• cümə axşamı, 18 aprel, 05:21
  • Baku Bakı 15°C

Ermənistandan ABŞ-a rədd cavabı

31.08.16 11:27 1022
Ermənistandan ABŞ-a rədd cavabı
Ermənistan hakimiyyəti Birləşmiş Ştatlarla münasibətlərə xələl gətirə biləcək addım atıb. Belə ki, düşmən ölkənin məhkəməsi ABŞ tərəfindən barəsində axtarış elan olunmuş Rusiya vətəndaşı Sergey Mironovun həbs edilməsi barədə prokurorun həbs qətimkan tədbiri seçmək vəsatətini qəbul etməyib. Qapalı rejimdə keçən məhkəmə iclası başlanmazdan əvvəl Sergey Mironov Yerevan Zvartnots hava limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını anlaşılmazlıq adlandırıb. O, yerli jurnalistlərə deyib ki, "səhv baş verib” və vəziyyətin tezliklə tənzimlənəcəyinə əmindir. "Mənim üçün bu, bir tapmacadır. Mən Birləşmiş Ştatlarda bircə dəfə olmuşam, o da işimlə bağlı. Biz bir həftəliyinə Silikon vadisinə getmişdik. Səfərin məqsədinə dair heç bir ikili fikir ola bilməz”, – deyə o bəyan edib.
Rusiya-Ermənistan Vəkillər Kollegiyasının prezidenti Ruben Kirakosyan "RIA Novosti” agentliyinə deyib ki, "S.Mironov azadlıqda olacaq, amma Yerevanda qalmalıdır. Məsələ həll olunmayanadək onun ölkədən çıxmasına icazə verilməyəcək”. S.Mironovun vəkili Karen Nersisyanın sözlərinə görə, müdafiəsində durduğu şəxs "tamamilə azaddır və istədiyi vaxt Ermənistanı tərk edə bilər, lakin o, avqustun 30-na kimi Yerevanda qalacaq”.
"Lakin Mironovun ABŞ-a ekstradisiyası məsələsi hələ açıq qalır”, - deyə vəkil əlavə edib. Vəkil bildirib ki, saxlanma faktı ona qəribə təsir bağışlayıb: "Məsələ ondadır ki, iyul ayında Sergey Mironov Şengen vizası alıb. Buna qədər isə Hindistana səfər etsə də, heç bir saxlanma baş verməyib. Birləşmiş Ştatlara isə bir dəfə, 2013-cü ildə səfər edib. Burada informasiya texnologiyaları üzrə seminarda iştirak edib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildiriblər ki, Sergey Mironov İnterpol xətti ilə axtarışda olub. Lakin mən bu təşkilatın bazasında heç bir fakta rast gəlmədim”. Vəkilin sözlərinə görə, Mironovun yanında rusiyalı konsul da olub. Ermənistan qanunvericiliyi rusiyalı vəkillərin soydaşlarının məhkəmə prosesində iştirakını mümkün edir: "Bunun üçün isə sadəc,ə Ermənistan Vəkillər Palatasında qeydiyyatdan keçmək gərəkdir”. Vəkil bildirib ki, müdafiəsində durduğu şəxsin həbsi onun qanunları pozması ilə bağlı deyil. Sadəcə, bu, amerikalıların onun peşəkar fəaliyyətindən narazılığı ilə bağlıdır”.
Sergey Mironovun xanımı Yuliya da bildirib ki, əri hər hansı ikili texnologiyalarla bağlı məşğul olmayıb. Bu səbəbdən də amerikalıların iradlarını əsassız və saxtadır. Öz növbəsində Rusiya İctimai Palatası bəyan edib ki, Rusiya vətəndaşının saxlanılması bütün beynəlxalq hüquq normalarına zidd olub.
