin o postu saxlamağa çalışırdı. Eyni zamanda baş nazir Paşinyan bilir ki, Ermənistanın həmin o yeri itirməsi dekabrın 9-da keçiriləcək parlament seçkilərində onun müəyyən qədər siyasi çəki itkisinə səbəb ola bilər. Yəni, bu detallar nəzərə alınaraq, baş katiblik postu ilə bağlı təkidlər edilirdi. Ancaq Ermənistanı bir daha başa saldılar ki, beynəlxalq hüquq deyilən bir anlayış var və Yerevan bütün məsələlərdə onu yerinə yetirməyə məcburdur”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, Ermənistan nə üzv olduğu KTMT-də, nə də Avrasiya İttifaqında söz sahibi deyil və bu ola da bilməz: "Ümumiyyətlə, Ermənistan bir dövlət kimi demək olar ki, minimum regional təşkilatlarda təmsil olunub və onun təmsilçiliyi daha çox zərurətdən irəli gəlib, nəinki istəkdən. Məsələ ondadır ki, Astanada Belarus prezidenti Lukaşenko və Ermənistanın baş nazir əvəzi Paşinyan arasında ciddi söz güləşdirməsi baş verdi. Burada Paşinyan çox arxayın şəkildə bildirib ki, 2020-ci ilə qədər Ermənistanın vaxtı var və bu zamana qədər yeni baş katib öz ölkəsindən olmalıdır. Ona görə də Paşinyan Lukaşenkonun ciddi təpkisi ilə qarşılaşdı. Çünki Ermənistanın axır vaxtlar apardığı siyasət Belarus liderinin də xoşuna gəlmir. Bu səbəbdən də Lukaşenko təklif edib ki, namizəd Belarusdan olmalıdır. Çünki rotasiya qaydasına görə növbə məhz Belarusdadır. Bu məsələdə Qazaxıstan prezidenti Nazarbayev də Lukaşenko ilə birlikdə Paşinyana qarşı çıxıb. Artıq erməni kütləvi informasiya vasitələri bununla bağlı öz həyasızlıqlarını nümayiş etdiriblər. Erməni mətbuatı qeyd edir ki, Lukaşenko və Nazarbayev Azərbaycanın milli maraqlarını KTMT-də təmsil edirlər və Paşinyana qarşı hücuma keçiblər”.
Z.Məmmədov əlavə etdi ki, bu vəziyyət Ermənistanın birbaşa işğalçılıq siyasəti ilə əlaqədardır: "Onların bütün qonşu və region ölkələrinə qarşı ərazi iddiaları var. Ermənilər hansısa fantaziyalarının reallaşması uğrunda hər şeyə qadir və hazır olduqlarını bildirirlər. Təbii ki, son illər Ermənistanın reytinqinin aşağı düşməsini görürük. Bunu Azərbaycan tərəfi olduğumuz üçün demirik. Amma əlbəttə ki, bu, Azərbaycanın apardığı siyasətlə bağlıdır. Daim bütün kürsülərdə, rəsmi və qeyri-rəsmi görüşlərdə biz Ermənistanın iç üzünün açılmasına çalışırıq və artıq bu öz bəhrəsini verməkdədir. Əgər illər əvvəl Ermənistanı yazıq dövlət və xalq kimi tanıyırdılarsa, indi bu belə deyil”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər