• çərşənbə axşamı, 23 aprel, 22:41
  • Baku Bakı 20°C

“Ermənistandakı hərbi bazanın komandanının fikirləri təhrif edilib”

21.11.13 15:52 1493
“Ermənistandakı hərbi bazanın komandanının fikirləri təhrif edilib”
Rusiyanın Qəbələ radiolokasiya stansiyasını (RLS) Azərbaycana təhvil verməsi ilə bağlı bütün cari məsələlər praktiki olaraq həll edilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvada MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının 65-ci iclası çərçivəsində rusiyalı həmkarı Sergey Şoyqu ilə keçirdiyi ikitərəfli görüşdə deyib.
Z.Həsənov bildirib: "Qəbələ RLS-in praktiki olaraq təhvil verilməsindən xəbərdaram. Məndə olan məlumata görə, orada problem yoxdur. Bütün cari məsələlər həll edilir və ya demək olar ki, həll edilib". Nazir əminliyini bildirib ki, iki ölkənin Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlığın digər məsələlər də həll ediləcək: "İki ölkə arasında tarixən qurulmuş əlaqələr davam və inkişaf edir".
S.Şoyqu isə azərbaycanlı həmkarını müdafiə naziri təyin edilməsi münasibətilə təbrik edərək milli hərbi qüvvələrin möhkəmləndirilməsində və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında uğurlar arzulayıb: "Bu, istənilən dövlətdə, xüsusən də Azərbaycan kimi ölkədə məsuliyyətli vəzifədir".
Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü zamanı Ermənistandakı Rusiya hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin məlum bəyanatı müzakirə olunub. Zakir Həsənov rusiyalı həmkarı ilə görüşü zamanı Gümrüdəki 102 saylı hərbi bazanın komandanı Andrey Ruzinskinin “Krasnaya Zvezda” qəzetinə müsahibəsində səsləndirdiyi “Azərbaycan Dağlıq Qarabağda əməliyyata başlasa, hərbi baza münaqişəyə qoşula bilər” bəyanatını gündəmə gətirib. S.Şoyqu isə A.Ruzinskinin sözlərinin təhrif olunduğunu bildirib: “Çox güman ki, bu, müsahibəni götürən jurnalistin səhvi olub”.
Qeyd edək ki, görüşün yekunu olaraq Azərbaycan və Rusiyanın müdafiə nazirlikləri arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.
banner

Oxşar Xəbərlər