Ermənistan Polisinin məlumatına görə, barəsində ABŞ hüquq-mühafizə orqanları tərəfindən 11 may 2016-cı il tarixində beynəlxalq axtarış elan edilmiş 1986-cı il təvəllüdlü Rusiya vətəndaşı Sergey Mironov Zvartnots hava limanında saxlanılıb. Sergey Mironov proqramçı və sistem administratoru qismində çalışdığı "Synesis” şirkəti vasitəsilə qeyri-qanuni silah alveri etməkdə şübhəli bilinir. Agentliklər Sergey Mironovun informasiya texnologiyaları (IT) sahəsində çalışdığını və Ermənistana həyat yoldaşı Yuliya ilə istirahətə getdiyini bildirir. Rusiya-Belarus "Synesis” şirkətinin saytında Sergey Mironov ticarət qovşaqları istiqamətində inkişaf üzrə direktor kimi təqdim edilir. Şirkət videomüşahidə və kompüter "görmə qabiliyyəti” əsasında intellektual sistemlərin işləyib hazırlanması ilə məşğul olur. Sistemlər kütlənin cəmləşdiyi yerlərdə - metropoliten, dəmir yolları, ticarət müəssisələrində - təhlükəsizlik problemlərinin təmin olunması məsələlərini həll edir.
Hadisə ilə bağlı Rusiya agentliyinin müraciətinə cavab olaraq, ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trudeau məsələ ilə bağlı yerli Ermənistan hakimiyyətinə müraciət etməyi məsləhət edib. Ermənistanın rəsmi orqanları ABŞ-ın sifarişi ilə Rusiya vətəndaşının tutulub saxlanması ilə bağlı hələ heç bir şərh və ya bəyanat verməyib.
Beləliklə, rəsmi Yerevan ABŞ hakimiyyətinin barəsində axtarış elan etdiyi şəxsi təhvil verməkdən boyun qaçırdı. Bir faktı da qeyd edək ki, ABŞ son vaxtlar Ermənistandan bir növ incik düşmüş vəziyyətdədir. Məsələn, ABŞ bu yaxınlarda Ermənistanda insan haqlarının kobud şəkildə pozulmasından narahatçılığını ifadə edən bəyanat verib. "Ermənistanda insan haqları sahəsində əsas problemlərdən biri də hakim Respublika Partiyasının dominant mövqeyini qorumaq üçün dövlət resurslarından istifadə edilməsidir”. Bu sözlər ABŞ Dövlət Departamentinin İnsan Haqları ilə bağlı illik hesabatında yer alıb. Departament həmçinin məmurların öz iqtisadi və siyasi imkanlarından tərəfdarları və korrupsiyaya məruz qalmış məhkəmə sisteminin varlanması üçün istifadə etdiyini bildirib: "Hökumətin korrupsiyası ilə bağlı çox sübutlar var. Konstitusiya məmurların bizneslə məşğul olmasına qadağa qoysa da, şirkət rəhbərləri və oliqarxlar öz deputat mandatlarını qoruyub saxlayır, bir neçə hökumət üzvü isə öz biznes maraqlarını inkişaf etdirməkdə davam edirlər”.
Bu, tək fakt deyil. İşğalçı Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı halların sayı hər gün artmaqdadır. Avropada geniş oxucu kütləsinə malik "Eureporter” jurnalının ötən saylarından birində də Ermənistanda insan hüquqlarının pozulması hallarının tənqid edildiyi məqalə dərc olunub. Yazıda Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən illik iclasında Sərhədsiz İnsan Hüquqları təşkilatının rəhbəri Villi Fautre tərəfindən açıqlanan Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı hesabata da yer ayrılıb. Hesabatda qeyd edilir ki, müstəqil məhkəmə hakimiyyətinin olmaması ölkədə insan hüquqlarının ümumi vəziyyətinin pisləşməsinin nümunələrindən biridir. V.Fautre Varşavada çıxışı zamanı Ermənistanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərə istinadən qeyd edib ki, icra və məhkəmə hakimiyyətləri arasında asılılığın olması sistematik problemləri üzə çıxarır. Əsasən, məhkəmə hakimiyyətinin müstəqil olmaması insan hüquqlarının pozulması hallarının kütləvi hal almasına səbəb olur.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər