• çərşənbə, 24 Aprel, 00:46
  • Baku Bakı 14°C

Ermənistanı məhvə sürükləyən xaotik idarəçilik

03.06.19 17:21 486
Ermənistanı məhvə sürükləyən xaotik idarəçilik
Ermənistanın yeni rəhbərliyinin xaotik idarəçilik siyasəti öz "bəhrəsini” verməkdədir. Demək olar ki, hər həftə ölkədə aksiyalar, qalmaqallı insidentlər ara vermir. Sözsüz ki, bu qalmaqalların ən böyüyü baş nazir Nikol Paşinyanın məhkəmə binasına hücumu, onun qərarına qarşı çıxması oldu. Bu məsələ Qərb və Rusiya mediasında geniş müzakirə olunur. Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazır ki, Ermənistanda məhkəmə sistemi ilə bağlı yaşananlar sözün əsl mənasında ölkədə qarışıqlığa, ciddi narahatçılıqlara gətirib çıxardı. Hətta Paşinyana yaxınlığı ilə seçilən partiya və siyasilər belə, baş nazirin atdığı addımı kəskin pislədilər. Baş verənlərdən sonra Ali Məhkəmə Şurasının sədri istefa verdi, parlamentdə məhkəmə sistemində islahatların aparılması ilə bağlı dinləmələr keçirildi. Daha sonra hakimlərin ümumi yığıncağı keçirildi. Baş nazirin çağırışı ilə insanlar günlərlə məhkəmənin giriş və çıxışını bağladılar. Üçüncü hakimiyyətin necə olacağı və hansı yollarla ona xalqın etimadının əldə olunmasına cəmiyyətin bütün təbəqələri - hüquqşünaslardan tutmuş parlament fraksiyaları və siyasi birliklər münasibət bildirdilər. Yaranmış qalmaqala, baş nazir Nikol Paşinyanın səsləndirdiyi bəyanat daha da rəng vermiş oldu. Baş nazir bildirdi ki, məhkəmə sisteminə cərrahi müdaxilənin vaxtı çatıb. "Son bir il ərzində Ermənistanda hamıya məlum siyasi dəyişikliklər baş verdi. Nəticədə ölkədə xalqın etimadını qazanan legitim icra və qanunverici hakimiyyət formalaşdı. Lakin son hadisələr göstərir ki, Ermənistanda xalqın etimadını qazanan məhkəmə sistemi olmayıb və heç yoxdur da”, - deyə qəzet baş nazirin fikirlərini sitat gətirib. Paşinyanın sözlərinə görə, xalq, məhkəmə hakimiyyətini əvvəlki korrupsiyalaşmış hakimiyyətin qalığı kimi qəbul edir: "Bu sistem xalqın etimadını qazanmayıb, lazımı legitimliyə malik deyil. Köhnə məhkəmə sistemi normal həyata, sabitliyə və milli təhlükəsizliyə təhlükədir”. Baş nazir əlavə edib ki, bütün hakimlər vettinqə (yoxlama) məruz qalmalıdırlar: "Cəmiyyət hakimlərin əmlakı, siyasi əlaqələri və peşəkar keyfiyyətlərindən xəbərdar olmalıdırlar. Çıxardıqları səhv qərarlara görə, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən cəzalanan hakimlər istefaya çıxarılmalı və yaxud qovulmalıdırlar. Onların çıxardıqları səhv qərarlara görə, AİHM bizim ölkəmizi cərimə edib. Hökumət də iddiaçılara vergiödəyicilərin ciblərindən vəsait ödəməli olur”.
Qəzet yazır ki, ölkədə heç kim məhkəmə sistemində islahatların keçirilməsinə qarşı çıxmır. Lakin parlamentdəki müxalifət fraksiyaları islahatlarla bağlı öz mövqelərini ortaya qoyublar. "Çiçəklənən Ermənistan” fraksiyası bəyan edib ki, bu məsələdə tələsmək gərək deyil və qəti addımlar məhkəmələrin imicinə mənfi təsir edə bilər. "Maarifçi Ermənistan” fraksiyası isə hakimlərin, Paşinyanın çağırışına qulaq asıb kütləvi şəkildə istefaya çıxacaqlarına şübhə ilə yanaşır. "Etiraf etmək gərəkdir ki, bütün zamanlarda Ermənistanda məhkəmələr və hüquq mühafizə orqanları korrupsiya sistemində liderlik edirlər. Ölkədə demək olar ki, heç kim hakimlərin satılmaz olduğuna inanmır”, - deyə qəzet yazır. "İnsanlar onilliklər ərzində istintaqa kömək etməkdən, məhkəmələrdə şahid qismində çıxış etməkdən imtina ediblər”, - deyə müəllif yazır. Cinayət işləri üzrə vəkil Vaaqn Babayanın sözlərinə görə, terapevtik alətin tətbiqi ümidsiz halda buraxılıb. İndi yalnız radikal tədbirlər qalır.
Belə bir durumda isə ölkədə antiqərb qüvvələr xeyli fəallaşıblar. Soros tərəfdarlarına qarşı aksiyalar start götürüb. "1in.am” saytı yazır ki, Soros əleyhdarlarının arxasında Rusiya dayanır. Bəlli olduğu kimi, çoxları Ermənistanda "məxməri inqilab”ın arxasında məhz Sorosun durduğunu iddia edir. Elə hökuməti də Soros tərəfdarlarının təşkil etdiyi bildirilir. Ötən həftənin sonu da Yerevanda bununla bağlı etiraz aksiyası keçirilib. Açıq Cəmiyyət Fondunun (Soros Fondu) ofisi qarşısında "Veto” ictimai-siyasi hərəkatının üzvlərinin aksiyası baş tutub. Polis oranı mühafizə etmək üçün ərazini mühasirəyə alıb. Təşkilatın üzvləri ölkədə fondun və onunla əlaqəli qurumların fəaliyyətinin qadağan edilməsini tələb ediblər. "Veto”nun rəhbəri Narek Malayan aksiyada bəyan edib ki, Ermənistan hökuməti Fonddan göstərişlər alır, buradan media vasitəsilə ən çirkin hücumlar edilir, hüquq-mühafizə orqanlarına qara yaxılır.O, iddia edib ki, Fond Ermənistanda vətəndaş müharibəsi və qanlı qarşıdurmalara təhrik edir.
Yeri gəlmişkən, bəziləri isə baş nazirin uğursuzluqları sırasına Dağlıq Qarabağ münaqişəsinin həllini daxil edirlər. "Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın sakinləri adından danışıqlar aparmağa mandatı olmadığını bəyan etməklə, danışıqlar prosesini dalana dirədi”. Bunulragir.amportalının rus redaksiyasının redaktoru, politoloq Naira Ayrumyan "Kavkazskiy uzel”ə açıqlamasında deyib.
"Ermənistanın baş naziri Dağlıq Qarabağın adından danışıqlar aparmaqdan imtina etdi və dedi ki, əgər ona səs verməyən sakinlərin maraqlarını təmsil etməlidirsə, qoy onda Ermənistanla Dağlıq Qarabağın birləşməsi rəsmən baş versin. Faktiki olaraq danışıqlar yoxdur, çünki Azərbaycan Dağlıq Qarabağın danışıqlar masasına qayıtmasına razılaşmır, Ermənistan isə belə olan halda predmetli danışıqlardan imtina edir” - Ayrumyan bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər