• cümə axşamı, 25 aprel, 03:53
  • Baku Bakı 19°C

Ermənistandan geriyə addım

28.06.14 09:10 1122
Ermənistandan geriyə addım
Əvvəldən də proqnoz edildiyi kimi, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü problemlərlə üzləşməkdədir. Rəsmi Yerevan bəyan edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə giriş tarixi dəyişdirilə bilər. Bu barədə mətbuata açıqlamasında Ermənistanın baş naziri Ovik Abramyan məlumat verib. Onun sözlərinə görə, ölkəsi mütləq bu birliyə daxil olacaq. Bu sözdən sonra dediklərini zarafata salıb “heç vaxt olmamaqdansa gec olması daha məsləhətlidir”. Abramyan hər şeyin 3 iyulda keçiriləcək görüşdən sonra bəlli olacağını deyib. Bununla yanaşı baş nazir ölkənin birliyə daxil ediləcəyi təqdirdə Ermənistanla Dağlıq Qarabağ arasında buraxılış məntəqələrinin qoyulub-qoyulmayacağı haqqında sualdan yayınıb. Yerli jurnalistlər müəyyən ediblər ki, son bir neçə gündə Dağlıq Qarabağı hökumət başçısı başda olmaqla bir çox yüksək çinli ziyarət edib. Bu cür səfərlər təbii ki, təsadüf deyil. Qəzet əməkdaşlarının fikrincə, ola bilər ki, Ermənistanın bu birliyə daxil olacağı təqdirdə yarana biləcək problemlər, heç kimin tanımadığı Dağlıq Qarabağla Ermənistan arasında buraxılış məntəqələrinin yerləşdirilməsi müzakirə edilir.
Prezidentliyə keçmiş namizəd Andrias Qukasyan da maraqlı bir açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Ermənistan heç bir zaman Avrasiya İqtisadi Birliyinə üzv qəbul olmayacaq. “Dağlıq Qarabağ münaqişəsi ölkənin siyasi problemlərinin həllində əsas məsələ olaraq qalır. Bu, Assosiativ üzvlüklə bağlı sənədin imzalanması, eləcə də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyündə də özünü büruzə vermiş oldu. Yerevan özünün siyasi istiqamətini Qarabağ məsələsini nəzərə almaqla müəyyən edir” - deyə erməni siyasətçisi vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın iyulun 1-nə kimi Avrasiya İqtisadi məkanına nəinki üzv olmayacaq, heç Avrasiya İqtisadi Birliyinə belə qoşulmayacaq: “Bu gün Belarus və Qazaxıstan Ermənistanın Avrasiya iqtisadi məkanına qoşulmasına qarşıdır və bu da öz rolunu oynadı”. Onun qənaətincə, “əgər oradan “Avrasiya” sözünü çıxarsaq, onda bu qurum Rusiya, Belarus və Qazaxıstan arasında bir iqtisadi cəmiyyət rolunu oynamış olur və belə olan halda Ermənistanın orada heç bir işi yoxdur”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Ermənistan üçün vacib məsələnin - Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfəri zamanı həll ediləcəyi ümidləri özünü doğrultmayıb. Jurnalistlər qarşısında çıxış edən ölkənin ilk ombudsmanı Larisa Alaverdyan bildirib ki, Sergey Lavrovun erməni kökləri İrəvana yaxşı heç nə gətirmədi: “O, burda çox şeydən danışdı. Amma biz işəyarayan heç nə eşitmədik”. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan prezidentinin Rusiya, Qazaxıstan, Belarus rəhbərlərinə Ermənistanın Avrasiya İqtisadi Birliyinə işğal edilmiş Dağlıq Qarabağla daxil olmasının mümkünsüzlüyü barədə məktubu İlham Əliyevin ermənilər üzərində yeni diplomatik qələbəsidir.
Ekspertlər həm də erməni nazir Edvard Nalbandyanın İrəvanda rusiyalı həmkarı Sergey Lavrovla görüşdə Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olub-olmayacağı ilə bağlı mövzunun demək olar ki, müzakirə edilmədiyinə diqqət çəkiblər. Amma “X” gününə, daha doğrusu 1 iyula bir neçə gün qalıb. Moskva Ermənistanın bu quruma daxil olmaq səylərini dəstəkləyir. Amma ora necə girməli? İşğal edilən Dağlıq Qarabağla ya onsuz? Bir çox politoloqlar hesab edirlər ki, bir neçə “Qarabağı kimi problemi” olan Moskvanın dəstəyinə baxmayaraq çətin ki, Astana və Minsk Ermənistanın işğal edilən torpaqlarla Avrasiya İqtisadi Birliyinin üzvi olmaq arzusunu dəstəkləsin. Müstəqil erməni mənbələri Rusiyanın Ermənistanla müttəfiqliyinin “səmimiliyində şübhələnməyə əsas verən məqamlara” diqqət çəkir və iqtisadi baxımdan Rusiyadan asılı olan Ermənistanın artıq bir dövlət kimi “müstəqil siyasət yeritmək imkanını da itirməkdə” olduğunu qeyd edirlər.
“Ermənistanın iyulun birində Avrasiya İttifaqına daxil olması haqqında saziş imzalanacağı da daha etimad doğurmur” – deyə “Lragir” internet nəşrinin siyasi icmalında bildirilib. Burada Rusiya XİN rəhbərinin Yerevandan əvvəl Bakıya səfər etdiyi xatırlanır, Moskvanın Azərbaycanı Avrasiya İttifaqına çəkmək cəhd etdiyi ehtimal edilir. “Və bunun qiyməti Moskva ilə Bakı arasında Qarabağla bağlı Ermənistanın maraqlarına zidd sövdələşmə ola bilər” - deyə “Lragir” yazır. Daha bir problem Ermənistanın başqa ölkə və təşkilatlarla münasibətlərinin Moskvanın xarici aləmlə münasibətlərindən asılı vəziyyətə düşməsidir. Hal hazırda Ermənistan NATO ilə əməkdaşlıq edir, Ermənistan hərbi kontingenti Əfqanıstanda NATO-nun sülhməramlı əməliyyatlarına cəlb olunub. Lakin bu günlər Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja təşkilatın NATO ilə “dialoqu dayandırmaq” haqqında qərar qəbul etdiyini bəyan edib. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Hovhannisyan Ermənistan-NATO proqramı üzrə əməkdaşlığın razılaşmalara əsasən davam etdiyini bildirsə də, təhlilçilər KTMT çərçivəsində NATO ilə əməkdaşlığın dayandırılmasının yaxın gələcəkdə Ermənistanın NATO ilə birbaşa əlaqələrinə təsir edəcəyinə əmindirlər. Qeyd edək ki, ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsinin Təşkilatının baş katibi Nikolay Bordyuja İrəvana gəlib. Qeyri-rəsmi məlumatlara görə Bordyujanın səfəri İrəvanı Avrasiya İqtisadi Birliyinə girmək məsələsində keçirdiyi tərəddüdləri aradan qaldırmaq məqsədi daşıyır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər