• cümə axşamı, 28 mart, 18:28
  • Baku Bakı 13°C

Ermənistandakı hadisələr sosial narazılığın məntiqi nəticəsidir

26.06.15 11:13 2497
Ermənistandakı hadisələr sosial narazılığın məntiqi nəticəsidir
Mübariz Əhmədoğlu: “Serj Sarkisyan Rusiyanın dediyi kimi hərəkət etmədiyi halda öldürülə bilər”

Ermənistanda başlayan etiraz aksiyaları özünün ən yüksək həddinə çatıb. Nə hökumət, nə də aksiya iştirakçıları geri çəkilmək fikrindədir. Aksiya iştirakçıları Ermənistan prezidenti Sej Sarkisyan ilə görüşməkdən belə imtina ediblər.
Qeyd edək ki, mitinqlərin başlamasına əsas səbəb kimi elektrik enerjisinin qiymətinin artırılması göstərilir. “Kaspi” qəzeti Ermənistanda baş verən son hadisələr haqqında politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.
- Mübariz müəllim, Ermənistanda baş verən son aksiyaları necə qiymətləndirirsiniz?
- Hazırda Ermənistanda baş verən hadisələri analiz etmək üçün vaxt lazımdır. Ən əsası, bu aksiyaların arxasında duranları müəyyən etmək üçün müəyyən müddət lazımdır. Lakin hazırda mən iki variantın arasında qalmışam. Birincisi, bu hadisə Rusiya tərəfindən planlaşdırıla bilər. Çünki Rusiya Ermənistanın Qərbə yaxınlaşmasının qarşısını almaq üçün bu yola əl ata bilər. İkincisi, bu hadisələrin arxasında Qərb dövlətləri, daha dəqiq desək, ABŞ dayana bilər. Lakin onu da unutmaq olmaz ki, rəsmi Vaşinqton Ermənistan prezidenti Serj Sarkisyanın tərəfindədir. ABŞ dediyi halda Ermənistan prezidenti Rusiyanın əleyhinə də gedə bilər. Amma Serj Sarkisyanın nazirlərinin əksəriyyəti, başda baş nazir olmaqla rusiyapərəstdirlər. ABŞ Ermənistanda nazirlərin əksəriyyətinin onun tərəfində olmasını istəyir və buna çalışır.
- Aksiyanın bundan sonrakı axarı necə olacaq?
- Mən düşünürəm ki, Ermənistanda baş verən son aksiyalar rəsmi İrəvan üçün Qarabağ problemi kimi olacaq. Bütün bunlar Ermənistan prezidentinin yürütdüyü siyasətin iflasına gətirib çıxaracaq. Bu ilin axırına, ən uzağı isə gələn ilin yanvarına qədər Ermənistanda daha böyük hadisələr baş verəcək. Birinci variant - Rusiya Serj Sarkisyanın siyasi fəaliyyətini bitirə bilər. Rusiyanın təzyiqlərindən sonra Ermənistan prezidenti Qərblə əlaqələrini kəsə bilər. Rəsmi Moskva birinci növbədə Qərb institutlarının Ermənistandan qovulmasına çalışacaq. Mən həmişə belə bir fikir söyləmişəm ki, ABŞ-ın Ermənistandakı səfirliyi böyüklüyünə görə dünyada ikinci yerdədir. Bütün bunlara görə, Rusiya ilk növbədə Qərbin Ermənistandakı mövqeyini zəiflətməyə çalışacaq. Əgər Serj Sarkisyan bütün təzyiqlərdən sonra bir istiqamətə yönəlsə, bu, onun yürütdüyü siyasətin iflasına gətirib çıxaracaq. İndiki halda mən Moskvanın Ermənistan prezidentinə daha güclü təzyiq göstərəcəyini və Qərbin həmin ölkədən çıxarılacağını gözləyirəm. Hətta bir neçə gündən sonra mitinqlərdə Ermənistanın Rusiyaya birləşməsi ideyaları səsləndirilə bilər. Yəni bir qrup aksiyaçı Ermənistan dövlətinin Rusiyaya birləşdirilməsini tələb edə bilər. Rusiya öz daxilində yaşayan erməni miqrantlardan bu istiqamətdə istifadə edə bilər. Yəni mitinqlərdə iştirak edənlərin tərkibini dəyişmək üçün Moskvanın öz adamlarını ora göndərəcəyini istisna etmirəm. Aksiyaları kimin təşkil etdiyinin artıq heç bir önəmi yoxdur. Çünki hadisələrin bundan sonrakı mərhələsini Rusiya idarə edəcək. Hətta artıq Rusiyanın aksiyanın gedişini idarə etdiyini də demək mümkündür. Bütün bunlar isə Ermənistan prezidentinin bir siyasətçi kimi iflas etməsi ilə yekunlaşacaq. Həmçinin Ermənistanda baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsində Azərbaycan dövlətinin mövqeyini də gücləndirir. Ölkəmiz Ermənistanı bir dairəyə salmışdı və bu dairə getdikcə daha da daralırdı. Hazırda Ermənistan dövlətinin nəfəsinin kəsildiyini demək olar. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həllinə çox böyük təsir göstərəcək.
- İrəvanda aksiyalar birdən-birə baş verdi, yoxsa başqa səbəblər mövcud idi?
- Ermənistanda baş verən son hadisələr sosial narazılığın məntiqi nəticəsidir. Yəni ölkə əhalisi yoxsulluq və səfalət içində yaşayır. Bir az pulu olan ermənilər başqa ölkələrə köçdülər. Ermənistanda qalan insanların əksəriyyəti imkansızdır. Elektrik enerjisinin bahalaşması isə bir bəhanə idi. Artıq ermənilər hazırkı hakimiyyətin yürütdüyü siyasətdən cana yığılıblar. Ermənistanın iqtisadiyyatı bərbad gündədir. İnsanların sosial vəziyyəti daha da pisləşib. İnflyasiya yüksək həddədir. Son illərdə Ermənistan iqtisadiyyatı ilə bağlı bir müsbət rəqəm yoxdur. 2015-ci ilin əvvəllərindən başlayaraq bütün iqtisadi rəqəmlər ya sıfırdır, ya da ki mənfi.
- Son aksiyalar inqilaba çevrilə bilərmi?
- Hazırda hibrid anlayışı gündəmdədir. Bu aksiyaların inqilaba çevriləcəyinə Rusiya dövləti imkan verməyəcək. Hətta Krımda olduğu kimi bu aksiyalarda da Rusiyanın “yaşıl adamları”nı da görmək mümkün olacaq. Lazım olduğu məqamda onlar hadisələrə müdaxilə edəcəklər. Hətta onlar gücdən belə istifadə edə bilərlər. Ermənistan rəhbərliyinə düşdükləri vəziyyət başa salınacaq. Serj Sarkisyan Rusiyanın dediyi kimi hərəkət etmədiyi halda hətta öldürülə də bilər. Moskva Ermənistanda Ukraynada olduğu kimi Maydan hadisələrinin baş tutmasına imkan verməyəcək. Məsələ Rusiyanın istədiyi kimi həll olunacaq.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər