AZE | RUS | ENG |


Ermənistanı aksiyalar bürüdü

Ermənistanı aksiyalar bürüdü
Yerevanda “Serjik qatil” şüarları

Aprelin 2-də keçiriləcək parlament seçkiləri ərəfəsi Ermənistanda vəziyyət kritik həddə çatıb. Müxalif namizədlərə və onların tərəfdarlarına qarşı odlu silahdan hücumlar adi hal alıb. Ötən gün isə paytaxt Yerevanda yenə də etiraz yürüşü keçirilib. Ermənistan mediası xəbər verir ki, paytaxt Yerevanın küçələrində baş tutan aksiya xəstəxanada vəfat etmiş 48 yaşlı Artir Sarkisyanın vəfatı ilə bağlı olub. "Çörək gətirən” ləqəbli Sarkisyan 2016-cı ilin avqustunda təhlükəsizlik qüvvələrinin zəncirini şəxsi avtomobili ilə yararaq, Yerevanın mərkəzindəki polis idarəsində mühasirədə olan antihökumət "Sasna Tsrer” qiyamçılarına ərzaq çatdırmışdı.

"Sasna Tsrer” silahlı qruplaşması prezident Serj Sarkisyanın istefası ultimatumunu vermişdi. Elə həmin vaxt həbs edilən Sarkisyan xəstəliyinə görə buraxılsa da, fevralın 9-da qeydiyyat barədə qaydanı pozduğu üçün təkrar həbs olunmuşdu. Müxalif millət vəkilləri Nikol Paşinyan və Edmon Marukyanın təşəbbüsü ilə pul girovu müqabilində Artur Sarkisyan "Dustaqlar həbsxanasından” mülki xəstəxanaya köçürülmüşdü.  Ermənistan mediası yazır ki, xəstəliyi ağırlaşan Sarkisyan martın 15-də xəstəxanaya gətirilsə də, təcili əməliyyatdan az sonra keçinib. "Armenian Weekly” saytı yazır ki, əslində hökumətə qarşı etiraz aksiyasının Sarkisyanın öz iştirakı ilə keçirilməsi planlaşdırılmışdı.

Etirazçıların əvvəlcə Yerevanın mərkəzindəki Azadlıq meydanına toplaşdıqları, sonra isə Maştots prospektinə doğru yürüdükləri xəbər verilib.

Etiraz aksiyasını Sarkisyanın dostu və siyasi fəal Şahen Arutyunyan tərəfindən təşkil edildiyi bildirilir. Başqa xəbərlərə görə, etirazçılar əvvəlcə yolu kəsərək nəqliyyatın hərəkətini dayandırmış, sonra isə Ədliyyə Nazirliyinin binasına doğru yürüş ediblər. İzdiham səbəbindən yollarda hərəkət iflic olub. Bundan sonra aksiya iştirakçıları dövlət qurumlarının binalarına doğru irəliləyib. Yağışın yağmasına baxmayaraq, etirazçılar dağılışmayıb. "Panorama.am” saytı isə yazır ki, etirazçılar yürüş boyunca "Artur  çörəkgətirən”, "Serjik qatil” şüarları səsləndiriblər. Etirazçıların Ədliyyə Nazirliyindən sonra Respublika Prokurorluğuna doğru hərəkət etdikləri xəbər verilib. O da qeyd olunur ki, etirazçıların polislə mümkün toqquşmalarının qarşısını almaq üçün onların qarşısında Yerevan polisinin rəis müavini Valeri Osipyan çıxış edib.

Baş prokurorluq Sarkisyanın ölümünün araşdırılması üçün təhqiqata başlandığını bildirib. Saytlar yazır ki, etiraz aksiyasının ardınca hakim Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov Artur Sarksiyanın ölümünü siyasiləşdirməməyə çağırıb. O, deyib ki, parlament seçkisi ərəfəsində bu ölüm faktından fürsətlənmək istəyənlərin hərəkətləri qeyri-məqbuldur.

