• çərşənbə axşamı, 23 aprel, 11:03
  • Baku Bakı 20°C

Ermənistanı AİB-nə üzv qəbul edəcəklərmi?

04.09.14 12:38 991
Ermənistanı AİB-nə üzv qəbul edəcəklərmi?
Ötən gün Rusiya prezidenti Vladimir Putin uzun müddətdir ki, mübahisə mövzusuna çevrilən bir məsələyə nəhayət ki, aydınlıq gətirdi. Söhbət Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyündən gedir. Rusiya prezidenti Ermənistanın quruma üzvlüyünün məqsədəuyğun olduğunu göstərən sənədə imza atıb. Adıçəkilən müqaviləyə mayın 29-da Astanada Rusiya-Qazaxıstan və Belarus prezidentləri - Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko imza atıblar. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək sazişdə Ermənistanın də təşkilata üzvlüyü məsələsinin yaxın vaxtlarda reallaşması məsələsi də öz əksini tapmışdı. Əvvəlcə Ermənistanın iyulun 1-də quruma üzv olacağı bildirilirdi. Lakin sonradan bu tarix oktyabrla əvəzləndi. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da bununla bağlı ötən gün bəyan edib ki, ölkənin Avrasiya İqtisadi Birliyinə üzvlüyü prosesi gedir və yaxın vaxtlarda onun nəticələrini hiss etmək mümkün olacaq. Əksəriyyət hesab edirdi ki, Rusiya baş naziri Dmitri Medvedyevin sentyabrın 8-də Ermənistana səfəri zamanı bu məsələ ilə bağlı əhəmiyyətli bir bəyanat veriləcək. Lakin bu baş vermədi. Medvedyevin səfəri qəfildən təxirə düşdü. Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünü əngəlləyən başqa bir məsələ Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mövqeyi idi. O bildirirdi ki, Ermənistan yalnız öz mövcud sərhədləri daxilində quruma üzv qəbul ola bilər. Yəni işğal altında olan Dağlıq Qarabağın orada təmsil olunması mümkünsüzdür. Bununla bağlı sualı cavablandıran Nalbandyan isə sadəcə bildirib ki, proses davam edir və yaxın vaxtlarda bir nəticəyə gəlinəcək. Ermənistanı pis vəziyyətə salan Nazarbayevin bu günlərdə səsləndirdiyi başqa bir bəyanatdır. Belə ki, qazax lider Avrasiya İqtisadi Birliyini tərk edəcəklərini istisna etməyib. Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinin oktyabrın 10-a nəzərdə tutulan toplantısının da baş tutma ehtimalı aşağıdır. Minskdə keçiriləcək görüşə artıq heç kim maraq göstərmir. Həmin toplantıda Ermənistanla yanaşı Qırğızıstanın da üzvlük məsələsi reallaşmalıdır.
