• şənbə, 20 Aprel, 02:11
  • Baku Bakı 15°C

Ermənistandakı dəyişikliklər Qarabağ danışıqlarına təsir edə bilərmi?

09.09.16 12:20 986
Ermənistandakı dəyişikliklər Qarabağ danışıqlarına təsir edə bilərmi?
Ermənistan hökumətində dəyişiklik baş verib. Belə ki, bir neçə gündür gəzən söz-söhbət dünən reallaşıb və baş nazir Ovik Abramyan vəzifəsindən istefa verib.

Qeyd edək ki, bir neçə gün öncə yayılan xəbərlərdə bildirilirdi ki, onun yerinə Karen Karapetyan təyin olunacaq. Ermənistan hökumətindəki bu dəyişikləri politoloqlarla müzakirə edib səbəblərini araşdırmağa çalışdıq. Aydınlaşdırmağa çalışdıq ki, dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi ilə hər hansı əlaqəsi ola bilərmi? Və ya danışıqların bundan sonrakı mərhələsinə necə təsir edə bilər?

Politoloq Mübariz Əhmədoğlu "Kaspi”yə açıqlamasında dedi ki, baş nazirin istefaya göndərilməsi Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədardır və Sarkisyanın atdığı addımın iki əsas hədəfi var: "Birincisi, erməni prezident Moskvanı aldatmaq istəyir. Özünü elə aparır ki, guya Rusiyanın adamını özünə baş nazir qoyacaq. Deyir ki, mənə möhlət ver, daxili vəziyyətimi düzəldim. Ola bilsin ki, Moskva yaxın zamanlarda bu təyinata reaksiya versin”.

Politoloq qeyd etdi ki, aprel ayındakı "dörd günlük müharibə”dən sonra Qarabağ məsələsi Ermənistanda vəziyyəti qarışdırıb: "Bildiyiniz kimi, 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu parlament seçkiləri hakimiyyətin taleyini həll edəcək. Belə bir dövrdə Koçaryan Qarabağ məsələsilə bağlı yaranmış vəziyyətdən, yəni əhalinin narazılığından istifadə edib Sarkisyanı postundan kənarlaşdıra, hakimiyyətə gələ bilər. Ona görə də Sarkisyan onu zərərsizləşdirmək istəyir, ətrafını boşaldır. Bütün bunlar onu göstərir ki, Sarkisyan stabil siyasət apara bilmir. Təxminən üç il idi ki, baş nazir qoyulan adamı istefaya göndərdi”.

Politoloq Natiq Miri isə dəyişikliyin Qarabağ münaqişəsi ilə əlaqədar olmadığını düşünür. Onun fikrincə, belə gedişat Sarkisyanın özünə lazımdır: "Bildiyiniz kimi, Ermənistanda parlament seçkiləri gözlənilir. Konstitusiya dəyişikliklərinə görə, artıq prezidentin səlahiyyətləri minimuma endiriləcək. Dövlətdə əsas fiqur kimi həlledici səlahiyyətlər baş nazirdə olacaq. Düşünürəm ki, dəyişmə də elə bu kontekstdə baş verir. Sarkisyan yeni baş nazir kimi elə şəxsi gətirəcək ki, ciddi bir siyasi iddiası olmayacaq, onu asanlıqla dəyişmək mümkün olacaq. Digər tərəfdən də düşünürəm ki, bu fiqur rəsmi Moskva ilə razılaşdırılmış şəxs olacaq. Ona görə də dəyişikliyin Dağlıq Qarabağla deyil, daha çox növbəti parlament seçkiləri ilə bağlı olduğu qənaətindəyəm. Yəni bu gedişat Sarkisyanın siyasi hakimiyyəti ilə bilavasitə əlaqəlidir, bundan sonrakı perspektivi düşünürlər”.

Dəyişikliyin Qarabağla bağlı danışıqlara necə təsir edəcəyi barədə də danışan N.Miri bunun ciddi problemə çevriləcəyini ehtimal etmir: "Çünki dəyişdirilən şəxsin ciddi siyasi nüfuzu və iddiası, həmçinin arxasında sözün əsl mənasında, xalqın və siyasi qüvvələrin dəstəyi yoxdur. Bu cür şəxslərin yerdəyişməsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara hansısa bir təsirinin olacağına ümid etmirəm. Bu, inandırıcı deyil. Mənə elə gəlir ki, haqqında danışdığımız sadəcə, texniki yerdəyişmədir və daha çox Sarkisyanın siyasi iddialarına və perspektivinə xidmət edir”.

Bu haqda fikirlərini Facebook profilində bölüşən politoloq Elxan Şahinoğlu Ovik Abramyanın istefasının gözlənilən olduğunu bildirib: "Son aylardır Ermənistanda ancaq bu mövzu müzakirə olunurdu. Aydındır ki, bu xəbəri ictimaiyyətə elə hakimiyyət içindən ötürmüşdülər. Məqsəd Ermənistanda baş verənlərə görə bütün günahı Abramyana yükləməkdir. Prezident Serj Sarkisyan Abramyanı istefaya məcbur etməklə cəmiyyətə göstərir ki, ağır iqtisadi və sosial vəziyyətə görə o məsuliyyət daşıyır. Guya Abramyanın yerinə təyin olunacaq şəxs durumu dəyişə biləcək ki? Sarkisyan vaxt udmaq istəyir, parlament seçkisinə qədər hakimiyyətini qorumağa çalışır. Məqsəd parlament seçkisində qələbə çalıb baş nazir kreslosunu əldə etməkdir. Məsələ bundadır ki, Konstitusiya dəyişikliklərindən sonra Ermənistanda əsas fiqur prezident deyil, baş nazir olacaq. Buna mane olacaq iki qüvvə var – küçələrə axışa biləcək insanlar və Moskva. Birincini bir təhər neytrallaşdıra bilər, önəmli olan ikincini razı salmaqdır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər