• cümə, 29 Mart, 03:11
  • Baku Bakı 7°C

Ermənistandakı həbslər hakimiyyəti qorumaq məqsədi güdür

07.06.16 12:34 1351
Ermənistandakı həbslər hakimiyyəti qorumaq məqsədi güdür
Aprel ayının əvvəlində baş verən dörd günlük müharibədə ağır sarsıdıcı zərbə alan düşmən hələ də özünə gələ bilmir. Cəbhə xəttində yaşadığı şokdan özünü itirən Serj Sarkisyan hakimiyyəti reallıqları dərk etmək, işğalçı və qeyri-konstruktiv siyasətə son qoymaq əvəzinə, məğlubiyyətin günahını öz hərbçilərinin üzərinə yıxmağa, bu yolla özünü qorumağa çalışır. Misal üçün, aprel hadisələrindən dərhal sonra Ermənistan ordusunun bir neçə yüksək vəzifəli hərbçisi prezident S.Sarkisyanın əmri ilə işdən azad edilib. Bunlar müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, baş qərargahın kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan, general Melsik Çilingəryan, ordumuz tərəfindən dağıdılan Madagiz polkunun komandiri, polkovnik Arutyun Əmirxanyandır.
Bu günlərdə isə Ermənistanın İstintaq Komitəsinin rəhbəri Sona Truzyan Feysbuk səhifəsində yazıb ki, Ermənistan ordusunda yeni həbslər başlayıb. O bildirib ki, gecəyarı bir müddət öncə ordudakı vəzifəsindən azad olunan general Melsik Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib. Ermənistan silahlı qüvvələrinin polkovniki David Abrahamyana qarşı da vəzifəsindən sui-istifadə etmə maddəsi ilə cinayət işi açılıb. İstintaq Komitəsinin məlumatına görə, ona qarşı ittihamlar irəli sürülüb. Ondan Ermənistanın Müdafiə Nazirliyinə dəymiş ziyanın tam ödənilməsi tələb olunur. Bütün bunlar Ermənistan siyasi hakimiyyətinin, o cümlədən erməni ordusunun reallıqlarını, gücünü tam çılpaqlığı ilə ortaya qoyur. "Toydan sonra nağara” effekti daşıyan bu kimi addımlarla S.Sarkisyan hakimiyyəti xalq qarşısında itirilmiş etimadını, nüfuzunu bərpa etməyə çalışır. Lakin inanmaq çətindir ki, generallardan "günah keçisi” düzəltməklə, Ermənistan prezidenti nəyəsə nail olsun.
Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə açıqlayan politoloq Mübariz Əhmədoğlu real və virtual olmaqla iki Ermənistanın mövcudluğuna diqqət çəkib. Bildirib ki, aprel hadisələrinə qədər dünya ictimaiyyəti siyasətdə, hərbidə, iqtisadiyyatda, mətbuatda virtual Ermənistanı tanıyıb. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində yerləşən kiçik bir qrupunun düşmənə layiqli cavab verməsinə qədər S.Sarkisyan Ermənistan barədə özünəməxsus fon yaradıb. Lakin cəmisi 4 gün ərzində davam edən müharibə zamanı sarsıdıcı zərbə alan, strateji yüksəklikləri, həmçinin yüzlərlə canlı qüvvəsini, hərbi texnikasını itirən Ermənistan yuxudan ayılıb: "Sarkisyan aprel hadisələrinə qədər fon yaratmışdı ki, guya Ermənistanda hər şey yaxşıdır, ordu üçün bütün silahların əlası alınır, heç kəsin hüququ pozulmur, demokratik cəmiyyət qurulub, sosial-iqtisadi problemlər yoxdur və sair. Amma 4 günlük müharibə virtual Ermənistanı dağıtdı, real Ermənistan mənzərəsini ortaya qoydu. Əsl Ermənistan üzərindəki pərdə bununla da götürüldü. O baxımdan hazırda Ermənistanda baş verənlər reallıqlardır. İndi məlum olur ki, Ermənistan hakimiyyətində olduğu kimi, orduda da korrupsiya, rüşvət, yeyinti baş alıb gedir. Orduya ayrılan pullar yüksək rütbəli hərbçilər tərəfindən mənimsənilib. Yenisi adı altında köhnə, istifadə üçün yararsız silahlar baha qiymətə alınıb. Həmçinin üzə çıxıb ki, Ermənistan ordusunun məğlubiyyətinə bir səbəb də xidmətə yararsız, xəstə adamların hərbiyə cəlb olunmasıdır. Hazırda belə adamları orduya çağıran, yaxud insanları hərbiyə cəlb etməkdə saxtakarlığa yol verənlər aşkarlanır və həbs olunur. Fikrimcə, bu iş getdikcə daha da böyüyəcək. Bu həbslər yalnız generallarla məhdudlaşası deyil. Çünki həmin generallar orduda yol verdikləri maxinasiyalar və silah alınması zamanı əldə etdikləri pulları yalnız özləri yeməyiblər. Bu pullardan müdafiə nazirinə, Prezident Aparatına da pay verilib. O baxımdan iş gəlib bunlara qədər çatacaq. Ya Serj Sarkisyan özü də daxil olmaqla müdafiə naziri və digər yüksək rütbəli şəxsləri həbs etdirməlidir, ya da bu şounu müəyyən bir mərhələdə dayandırmalıdır. Müəyyən bir həddə bu məsələni dayandıranda isə keçmiş Qarabağ döyüşçülərinin narazılığı ilə qarşılaşacaq. Baş verənlər göstərir ki, Ermənistanla bağlı hadisələrin episentri bu dövlətin daxili prosesləri olacaq. Bu zaman əsas aparıcı aktorlar da keçmiş və indiki hərbçilər olacaq”.
Sabiq təhlükəsizlik zabiti, hərbi məsələlər üzrə ekspert Arzu Nağıyev isə qəzetimizə açıqlamasında bildirib ki, Ermənistanda baş verən bütün proseslərin kökündə S.Sarkisyanın öz siyasi hakimiyyətini qoruyub saxlaması məqsədi dayanır. Onun sözlərinə görə, aprel hadisələrindən dərhal sonra S.Sarkisyanın məğlubiyyətə səbəb kimi Azərbaycanın İsraildən müasir silahlar almasını, Rusiyanın Ermənistanla müqayisədə Azərbaycana daha çox və müasir silah-sursat satmasını, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin rəsmi İrəvanı müdafiə etmədiyini göstərməsi də məhz bu amilə xidmət edib: "Orduda rabitəyə, təchizata, kəşfiyyata cavabdeh generalların işdən çıxarılması, indi isə yüksək rütbəli bəzi hərbçilərin həbs olunması prosesi baş verir ki, bunun da məqsədi Sarkisyan hakimiyyətinin xilas edilməsidir. Son məlumatlara görə, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal altında saxlayan Ermənistan artıq müdafiə naziri Seyran Ohanyanın başçılığı ilə Ağdam və Dağlıq Qarabağ ərazisində müxtəlif hərbi təlimlər keçirib. Bununla Ermənistan bir daha sübut edir ki, rəsmi İrəvan status-kvonu dəyişməz olaraq saxlamaq, atəşkəsə riayət etməmək niyyətindədir. Bu gün Ermənistanda daxili siyasi vəziyyət olduqca gərgindir. Millətçi Daşnaksütyun, qərbpərəstlər və Qarabağ klanı öz aralarında hakimiyyəti bölə bilmirlər. Aprel hadisələrindən sonra günahkar axtarışının bir səbəbi də bununla əlaqədardır. Ermənistanın son ümid yeri Astanada keçirilən tədbir çərçivəsində Vladimir Putinlə Serj Sarkisyanın görüşməsi idi. Lakin həmin tədbir çərçivəsində belə bir görüş baş vermədi. Çıxış edən prezidentlər də çox aydın şəkildə Sarkisyana izah etdilər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu baxımdan ermənilərdən yeni təxribatlar, o cümlədən atəşkəsin pozulması, iyun ayında prezidentlərin görüşünün əngəllənməsi və sair addımlar gözləmək mümkündür”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər