• şənbə, 20 Aprel, 14:21
  • Baku Bakı 23°C

Ermənistanı antirusiya əhval-ruhiyyəsi bürüyüb

14.04.16 10:32 2189
Ermənistanı antirusiya əhval-ruhiyyəsi bürüyüb
İşğal altında olan torpaqlarda hərbi əməliyyatlardan sonra Ermənistanda vəziyyətin gərginləşəcəyi barədə proqnozlar özünü doğruldur. Qeyd etmişdik ki, başqa bir ölkənin ərazisində məhv edilən erməni hərbçiləri ilə bağlı hərbi xuntanın rəhbərliyindən hesabat tələb ediləcək. Eləcə də, Rusiya əleyhinə etirazlara başlanılacağı anons edilirdi. Hadisələrin gedişi bunların baş verdiyini göstərir.
Dünən də paytaxtda keçirilən aksiyada insanlar Rusiyanın Qarabağ cəbhəsindəki son hərbi toqquşmalarda tutduğu mövqeyə və Moskvanın Bakıya silah satışını davam etdirəcəyi barədə açıqlamasına etiraz ediblər. Yerevanın Azadlıq meydanından başlayan aksiya sonradan Rusiyanın Ermənistandakı səfirliyi qarşısında başa çatıb. Erməni saytlarının yaydığı məlumata görə, etirazçılar Rusiyadan hərbi-siyasi müttəfiqliklə bağlı öhdəliklərini yerinə yetirməsini, Azərbaycana silah satışını dayandırmasını tələb ediblər. Yerli mətbuat bildirir ki, əgər bu tələblərə əməl olunmasa, o zaman erməni cəmiyyətində əslində Rusiyanın müttəfiq olmadığı, eyni zamanda, Ermənistanın da müttəfiq kimi öhdəliklərinin qalmadığına birdəfəlik əminlik yaranacaq. “Uzun illər boyu Rusiya Azərbaycana 5 milyard dollarlıq silah və döyüş sursatı, o cümlədən kütləvi qırğın silahlarından olan “Smerç” və TOS-1A “Odsaçan” satıb” - deyə Ermənistan KİV-i yazıb.
Cəbhə xəttində baş verən döyüşlərdə ermənilərin verdikləri itkilərin sayı artmaqda davam edir. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi aprelin 2-dən başlayan hərbi əməliyyatlarda iştirak edən erməni hərbçilər haqqında məlumat toplayıb. Məlum olub ki, ən azı 78 hərbçi əməliyyatlarda ölüb, 10 nəfərin valideyni isə övladlarından heç bir xəbər ala bilmədiklərini deyərək ofisə müraciət ediblər. Qurumun Vanadzor ofisinin sülhməramlı proqramlarının əlaqələndirici şəxsi Armine Sadiyak bildirib ki, həmin hərbçilərin valideynləri artıq 11 gündür ki, onlarla əlaqə saxlaya bilmirlər. Ölkənin Müdafiə Nazirliyi isə ancaq bir itkidən danışır. Bu da Talış kəndində itkin düşən 23 yaşlı kapitan Arqişti Qaboyandır. Digər yoxa çıxan hərbçilərin taleyi isə naməlum olaraq qalır: Sadiyakın sözlərinə görə, indiyədək Ermənistan silahlı qüvvələrinin ölmüş 78 erməni hərbçisinin adları açıqlanıb. Digərləri haqqında heç bir məlumat yoxdur. “Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə müvafiq sorğular aparılır”.
Ötən gün bəzi erməni saytları və xarici KİV yazıb ki, müharibə zamanı 200-dən çox erməni əsgəri öldürülüb. Lakin Ermənistan hökuməti bu rəqəmləri xalqdan gizlədir. Azərbaycan Müdafiə Nazirliyi də bəyan edib ki, Qarabağda döyüşlər zamanı minimum 200 erməni hərbçi öldürülüb, 500-dən çoxu yaralanıb. Verilən məlumata görə, düşmən tərəfi həmişə olduğu kimi, öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətə çatdırmaqla çaşqınlıq yaradır: “Ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verirlər”.
