• cümə, 29 Mart, 00:37
  • Baku Bakı 7°C

Ermənistandakı seçki kampaniyasında silahlar işə düşüb

15.03.17 13:00 804
Ermənistandakı seçki kampaniyasında silahlar işə düşüb
Gələn ay Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda ölkədə siyasi müstəvidə ziddiyyətlərin dərinləşəcəyi barədə proqnozlar özünü doğrultmaqdadır.A prelin 2-nə təyin edilmiş parlament seçkilərinin təbliğat kampaniyası başlayandan az sonra artıq silahlar işə düşüb. Armavir vilayətinin Cararat kəndində keçmiş müdafiə naziri Seyran Ohanyanın, keçmiş xarici işlər naziri Vardan Oskanyanın və "İrs” partiyasının lideri Raffi Ovanisyanın daxil olduğu "Ohanyan-Raffi-Oskanyan” blokunun seçicilərlə görüşü zamanı atışma baş verib. Məlumata görə, blokun seçicilərlə görüşü zamanı kənd administrasiyasının rəhbəri, Ermənistanın polis rəisinin qohumu, hakim Respublika Partiyasının üzvü Samvel Qalstayn Ohanyanın tərəfdarlarını hədələməyə başlayıb və onun ətrafındakılardan biri tapançanı çıxararaq Ohanyanın adamlarına tərəf atəş açıb. Buna cavab olaraq Ohanyanın adamları da havaya atəş açıb və Qalstyanı zərərsizləşdiriblər. Dava düşüb və hər iki tərəfdən xəsarət alanlar var. Ermənistan İstintaq Komitəsi bildirib ki, martın 12-də axşam saat 18.00 radələrində Cararat kəndində baş vermiş insident zamanı Lernik Yeranosyan və Mikael Baboyan adlı şəxslər ağır bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
İnsidentlə bağlı beş nəfər saxlanılıb. Saxlanılanlar ifadə verməkdən imtina edir. Nə baş verdiyi haqda ancaq Yeranosyan danışıb. Xəbərlərə görə, saxlanılanlar Ohanyanın blokunun tərəfdarlarıdır. Keçmiş müdafiə naziri özü insidentə münasibət bildirərkən deyib ki, kənd administrasiyasının rəhbəri seçiciləri onların görüşünə buraxmaq istəməyib və hədələyib. Bu zaman onun tərəfdarları ilə hakim partiyanın adamları arasında dava düşüb. Ohanyanın bildirdiyinə görə, dava zamanı Qalstyanın adamlarından biri silah işlədib. "Lakin mənim tərəfdarlarımın peşəkarlığı sayəsində onu tərksilah etmək mümkün olub, silah polisə təhvil verilib”,– deyə Ohanyan bildirib. Keçmiş müdafiə naziri əlavə edib ki, hakimiyyət bu insidentə görə ancaq bir tərəfi yox, bütüniştirakçıları həbs etməliydi. Ohanyan kənddə atışmanın olduğunu təsdiqləsə də, bütün qalan sualları hüquq-mühafizə orqanlarına ünvanlamağı məsləhət görüb. Davada iştirak edənlərdən və Ohanyanın adamları tərəfindən döyülənlərdən biri Lernik Yeranosyan Ermənistan polis rəisinin müavini Levan Yeranosyanın qardaşıdır, o, ağır kəllə-beyin travması alıb.

Bütün bunlar Ermənistanı növbəti "qanlı 2 aprel”in gözlədiyindən xəbər verə bilər. Bundan əvvəl də seçki tədbirləri zamanı hakim partiyanın tərəfdarları ilə müxalifətçilər arasında bir neçə silahlı insident baş vermişdi.

Bu arada Ermənistanın sabiq müdafiə naziri, "Ohanyan-Raffi-Oskanyan” seçki blokunun lideri Seyran Ohanyan Ermənistan silahlı qüvvələrində cinayət, o cümlədən, qətl hallarının araşdırılması işində Ermənistan məhkəmə sistemi tərəfindən çoxsaylı səhvə yol verildiyini bəyan edib. Bunu, ötən il oktyabr ayında müdafiə naziri vəzifəsindən azad edilmiş Seyran Ohanyan "Ohanyan-Raffi-Oskanyan” (ORO) seçki blokunun Ermənistanın Armavir şəhərində seçicilərlə görüş zamanı etiraf etməyə məcbur olub. ORO bloku nümayəndələrinin çıxışlarını dayandıran qeyri-döyüş şəraitində orduda həlak olan əsgər anası Nana Muradyan 19 yaşlı oğlunun 8 il bundan əvvəl məhz Seyran Ohanyanın müdafiə naziri olduğu dövrdə öldürüldüyünü xatırladıb. "İndi deyirlər, "dördgünlük müharibə” zamanı yanacaq qıtlığı səbəbindən bizim zirehli maşınlar mənzil başına çata bilmədi. Bugünkü müdafiə naziri də deyir, baş naziri düz başa düşməyibsiniz - o, keyfiyyətsiz yanacaq deyib. Axı, yanacaq niyə oğurlanmalıdır ki, əsgər də görsün və buna görə onu öldürsünlər, başını yesinlər, sonra da desinlər ki, yanacaq çatışmadı, yanacaq çirkli, keyfiyyətsiz idi - tanklar mənzil başına çatmadı? Mənim oğlumu da elə ona görə öldürüblər, çünki oğlum yanacaq oğurluğunun şahidi olub”, - deyə əsgər anası bildirib.
Hüquq-mühafizə orqanları əsgər Valeri Muradyanın ordu xidməti zamanı özünü asaraq intihar etdiyini təkid edirlər. Lakin mütəmadi olaraq prezident iqamətgahı, parlament, hökumət, məhkəmə və başqa dövlət orqanı binaları önündə etiraz aksiyaları keçirən əsgər anası oğlunun bədənində çoxsaylı yaraların onun rəsmi ölüm səbəbinə aidiyyəti olmadığını bildirir. Nana Muradyan orduda qeyri-döyüş şəraitində ölən başqa əsgər anaları ilə övladının "həqiqi ölüm səbəbi”nin müəyyən edilməsi və "əsl günahkarların” cəzalandırılması üçün mübarizə aparır. "Qara geyimli qadınlar”ın prezident iqamətgahı qarşısında aksiyaları dəfələrlə polis tərəfindən dağıdılıb. "Qara geyimli qadınlar”, müdafiə naziri olarkən Seyran Ohanyanla da görüşüblər. Sabiq müdafiə naziri Nana Muradyanın şikayəti ilə bağlı, rəsmi araşdırma təşkil edilib və "adamlar cəzalandırılıblar”, deyib. "Şübhəsiz hamının nöqsanları olub, o cümlədən, mənim... Lakin bu nöqsanların böyük hissəsi müdafiə nazirindən deyil, məhkəmə sistemi və hazırda Ermənistan Respublikasında hökm sürən durumdan asılıdır”, - deyə Seyran Ohanyan jurnalistlərə deyib.

Seçkilərdən söz düşmüşkən, əksər bloklar hədəflərini hakimiyyət üzərində qururlar.

"Ölkədə yaranmış pis vəziyyətə görə kim günahkardırsa getməlidir”. Bunu "Tsarukyan” blokunun lideri Qarik Tsarukyan seçkiqabağı kampaniya çərçivəsində Aparan şəhərində seçicilərlə görüşdə deyib. Mənbə yazır ki, Tsarukyan indiki seçki kampaniyası zamanı, bunadək hakimiyyətin dəyişməli olması barədə heç nə deməmişdi. Tsarukyan çıxışında daha çox ölkədəki iqtisadi vəziyyətə toxunub, aşağı faizlə kredit əldə etmək imkanının qarşısında duran əsas tapşırıq olduğunu bildirib. Məlumata görə, Aparan, həmçinin Talin və Aştarak yaşayış məntəqələrində vətəndaşlar Tsarukyandan yazılı şəkildə müxtəlif xahişlər ediblər, əsasən də maddi yardım istəyiblər. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tiqran Mukucyan ötən həftə bildirib ki, seçkiqabağı kampaniyalar zamanı bu cür yardımlar və 2 aprel seçkisindən sonra pul yardımı vəd etməyə seçki rüşvəti kimi baxıla bilər. Tsarukyan isə onun bu bəyanatına toxunaraq deyib: "İndiyədək elə adam olmayıb ki, mənə ağız açsın, mənsə ona kömək etməyim. Mukucyansa qanuna işarə edərək deyir ki, bir də insanlara vəd verməyin, vəd də rüşvətdir. Yaxşı qoy insanlar ölsün...bir də heç nə vəd etməyəcəyəm, əziz xalq, Mukucyan qadağan edib”. Mənbə yazır ki, Tsarukyanı müşahidə edən şəxslər vətəndaşlardan yazılı müraciətlər toplayıb və onlara cavab veriləcəyini vəd ediblər.
Azər

banner

Oxşar Xəbərlər