Ermənistanı iqtisadi cəhətdən də çökdürən məğlubiyyət

Və ya işğal altında
saxlanılan torpaqlar erməniləri aclıqdan necə qoruyub?
İşğal olunmuş torpaqların azad edilməsi uğrunda Azərbaycanın apardığı
44 günük müharibə və onun nəticələri Ermənistanın tək hərbi deyil, hərtərəfli
fiaskosu ilə nəticələndi. İllər uzunu erməni cəmiyyətinə sırınılan
"məğlubedilməz erməni ordusu” mifi qısa müddət ərzində biabırçı sonluqla
qurtardı. Bu müharibənin nəticələri hərbi xunta üçün fantastik dərəcədə,
gözlənilməz formada fəlakətli oldu. Ölkənin hərbi potensialı, faktiki olaraq
məhv edildi, canlı qüvvə sarıdan itkiləri isə erməni hakimiyyəti hələ də
açıqlamaqdan çəkinir. 5 milyard dollarlıq hərbi texnika məhv edildi. Bütövlükdə
zərər milyard dollarlarla ölçülür. 44 günlük müharibə Ermənistan cəmiyyətini və
erməni diasporunu şok vəziyyətinə saldı. İdarəedici subyekt - siyasi hakimiyyət
çoxluğun etimadını itirməklə, özünü tamamilə gözdən salmış oldu. Sözsüz ki,
Ermənistanın üzləşdiyi fəlakətlər saysız-hesabsızdır və hələ uzun illər
müxtəlif beynəlxalq mərkəzlər tərəfindən analiz ediləcək. Siyasi nəticələri
artıq hiss olunur - ölkədə Nikol Paşinyan hakimiyyətinə qarşı nifrət pik həddə
çatıb, cəmiyyət ikiyə bölünüb və etirazların qarşıdurma ilə nəticələnəcəyi göz
önündədir. Ermənistan üçün həm də fəlakət, əsas iqtisadi sahədədir. Belə ki,
uzun illər idi ki, Azərbaycan torpaqları vəhşicəsinə mənimsənilirdi və indi
bütün bunlardan da məhrum oldu. Məsələn, hərbi əməliyyatların yekunlarını
Ermənistan üçün analiz edən keçmiş baş nazir Qrant Baqratyan Ermənistanı
gözləyən fəlakətləri acınacaqlı adlandırıb. Bildirib ki, bundan sonra işğal
altında olan torpaqlarda yaşayan ermənilər Ermənistan üçün əlavə yük olacaq.
Bura taxıl təminatından tutmuş enerji
təchizatı və s. kimi bir çox məsələlər daxildir.
İşğal altında olan
torpaqların istismarından əldə olunan milyonlar
Bəllidir ki, Azərbaycan 30 il ərzində dəfələrlə işğal altında olan torpaqlarda Ermənistanın qeyri-qanuni işlər aparması barədə çoxsaylı hesabatlar dərc edib. Bu torpaqların böyük hissəsi, bir növ Ermənistanın və separatçı rejimin ən gəlir gətirən yerlərindən biri olub. Bura narkotik becərilməsindən tutmuş, faydalı və qiymətli metalların mənimsənilməsi, turizm məqsədilə istifadə və s. məsələlər daxildir. Ermənistanın və qondarma qurumun rəhbərləri bu torpaqlardan milyonlarla dollar gəlir götürüblər. Dəfələrlə bununla bağlı elə ermənilərin özlərinin qeyri-hökumət təşkilatlarının hesabatlarında ən müxtəlif rəqəmlər əks olunub. Ermənistanın sabiq baş naziri Baqratyan da indi həyasızcasına etiraf edir ki, 25 faiz taxıldan məhrum oldular. Bildirir ki, artıq separatçılar onlar üçün əlavə yükə çevriliblər. İllər uzunu özünü taxılla təchiz edə bilməyən Ermənistan, Rusiyadan taxıl idxal edirdi. İndidən sonra vəziyyət daha ağırlaşmış olacaq. Təsadüfi deyil ki, müharibənin ilk günlərindən erməni, hətta əcnəbi ekspertlər "qızıl uğrunda müharibə”dən bəhs edirdilər. Erməni işğalı altında gümüş, civə, inşaatda istifadə olunan daşlar, qiymətli gil, termal sular mənbələri olsa da, bəlli səbəbdən əsas diqqət qızıla olub. Bu qeyri-qanuni çıxarılan qızıllar erməni oliqarxlarının ciblərini, Ermənistanın xəzinəsini doldurub. Və indi bu böyük gəlir mənbəyi bağlanıb. Ən iri yataqlar, məsələn, Zəngilanda Vəcnəli yatağı artıq Azərbaycan ordusu tərəfindən azad edilib. Bundan əlavə, oktyabrın 27-də Böyük Britaniyanın nüfuzlu "Asian Mining” şirkəti Yerevanı dəhşətə salan press-reliz yaydı. Bildirdi ki, işğaldan azad edilən Zəngilanda yerləşən Vəcnəli yatağı Azərbaycanın nəzarətinə keçib. Şirkət gələcəkdə Azərbaycan hakimiyyəti ilə bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Təhlükəsizlik işləri başa çatandan sonra şirkət aktiv şəkildə işlərə başlayacaq. Ermənistanda aktiv şəkildə "Qarabağı qızıla dəyişən” "satqınların” axtarışına başlanılıb. Qızıl isə artıq yoxdur. Olmayacaq da. Zəngilanla yanaşı, Kəlbəcərdə bütün qızıl yataqları artıq Azərbaycanın nəzarətinə keçib. Ermənistanda aktiv şəkildə itkiləri hesablamağa başlayıblar. Qeyri-rəsmi səviyyədə tək Vəcnəlidə qızıl yataqlarının həcmini 40 milyard dollar olduğu bildirilir.
Ermənistanın turizm şirkətləri də çökür
Yeri gəlmişkən, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlardan turizm məqsədilə də yararlanıb. Sərhədlərin bağlanması düşmən ölkənin turizm sahəsinə ciddi zərbə vuracaq. Ermənistanla Azərbaycan arasında sərhəd xətti məsələsi hələ demarkasiya mərhələsində olduğu halda, erməni tur agentlikləri artıq həyəcan təbili çalır. Məsələn "Armlend” turizm şirkətinin rəhbəri Artem Martirosyan "Sputnik Armeniya”ya bildirib ki, illər uzunu Azərbaycanın işğal altında olan ərazilərinə turist daşımaqla milyonlar qazanıb. İndi isə bütün bunlardan məhrum olub. "Tondrak” turist şirkətinin direktoru Azərbaycanın geri qaytardığı Kirs, Şuşa və s. yerlərə dünyanın müxtəlif yerlərindən insanları cəlb edirmiş.
İşğala son qoyulması Ermənistanı necə çökdürəcək?
Yerevandakı Qafqaz İnstitutundan iqtisadçı Hrant Mikaelyanın bildirdiyinə görə, Dağlıq Qarabağdakı hərbi əməliyyatların iqtisadi fəsadlarının ən böyük yükü xidmət sektoru və maliyyə sisteminin üzərinə düşəcək. O, Dağlıq Qarabağdakı döyüşlərin Ermənistan iqtisadiyyatına iki cəhətdən təsir etdiyini deyib. Bildirib ki, xidmət sektoru çətin vəziyyətə düşüb . Mikaelyan müharibə ilə birlikdə ermənilərin gündəlik ictimai fəallığının azaldığını və bunun iqtisadi artıma mənfi təsir göstərdiyini söyləyib. Müharibə maliyyə sisteminə də mənfi təsir göstərib. Dövlətin müharibə, qaçqınlar və infrastruktur problemləri ilə əlaqədar öncədən hesaba alınmamış əlavə xərcləri əmələ gələcək. Artıq Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Ermənistan iqtisadiyyatının ən azı 5 faiz azalacağını gözləyir. AYİB-in bu hesablaması Dağlıq Qarabağ bölgəsində döyüşlərin yenidən başlanmasından əvvəl elan olub. Bu da onu deməyə əsas verir ki, 5 faiz ən azı 7-8 faiz olacaq.
Ermənistan Mərkəzi Bankı 2020-ci il üçün işsizlik səviyyəsinin 20,4
faiz olacağını gözləyir. Gənclər arasında işsizlik göstəricisi 35 faizdir. Bu,
ölkədəki işçi qüvvəsinin digər ölkələrə köç etməsinə səbəb olur. Ermənistan
əhalisi 3 milyona yaxın olduğu halda, 7 milyon erməni xaricdə yaşayır.
İqtisadçı Sam Bhutinin "Eurasianet”də yazdığına görə, Ermənistan
iqtisadiyyatının daha bir problemi ondan ibarətdir ki, o, Rusiyadan asılıdır.
Rusiyanın Ermənistanın ən böyük ticarət tərəfdaşı və miqrasiyanın ən çox
istiqamətləndiyi ölkə olması, ölkə iqtisadiyyatını Rusiyada baş verən siyasi və
iqtisadi hadisələrə qarşı kövrək vəziyyətə salır. 2018-ci ildə Ermənistan
ixracının 28 faizi Rusiyanın payına düşüb, onun idxalının dörddə biri isə
Rusiyadan təmin olunub. Ermənistan iqtisadiyyatının daha bir böyük problemi
ondan ibarətdir ki, onun iki sərhədi bağlıdır.
Dağlıq Qarabağ münaqişəsi uzun illər həll olunmadığına görə, Türkiyə
və Azərbaycanın Ermənistanla sərhədləri bağlıdır. İqtisadçı Sam Bhuti
məqaləsində yazır ki, bu sərhədlərin bağlanması Ermənistanı regionda hazırlanan
nəhəng infrastruktur layihələrindən uzaq qalmasına səbəb olub. Onun sözlərinə
görə, Türkiyə ilə sərhədin bağlanması Ermənistanın kənd təsərrüfatı ixracına
mənfi təsir göstərir. Ən mənfi hallardan biri odur ki, Ermənistan milli
valyutası - dramın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üz-üzədir.
Azərbaycan Ordusunun uğurlu əks-həmləsi Ermənistanın onsuz da yüksək olan risk
dərəcəsini bir qədər də artırır və ölkədən valyuta axınını sürətləndirir. İndi
bu ölkəyə sərmayə qoymaq və borc vermək daha da təhlükəli olacaq. Proseslərin
belə davamı Ermənistanda yoxsulların sayının da kəskin artmasına səbəb olacaq.
Beləliklə, düşmən ölkəni əvvəlcə iqtisadi, sonradan isə həm də sosial və siyasi
böhran gözləyir.Həmin qüvvələr bildirdilər
ki...
Bir faktı da qeyd edək ki, Ermənistanın, illər uzunu ağılsız, daha dəqiq ifadə etsək, şərəf hissindən məhrum hakimiyyəti işğalda saxladığı torpaqlardan mənfəətli şəkildə istifadə etməyi də bacarmadı. 30 il ərzində ərazilərin işğal altında saxlanılması Ermənistana ciddi iqtisadi fayda gətirmədi. Həmin ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olmasına, əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqaları kimi çox yayılan faydalı qazıntılara malik olmasına, habelə geniş kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilmədi. Yalnız müəyyən bir qrup bu torpaqlardan öz varidatlarını artırmaq üçün yararlandılar. Bu ərazilərdə ancaq narkotik əkib becərmək, soydaşlarımızın qoyub getdiklərini talan etmək, dağıtmaqla məşğul oldular. Bu da onu deməyə əsas verir ki, həmin qüvvələr bilirdilər ki, nə vaxtsa o torpaqları tərk etməli olacaqlar.
Beləliklə, bütün bu qeyd olunanlar Ermənistanda Paşinyana qarşı nifrətin və onun getməsinin səbəblərini müəyyən mənada göstərir. Erməni xalqı illər uzunu iyrənc formada istismar etdiyi torpaqları itirməklə barışmaq istəmir. İllər uzunu başqasının torpaqlarından eninə-uzununa istifadə edərək yararlandı. Və günün birində Azərbaycan bunu onun əlindən aldıqda, acınacaqlı duruma düşür.
Ölkəni gözləyən fəlakətlər hələ qarşıdadır
Beləliklə, ölkə özünün fəlakətini yaxınlaşdırır. Özünün aqressiv mahiyyətini gizlətməyən, özgə torpaqlarına göz dikən, istila ilə məşğul olan Ermənistan, artıq əmin oldu ki, Azərbaycana qarşı iddiaları ona çox baha başa gəlir. Onsuz da ağır olan iqtisadi vəziyyət bu ölkədə günbəgün daha da ağırlaşır, yoxsulluq həddi olduqca gərginləşir. Müharibə nəticəsində ölkə iqtisadiyyatının xarici asılılığı daha da gücləndi, xarici borcların səviyyəsi artmaqda davam edir. İqtisadiyyatın bərbad günə düşməsi səbəbindən dövlət büdcəsinin icrası böyük şübhə altındadır. Çökməkdə olan iqtisadiyyat müharibə nəticəsində daha da ağırlaşıb və ölkənin mövcudluğunu şübhə altına alacaq. Qeyd etdiklərimiz deməyə əsas verir ki, adambaşına düşən ÜDM, büdcə xərcləri, orta aylıq əmək haqqı və pensiya məbləği nəzərəçarpacaq dərəcədə aşağı düşəcək, milli valyuta həm ABŞ dollarına, həm də avroya nisbətən xeyli ucuzlaşacaq. İllik inflyasiya faizi yüksələcək, istehlak mallarının və xidmətlərinin qiymətlərinin artırılmasına gətirib çıxaracaq və ölkədə dəhşətli sosial böhran yaşanacaq. Güman ki, Ermənistan, donor tapmaq üçün Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Fransa və digər ölkələrə diz çökərək yalvaracaq və bu, elə də ciddi effekt verməyəcək.
Azər NURİYEV