Erməni rəsmilərinin ölü sayı ilə bağlı məlumatları isə ziddiyyətlidir. Qondarma rejimin Rusiyadakı daimi nümayəndəliyinin məsləhətçisi Arsen Məlik-Şahnazarov aprelin 6-da döyüşlərdə Ermənistan tərəfinin 50 canlı qüvvəsinin məhv edildiyini etiraf etmişdi. Ermənilərin səs yazıları da itkilərin deyilənlərdən daha çox olduğunu sübut edir. Cəbhədə baş verənlərdən qorxuya düşən ermənilər ancaq bir hərbi hissədən 120 ölünün olduğunu deyiblər.
Baş verən itkilərə görəsə Rusiya əsas tənqid obyektidir. Ümumiyyətlə, erməni cəmiyyətində antirusiya əhval-ruhiyyə kəskinləşməkdədir. Artıq Ermənistan əhalisi Rusiya rəhbərliyinə Azərbaycana silah satışının dayandırılması ilə bağlı imzatoplama kampaniyası keçirir. Rusiya rəhbərliyinə göndəriləcək müraciətdə bildirilir ki, Bakıya satdığı silahlar Yerevana qarşı yönəlir. Müraciətdə rəsmi Moskvanın bəyanatları “hiyləgər bəhanələr” adlandırılır. “Azərbaycan hərbi əməliyyatlarda Rusiyadan aldığı silahlardan Ermənistana qarşı istifadə edib. Rusiya qəsdən regiondakı müttəfiqinin düşmənini silahlandırır. Bilirsən ki, o satdığın silahlar sənin müttəfiqinə qarşı yönələcək, onu biznes hesab etmək olar? Bu, ən azından “əxlaqsız biznesdir” - deyə sənədin müəllifləri qeyd edib. Petisiya Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyevə ünvanlanıb. Müəlliflər Rusiya rəhbərliyindən Azərbaycanla bundan əvvəlki silah müqavilələrinə xitam verməsini və yeni sazişlərin qadağan edilməsini tələb edirlər.
Bundan əlavə, Qarabağda hərbi əməliyyatların dayandırılmasının ardınca Ermənistandakı Rusiya hərbi bazası ətrafında qəribə şayiələr yayılmağa başlayıb. Bəzi Ermənistan KİV-ləri Gümrüdəki Rusiya hərbi bazasının ətrafında patrul xidmətinin gücləndirildiyini, hətta hərbi texnikanın küçələrə çıxdığını və rus hərbçilərinin ailələrinin Ermənistanı tərk etdiyini yazıblar. “Qraparak” qəzeti Gümrü bazasında rusların özlərini qəribə apardıqlarını, küçələrə hərbi texnika çıxardıqlarını yazıb. Ermənistanda Rusiya hərbi bazası ətrafında belə şayiələrin yayılması Yerevanın Qarabağda 4 günlük müharibə zamanı öz strateji müttəfiqindən incikliyi ilə əsaslandırılır.
Bundan əlavə, ermənilər Rusiya baş nazirinin müavini Dmitri Roqozini “persona-non-qrata” (arzuolunmaz şəxs) elan etməyə hazırlaşırlar. Bu barədə “Aykakan Jamanak” qəzeti yazıb. Roqozinin “Exo Moskvı” radiostansiyasına son müsahibəsini şərh edən qəzet belə düşünür. Onlar iddia edirlər ki, o, müsahibə verərkən qeyri-korrekt ifadələr işlədib, Rusiyanın Azərbaycana silah satdığını və Ermənistanın bundan narazılığını dilə gətirib. “Bakıya səfərimdən sonra Ermənistanda dəhşətli demaqogiya başlayıb. Ad çəkmək istəmirəm, amma vətəndaşlar özlərini çox pis apardılar” - deyə Roqozin əlavə edib. Jurnalistlərin hər iki tərəfin müharibə aparması barədə iradına isə Roqozin sərt cavab verib. O deyib ki, müharibə silah tələb edir, əliyalın uşaq yox. Odur ki, Rusiya Azərbaycana silah satır. Rusiyalı rəsminin bu sözləri ermənilərə xoş gəlməyib. Çünki onların fikrincə, Rusiya Ermənistanla müttəfiqdir, Azərbaycanla deyil. Roqozin “Exo Moskvı”ya müsahibəsində Rusiyanın silah satışını dayandırmayacağını açıqlamışdı.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər