Ermənistandakı dəyişikliklər Qarabağ danışıqlarına təsir edə bilərmi?
Ermənistan hökumətində dəyişiklik baş verib. Belə ki, bir neçə gündür
gəzən söz-söhbət dünən reallaşıb və baş nazir Ovik Abramyan vəzifəsindən istefa
verib.
Qeyd edək ki, bir neçə gün öncə yayılan xəbərlərdə bildirilirdi ki, onun
yerinə Karen Karapetyan təyin olunacaq. Ermənistan hökumətindəki bu dəyişikləri
politoloqlarla müzakirə edib səbəblərini araşdırmağa çalışdıq. Aydınlaşdırmağa
çalışdıq ki, dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan
danışıqlar prosesi ilə hər hansı əlaqəsi ola bilərmi? Və ya danışıqların bundan
sonrakı mərhələsinə necə təsir edə bilər?
Politoloq Mübariz Əhmədoğlu "Kaspi”yə
açıqlamasında dedi ki, baş nazirin istefaya göndərilməsi Qarabağ münaqişəsinin tənzimlənməsi
ilə əlaqədardır və Sarkisyanın atdığı addımın iki əsas hədəfi var: "Birincisi, erməni
prezident Moskvanı aldatmaq istəyir. Özünü elə aparır ki, guya Rusiyanın adamını
özünə baş nazir qoyacaq. Deyir ki, mənə möhlət ver, daxili vəziyyətimi düzəldim.
Ola bilsin ki, Moskva yaxın zamanlarda bu təyinata reaksiya versin”.
Politoloq qeyd etdi ki, aprel ayındakı "dörd günlük müharibə”dən sonra
Qarabağ məsələsi Ermənistanda vəziyyəti qarışdırıb: "Bildiyiniz kimi, 2017-ci ildə
Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu parlament seçkiləri hakimiyyətin
taleyini həll edəcək. Belə bir dövrdə Koçaryan Qarabağ məsələsilə bağlı yaranmış
vəziyyətdən, yəni əhalinin narazılığından istifadə edib Sarkisyanı postundan
kənarlaşdıra, hakimiyyətə gələ bilər. Ona görə də Sarkisyan onu
zərərsizləşdirmək istəyir, ətrafını boşaldır. Bütün bunlar onu göstərir ki, Sarkisyan
stabil siyasət apara bilmir. Təxminən üç il idi ki, baş nazir qoyulan adamı
istefaya göndərdi”.
Politoloq Natiq Miri isə
dəyişikliyin Qarabağ münaqişəsi ilə əlaqədar olmadığını düşünür. Onun fikrincə,
belə gedişat Sarkisyanın özünə lazımdır: "Bildiyiniz kimi, Ermənistanda parlament
seçkiləri gözlənilir. Konstitusiya dəyişikliklərinə görə, artıq prezidentin səlahiyyətləri
minimuma endiriləcək. Dövlətdə əsas fiqur kimi həlledici səlahiyyətlər baş nazirdə
olacaq. Düşünürəm ki, dəyişmə də elə bu kontekstdə baş verir. Sarkisyan yeni baş
nazir kimi elə şəxsi gətirəcək ki, ciddi bir siyasi iddiası olmayacaq, onu asanlıqla
dəyişmək mümkün olacaq. Digər tərəfdən də düşünürəm ki, bu fiqur rəsmi Moskva ilə
razılaşdırılmış şəxs olacaq. Ona görə də dəyişikliyin Dağlıq Qarabağla deyil, daha
çox növbəti parlament seçkiləri ilə bağlı olduğu qənaətindəyəm. Yəni bu gedişat
Sarkisyanın siyasi hakimiyyəti ilə bilavasitə əlaqəlidir, bundan sonrakı perspektivi
düşünürlər”.
Dəyişikliyin Qarabağla bağlı danışıqlara necə təsir edəcəyi barədə də
danışan N.Miri bunun ciddi problemə çevriləcəyini ehtimal etmir: "Çünki dəyişdirilən
şəxsin ciddi siyasi nüfuzu və iddiası, həmçinin arxasında sözün əsl mənasında, xalqın
və siyasi qüvvələrin dəstəyi yoxdur. Bu cür şəxslərin yerdəyişməsinin Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı danışıqlara hansısa bir təsirinin olacağına ümid etmirəm. Bu,
inandırıcı deyil. Mənə elə gəlir ki, haqqında danışdığımız sadəcə, texniki yerdəyişmədir
və daha çox Sarkisyanın siyasi iddialarına və perspektivinə xidmət edir”.
Bu haqda fikirlərini Facebook profilində bölüşən politoloq Elxan Şahinoğlu Ovik Abramyanın istefasının gözlənilən
olduğunu bildirib: "Son aylardır Ermənistanda ancaq bu mövzu müzakirə olunurdu.
Aydındır ki, bu xəbəri ictimaiyyətə elə hakimiyyət içindən ötürmüşdülər. Məqsəd
Ermənistanda baş verənlərə görə bütün günahı Abramyana yükləməkdir. Prezident
Serj Sarkisyan Abramyanı istefaya məcbur etməklə cəmiyyətə göstərir ki, ağır
iqtisadi və sosial vəziyyətə görə o məsuliyyət daşıyır. Guya Abramyanın yerinə
təyin olunacaq şəxs durumu dəyişə biləcək ki? Sarkisyan vaxt udmaq istəyir,
parlament seçkisinə qədər hakimiyyətini qorumağa çalışır. Məqsəd parlament
seçkisində qələbə çalıb baş nazir kreslosunu əldə etməkdir. Məsələ bundadır ki,
Konstitusiya dəyişikliklərindən sonra Ermənistanda əsas fiqur prezident deyil,
baş nazir olacaq. Buna mane olacaq iki qüvvə var – küçələrə axışa biləcək
insanlar və Moskva. Birincini bir təhər neytrallaşdıra bilər, önəmli olan
ikincini razı salmaqdır”.
Şəfa Tapdıq