Qazax liderin səsləndirdiyi bəyanat Ermənistanda birmənalı qarşılanmır. Məsələn, erməni politoloqu, Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan hesab edir ki, Nazarbayevin bəyanatını ciddi qəbul etmək gərəkdir. Onun qənaətincə, Ukraynada baş verən proseslər qurumdaxili ziddiyyətləri daha da dərinləşdirə bilər. O hesab edir ki, Avrasiya İqtisadi Birliyinə üzv olan dövlətlər arasında fikir ayrılıqları və ziddiyyətlər mütəmadi olaraq davam edir. “Hər üç prezidentin öz maraqları var və onlar daim bir-biri ilə razılaşmırlar. Bu fikir ayrılığı Qazaxıstan-Rusiya, Rusiya-Belarus, Belarus-Qazaxıstan tandemi üzrə davam edir” - deyən ekspert fikir ayrılığının Kalinov maşınqayırma zavodu, neftin ixracı, Çin və Qazaxıstandan traktorların ixracı məsələsində ortaya çıxdığını bildirib. Erməni politoloq daha sonra maraqlı bir fikir ortaya qoyur. Onun sözlərinə görə, Ermənistanın quruma üzv qəbul olunmasından sonra fikir ayrılıqlarının aradan qalxacağını söyləmək, sadəcə ağılsızlıqdır: “Bu ziddiyyətlər daha da artacaq. Onların Serj Sarkisyanı qucaqlayaraq öz sıralarına qəbul edəcəyini də gözləmək ağılsızlıqdır”. İsgəndəryan onu deyir ki, Gömrük İttifaqı Ukraynaya hədəflənməklə təsis edilib. Yəni bu layihənin mərkəzi Ukrayna idi, Ermənistan yox. Onun qənaətincə, Rusiya Ermənistan ilə bağlı planlarını dəyişib. Belə ki, rəsmi Moskva prezident Serj Sarkisyanın yerinə baş nazir Ovik Abramyanı gətirmək istəyir. O, bu məsələnin erməni mətbuatında geniş müzakirə olunduğunu bildirib: “Medvedyevin İrəvana Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması ilə bağlı müzakirələr aparmağa gəldiyi bildirilirdi. Halbuki bunu hər kəs bilir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasını yalnız Rusiya həll edir, rəsmi İrəvanın mövqeyinə fikir verilmir. Məsələn, mayın 29-da Astana keçirilən toplantı Serj Sarkisyan xahiş etmişdi ki, Avrasiya İqtisadi Birliyinə qoşulmaq üçün texniki məsələləri həll etməkdən ötrü ona 15 gün vaxt verilsin. Lakin heç Sarkisyana fikir verən olmadı və Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması məsələsinin müzakirəsi oktyabr ayına qədər təxirə salındı. Ona görə də Medvedyevin Ermənistana gəlməsi planlaşdırılmırdı. Sadəcə olaraq rəsmi Moskva Abramyanı çətin vəziyyətə salaraq sınaqdan keçirdi. Əvvəlcə Medvedyevin səfər edəcəyini bəyan edən Abramyan daha sonra söhbəti “fırladaraq” Rusiya baş nazirinin İrəvana gəlməyəcəyini, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsinin Minskdə müzakirə ediləcəyini bildirdi. Bununla da rəsmi Moskva Ermənistan baş nazirinin çətin vəziyyətdən necə çıxacağını kənardan müşahidə etdi. Abramyanın prezident olması üçün Rusiya tərəfindən ilk “xeyir-dua” verildi””.
Gəlinən qənaət isə budur ki, Ermənistanı Avrasiya İqtisadi Birliyinin astanasında saxlayıblar. Bunu Qazaxıstan xarici işlər naziri Yerlan İdrisova da bu günlərdə bir növ təsdiqləmiş olub. O bildirib ki, oktyabrda AİB-ə üzv olan dövlət başçılarının Minskdə keçirilən növbəti görüşündə Ermənistanın quruma üzvlüyü reallaşmaya da bilər.
Müxalif “İrs” Partiyasının sədr müavini Armen Martirosyan isə hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü Rusiyanı maraqlandırmır. Bu layihəni gündəmə gətirməkdə Putinin məqsədi “Şərq Tərəfdaşlığı”nı dağıtmaq olub.
Öz növbəsində Ermənistanın sabiq xarici işlər naziri Armen Arzumanyan hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə bağlı proseslər Yerevandan asılı olmayaraq cərəyan edir. Onun fikrincə, Ermənistan hökumət nümayəndələrinin bu prosesdən xəbəri yoxdur. Bundan başqa, Gömrük İttifaqının təsisçi olan üç ölkə arasında da tənzimlənməyə ehtiyac olan ziddiyyətlər az deyil. “Hər necə olsa da, mən Ermənistanın AİB-ə daxil olmayacağına ümid edirəm” - deyə Arzumanyan deyib. Politoloqların gəldiyi yekun qənaət budur ki, Ermənistanın AİB-ə daxil olmasında ortaya çıxan ciddi maneələri ölkə rəhbərliyi öz xalqından gizlətməyə çalışır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər