• cümə, 29 Mart, 13:20
  • Baku Bakı 14°C

“Ermənistanı güzəştə getməyə məcbur etməliyik”

11.01.18 10:00 1716
“Ermənistanı güzəştə getməyə məcbur etməliyik”
Azərbaycanın xarici siyasətində əsas hədəflərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq, ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir. Bu baxımdan, yola saldığımız 2017-ci ildə də problemin həlli məqsədilə sülh danışıqları davam etdirilib, Minsk qrupunun həmsədrləri, ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə prezidentlər, xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Bu görüşlərin ümumi yekunu, 2018-ci ildə bu istiqamətdə atılacaq addımlar və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov cavablandırır.
- Fikrət müəllim, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi baxımından 2017-ci ili necə dəyərləndirirsiniz?
- 2016-cı ilin aprel döyüşlərindən sonra münaqişənin sülh yolu ilə həllində hansısa irəliləyişin olacağına ümid var idi. Məhz bu hadisədən sonra faktiki olaraq, danışıqlar bərpa olundu, prezidentlərin görüşləri keçirildi. Bu baxımdan, 2017-ci ildə də hansısa irəliləyişin olacağına inam itməmişdi. Lakin reallıq bundan ibarətdir ki, yola saldığımız ildə bu istiqamətdə hər hansı irəliləyiş qeydə alınmadı. Ermənistan açıq şəkildə beynəlxalq hüquq normalarını inkar edir, onu tapdalayır. Təəssüf doğuran məqam bundan ibarətdir ki, dünyanın aparıcı güc mərkəzləri, dövlətlər işğalçı Ermənistanın bu davranışına biganəlik nümayiş etdirirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin həllinə nail olmaq, ərazi bütövlüyünü təmin etmək üçün hər il olduğu kimi ötən il də əlindən gələni etdi. Güclü siyasi-diplomatik addımlar atıldı, rəsmi görüşlər keçirildi, işğalçı Ermənistan danışıqlar masası arxasına oturduldu. Halbuki, rəsmi İrəvan bu danışıqlardan müxtəlif vasitələrlə yayınır, danışıqların bərpası üçün qəbuledilməz şərtlər irəli sürürdü. Onları danışıqlar masası arxasına oturtmaq bizim diplomatik uğurumuzdur. Lakin təəssüflər olsun ki, indi də Ermənistan tərəfi bu danışıqları təbliğat vasitəsinə çevirməyə çalışır. Bu isə onu göstərir ki, işğalçı Ermənistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil. Məhz buna görə də ötən il münaqişənin həllinə dair keçirilən bütün görüşlərdə konkret nəticə əldə edilməyib.
- Ermənistanın parlament üsul-idarəsinə keçəcəyini əsas gətirən bəzi ekspertlər ehtimal edirlər ki, Rusiyanın təsiri altında erməni parlamentarilər danışıqlarda güzəştə gedilməsini təmin edə bilərlər. Bu kimi ehtimallar nə dərəcədə əsaslıdır? Ümumiyyətlə, 2018-ci ildə də aparılacaq sülh danışıqlardan nə isə gözləməyə dəyərmi?
- Ermənistan siyasi hakimiyyətində dəyişiklik etməklə, parlament üsul-idarəsinə keçidlə Dağlıq Qarabağ problemi mexaniki şəkildə həll olunmayacaq. Serj Sarkisyanı daha liberal və ya sərt, yaxud daha yumşaq siyasət aparan birisi əvəz etsə də, problemin həlli qeyri-mümkündür. Çünki, onların Dağlıq Qarabağ məsələsinə mifik yanaşmaları var. Onlar bu əraziləri özlərininki hesab edir, hətta digər qonşuların ərazilərinə də əsassız iddialar irəli sürürlər. Biz yalnız Ermənistanı güzəştə getməyə məcbur etməliyik. Bunun isə əsasını Ermənistanı təcrid vəziyyətində saxlamaq, bu ölkənin hər hansı beynəlxalq və regional layihədə iştirakını məhdudlaşdırmaq, əvəzində Azərbaycanın öz siyasi, hərbi, iqtisadi potensialını daha da artırmaq təşkil edir. Bununla yanaşı, Azərbaycan aprel döyüşlərində olduğu kimi vaxtaşırı öz hərbi potensialını düşmənə nümayiş etdirməlidir. Çünki zəif, iqtisadi, siyasi, hərbi asılılıq şəraitində yaşayan işğalçı Ermənistan yalnız gücün dilindən anlayır. Biz bu taktikadan peşəkarlıqla istifadə etməliyik. Azərbaycanın hücum diplomatiyasını, iqtisadi təcridetmə siyasətini düşmənə qarşı hərbi güc nümayiş etdirməklə də tamamlamaq olar. Üçtərəfli təzyiqlə nəyə isə nail olmaq olar.
