• cümə, 29 Mart, 14:06
  • Baku Bakı 14°C

Ermənistanı biabır edən seçki rəyi

13.07.17 10:24 1486
Ermənistanı biabır edən seçki rəyi
Qondarma və saxta seçkilər keçirməklə Ermənistan hakimiyyəti ümid edirdi ki, hər dəfə olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət onun qanunsuz hərəkətlərinə hər hansı təpgi göstərməyəcək, göz yumacaq. Lakin getdikcə Sarkisyan hökumətinin bu arzuları puç olmağa başlayıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistan hökumətinə seçkilərində seçici səslərinin rüşvətlə alınmasının qarşısını almaq üçün tədbirlər görməyi məsləhət görüb. Erməni saytlarının yaydığı xəbərə görə, bu barədə təşkilatın bu il aprelin 2-də Ermənistanda keçirilən parlament seçkiləri üzrə yekun hesabatında bildirilir: "Parlament seçkiləri zamanı səslərin satın alınması, dövlət qulluqçularına və özəl şirkətlərin əməkdaşlarına təzyiqlər edilməsi ilə bağlı məlumatlarqeydə alınıb”.Bəyanatda bildirilir ki, bu faktlar cəmiyyətin seçkilərə olan inamını və etimadını azaldıb.
"İctimaiyyətin seçki prosesində etimad göstərməməsini nəzərə alaraq, ümumiyyətlə, siyasi partiyalara seçicilərin rüşvətlə alınmasının qarşısını almaq üçün tədbirlər görməyi, vətəndaşlara təzyiqlər göstərməyi məsləhət görürük”, - hesabatda deyilir. ATƏT DTİHB, həmçinin fiziki qüsurlu insanların seçki prosedurlarına çıxış imkanlarının genişləndirilməsi üzrə səylərin gücləndirilməsini təklif edir, eləcə də KİV nümayəndələrinin davranışı üçün dəqiq prinsiplər müəyyənləşdirməyi, medianın monitorinq metodologiyasının yaxşılaşdırılmasını tövsiyə edir.
Hesabatda o da qeyd edilir ki, ümumxalq səsverməsində seçicilərin səslərinin satın alınması, dövlət qulluqçularına təzyiq və partiyaların nümayəndələri tərəfindən seçki prosesinə müdaxilə halları qeydə alınıb: "Səslərin satın alınması, dövlət qulluqçularına, o cümlədən məktəb və xəstəxanalarda çalışanlara təzyiqlər, habelə müəyyən partiyanın lehinə səs toplamaq məqsədi ilə seçicilərə hədə-qorxu gəlinməsi barədə dürüst informasiya var. Bu da seçki prosesinə qarşı ümumi narazılıq doğurub. Eləcə də texniki vasitələrin nasazlığı, insanların bir yerə toplaşması, səsvermə sirrinin pozulması, seçkiqabağı rüşvət verilməsi halları da baş alıb gedib”. Müşahidəçilərin yekun bəyanatında deyilir: "Seçki prosesindəki yeniliklərin seçicinin etimadını bərpa edəcəyi ilə bağlı gözləntilərə baxmayaraq, bu, baş vermədi. Bizim seçkilərdə vətəndaşların iradəsini sərbəst ifadə etmələrini şübhə altına almaq üçün ciddi əsaslarımız var”. Sənəddə qeyd olunur ki, hüquqi və təşkilati dəyişikliklərə baxmayaraq, bu seçkilər ölkədə seçki prosesinin etibarlılığına olan şübhələri aradan götürməyib: "Şikayətlərə baxılması proseduruna etimadsızlıq səbəbindən cəmiyyətdə qanun pozuntuları ilə bağlı məlumat vermək istəyi yoxdur. Məhkəmə orqanları, seçki idarəçiliyi orqanları və hüquq-mühafizə orqanlarının müstəqil olmaması və onların şikayətləri yoxlamaqla bağlı fəaliyyətləri hüquqi yardımın göstərilməsi işinin effektivliyini azaldır”. O da qeyd olunur ki, Ermənistanın beynəlxalq QHT-lərə seçkiləri müşahidə etməyə icazə verməkdən imtina etməsiATƏT qarşısındakı öhdəliklərə ziddir.
Öz növbəsində, erməni müxalifəti hesab edir ki, ATƏT-in hazırladığı hesabat obyektivliyi tam əks etdirir. Müxalifət dəfələrlə bəyan edib ki, seçkilər kobud qanun pozuntuları və saxtakarlıq şəraitində keçib. "Erməni Milli Konqresi”nin sədr müavini Levon Zurabyan bildirib ki, onların iradları ATƏT-in hesabatında da öz əksini tapıb: "Biz seçki zamanı qeydə aldığımız qanun pozuntuları, videoçəkilişlər və protokollara nəzər salınmasını və müvafiq komissiya yaradılmasını təklif etmişdik. Ermənistanda keçirilmiş parlament seçkiləri nə ölkə daxilində, nə də xaricində müsbət aspektdə qiymətləndirildi. Əksinə, bu seçkilər bir daha aydın şəkildə nümayiş etdirdi ki, Ermənistan hakimiyyəti demokratik müstəvidə seçki keçirmək iqtidarında deyil”."İrs” Partiyasının nümayəndəsi Armen Martirosyan isə hakimiyyətin seçki prosesindəki biabırçılıqların aradan qaldırılması ilə bağlı ATƏT-in iradlarını qəbul edəcəyinə şübhə ilə yanaşır. Onun sözlərinə görə, artıq 22 ildir ki, bunun üzərində iş aparılır: "Maraqlıdır ki, Ermənistandan demokratiya və seçki məsələlərində geri qalan dövlətlər onu bir neçə dəfə üstələyiblər”.
"Erkir çirani” (Əriklər ölkəsi) partiyasının sədri Zaruhi Postancyan isə hesab edir ki, onların əsas məramı hakim partiyanı siyasi səhnədən silmək olacaq. Hakimiyyət isə ATƏT və müxalifətin fikirləri ilə razı deyil. Parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, ortaya qoyulan faktlarla bağlı araşdırma aparılıb və onlar yekun nəticələrə təsir etmir.
Beləliklə, ATƏT və ondan əvvəl ABŞ-ın Ermənistandakı seçkilərlə bağlı hesabatları bir çox mətləblərdən xəbər verir. Ən əsası, bu cür hesabatlar, verilən rəylər gələcəkdə ona qarşı sanksiyaların tətbiqinə və maliyyə yardımlarının azalmasına gətirib çıxara bilər. Bu isə onsuz da ağır iqtisadi durumda olan hərbi xunta üçün iflas və son deməkdir.

Azər
banner

Oxşar Xəbərlər