Beləliklə, proseslərin gedişi onu deməyə əsas verir ki, işğalçı ölkədə hər an qanlı hadisələr baş verə bilər və bu təhlükə getdikcə güclənir. 2008-ci il prezident seçkilərində xeyli insanın ölümü ilə nəticələnən hadisələrin təkrarlana biləcəyi ehtimalı güclüdür. 

Ermənistanın baş naziri Karen Karapetyan Arabkir rayonunda seçicilərlə görüşdən sonra jurnalistlərin suallarına cavab verərkən, "mən çox təəssüf edirəm, mənə çox ağırdır” - deyərək, "çörəkdaşıyan”ın ölümünə münasibət bildirib. K.Karapetyan deyib ki, çoxsaylı çatışmazlıqlar hər yerdə var: "Biz də onları düzəltmək istəyirik”.

Xatırladaq ki, ötən il iyulun 17-dən bir qrup silahlı "Müəssislər məclisi” radikal müxalif hərəkatının lideri Jirayr Səfilyanın azadlığa buraxılması və prezident Serj Sarkisyan hakimiyyətinin istefası tələb ilə Yerevanda polis keşikçi-patrul xidməti (KPX) alayını ələ keçirmişdi. Səfilyan "qeyri-qanuni silah və sursat saxlamaq, bir qrup şəxslərlə Yerevanda inzibati binalar və televiziya qülləsinin ələ keçirilməsini planlaşdırmaq” ittihamı ilə həbs edilmişdi. Hökumət qüvvələri tərəfindən əhatəyə alınmış KPX yaxınlığında hər gün kütləvi aksiyalar keçirilirdi. Aksiyalar polis qüvvələri ilə toqquşmalarla müşayiət olunurdu, onlarla insan xəsarət almışdı, kütləvi iğtişaşlar faktı üzrə cinayət işləri açılıb. Jurnalist sorğularına görə, həmin günlər hətta aksiyalarda iştirak etməyən Ermənistan sakinlərinin əksəriyyəti özlərini "Sasna tsrer” ("Sasunlu çılğınlar”) adlandıran dəstəni dəstəkləyirdi. Mitinqdə çıxış edənlər silahlı dəstə üzvlərinin bu "ümidsiz addımı” atmağa məcbur olduğunu bildirirdilər. "Ölkədə işsizlik, ədalətsizlik, bərabərsizlik, korrupsiya baş alıb gedir. Əmək qabiliyyətli əhali ölkəni tərk etməyə məcburdur... Qanuni seçkilər yolu ilə hakimiyyət dəyişikliyi mümkün olmayan halda, kimsə bunu başqa yolla etməyə məcbur olur”, - deyə onlar bildirirdilər. İzdiham silahlı dəstə üzvlərini "qəhrəman” adlandırırdı. İki həftədən sonra dəstə silahı yerə qoyub hakimiyyətə təslim olduğunu bəyan etdi. Dəstənin lideri Varujan Avetisyan hərbi əsir qismində rejimlə mübarizəni davam edəcəklərini bildirdi: "Bizim missiyamız başa çatmayıb. Bizim üçün başlıcası xalqı ayağa qaldırmaq idi. Bir qədər ləng də olsa, xalq hərəkətə gəldi”. KPX alayının silahlı dəstə tərəfindən ələ keçirilməsi ilə bağlı 3 polis əməkdaşı həlak olub, silahlı dəstə üzvləri və hüquq-mühafizə əməkdaşları arasında xəsarət alanlar olub. Cinayət işi üzrə 62 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 44 nəfərinə qarşı həbs cəza tədbiri seçilib, 13 nəfər ölkəni tərk etməmək haqqında iltizam verib, üç nəfər girovla azadlığa buraxılıb, iki nəfər barədə axtarış elan edilib.
 
Azər
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7036
GBP 1 İngilis funt sterlinqi 2.1371
TRY 1 Türk lirəsi 0.4708
KWD 1 Küveyt dinarı 5.6589
SEK 1 İsveç kronu 0.1950
EUR 1 Avro 1.8623
CHF 1 İsveçrə frankı 1.7354
USD 1 ABŞ dolları 1.7220