- Söylədiklərinizdən belə qənaətə gəlmək olur ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ay keçirilməsi gözlənilən görüşü də hər hansı hadisə ilə yadda qalmayacaq...
- Xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşünün təşkili, danışıqların davam etdirilməsi üçün vacibdir. Lakin biz bilməliyik ki, münaqişənin həllinə dair ciddi qərarlar yalnız ölkə başçılarının görüşü zamanı qəbul edilə bilər. Bu məsələdə prezidentlər əsas fiqurlardır və onlar problemin həllində açar rolunu oynayacaq siyasətçilərdir. Azərbaycan tərəfi öz prinsipial mövqeyini dəfələrlə qeyd edib, indi də bu qənaətdədir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn tələbi ilə, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Prezident İlham Əliyev öz çıxışlarında birmənalı olaraq qeyd edib ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Bu mövqe heç zaman dəyişməyəcək. Çalışmalıyıq ki, dünyanın aparıcı ölkələri, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistana təzyiq göstərsinlər, düşməni beynəlxalq hüquq normalarını tanımağa, ona riayət etməyə məcbur etsinlər. Belə olduğu halda münaqişənin həllinə dair aparılan danışıqlarda ciddi nəticələr əldə etmək olar.
- Münaqişənin danışıqlar yolu ilə həllinə dəstək vermək üçün Ermənistan və Azərbaycan arasında Sülh Naminə Platforma da yaradılıb, hər iki xalqı təmsil edən nümayəndələr bu platformaya üzv olub. Həm onların indiyə qədər olan və bundan sonrakı fəaliyyəti, həm də Ermənistan cəmiyyətinin təzyiqi gələcəkdə siyasi hakimiyyəti münaqişənin həllinə məcbur edə bilərmi?
- 2016-cı ilin dekabrında Ermənistan və Azərbaycan arasında Sülh Naminə Platformanın yaradılması vacib amildir. Bu, münaqişənin həlli istiqamətində atılan daha bir güclü addımdır. Platformanın yaradılması beynəlxalq ictimaiyyətin də marağına səbəb olub, hətta münaqişə edən ölkələrin ictimai rəyində böyük rezonans doğurub. Ona görə də bir çox tanınmış ekspert bu təşəbbüsü yüksək qiymətləndirib, bu sülhməramlı təşəbbüsün münaqişənin sülh yolu ilə nizamlanmasında önəmli rol oynayacağını qeyd ediblər. Bununla paralel olaraq, erməni cəmiyyətinin yeni nəsilləri də Ermənistan siyasi hakimiyyətinin mövqeyini qəbul etmir, münaqişəni tənqid edirlər. Ermənistandakı bir çox siyasi qüvvələr, ictimai-siyasi xadimlər, xüsusən də əsgər anaları Sarkisyan rejimini tənqid edirlər. Onlar başa düşürlər ki, siyasi hakimiyyətin münaqişənin həllində maraqlı olmaması, mövcud status-kvonu qoruyub saxlamaq cəhdi Ermənistanı uçuruma aparır. Ermənistanda əsgər anaları, "nə üçün bizim oğullarımız özgə torpaqları uğrunda həlak olmalıdır”, deyə etiraz aksiyaları keçirilər. Hətta Ermənistan siyasi elitasında da fərqli fikirlər formalaşmaqdadır. Onlar hökuməti tənqid etməkdən çəkinmirlər. Çünki, Ermənistan işğalçılıq siyasəti ilə strateji, iqtisadi və siyasi baxımdan uduzur. Bunu Azərbaycanın iştirakı ilə regionda reallaşan beynəlxalq iqtisadi layihələr, bütün bu layihələrdən Ermənistanın təcrid edilməsi fonunda daha aydın hiss etmək mümkündür. Ötən il açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu, bu il istifadəyə veriləcək TANAP, həmçinin beynəlxalq nəqliyyat dəhlizi layihələrindən Ermənistanın təcrid edilməsi, Türkiyə ilə sərhədlərin bağlı qalması, işsizliyin artması, bahalaşma düşmən ölkə daxilində, ermənilər arasında ciddi mənəvi-psixoloji sarsıntı yaradır. Ermənistanda hər il minlərlə vətəndaş bir daha geri qayıtmamaq şərtilə ölkəni tərk edir, demoqrafik vəziyyət hər il aşağı düşür. Bunun ən başlıca səbəbi Ermənistanın işğalçılıq siyasəti, öz qonşuları ilə münaqişə vəziyyətində yaşamasıdır. Ona görə də Rusiyadan hərtərəfli asılı vəziyyətdə olan Ermənistan çabalayır, bəzən iki stulda oturmağa can atır, Avropa İttifaqı ilə müqavilələr imzalamağa çalışır ki, gələcəkdə onlara hər hansı formada maliyyə yardımları edilsin. Lakin Avropanın işğalçı Ermənistana iri sərmayələr yatırması, böyük maliyyə yardımları göstərməsi real deyil. Ona görə də Ermənistanda hər ötən gün siyasi hakimiyyətə qarşı narazılıqlar, etirazlar daha da artır. Hesab edirəm ki, diplomatlarımız bu amillərdən məharətlə istifadə etməlidirlər. Ermənistan cəmiyyətindəki narazılıqların bu ölkənin siyasi hakimiyyətinə daha çox yönəldilməsi üçün təbliğatımızı bir qədər də artırmalıyıq. Fikrimcə, Ermənistan cəmiyyətinin içindəki narazı kütlənin siyasi hakimiyyəti dəyişməsi fonunda məhz narazılar arasından gələn yeni qüvvə Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllində hansısa irəliləyişə səbəb ola bilər.
- Artıq üçüncü dəfədir ki, ABŞ, NATO, Rusiya generalları görüş üçün paytaxt Bakını seçirlər. Böyük güclərin sabitlik məkanı, danışıqların aparılması üçün ideal yer olaraq Azərbaycanı seçməsi gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə, ümumilikdə regionu təhdid altında saxlayan bu problemin tezliklə çözülməsinə səbəb ola bilərmi?
- Belə görüşlər üçün paytaxt Bakının seçilməsi Azərbaycanın siyasi stabilliyi olan ölkə kimi qiymətləndirilməsindən, etibarlı tərəfdaş olmasından irəli gəlir. Azərbaycan balanslı, qarşılıqlı maraqlara, bərabərhüquqlu münasibətlərə söykənən xarici siyasət yürüdür, regionda və dünyada baş verən hər hansı müharibə və münaqişədə tərəf kimi çıxış etmir. Azərbaycanı öz milli-dövlətçilik maraqlarını üstün tutur, bütün münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsiplərinə uyğun həll edilməsinə tərəfdardır. Təbii olaraq bu mövqe dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir, Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin, görüşlərin ən yüksək səviyyədə keçirildiyi məkana çevrilir. Bu kimi proseslərin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etməsinə gəlincə, bir qədər əvvəlki sualınıza cavabımda qeyd etdiyim kimi, problemin birdəfəlik həllinə nail olmaq üçün böyük dövlətlər, qlobal güclər işğalçı Ermənistana təzyiq göstərməlidirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər