• çərşənbə, 24 Aprel, 20:58
  • Baku Bakı 23°C

Ermənistanda zülmət

22.05.15 05:28 1001
Ermənistanda zülmət
Dünən “Qarətə son” hərəkatının üzvləri Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçiriblər. Qrupun üzvləri Gevorq Sanoyan və Maksim Sarkisyan bəyan ediblər ki, Ermənistan hökuməti ilə elektrik enerjisi tariflərinin qaldırılması məsələsində mənasız müzakirələr aparmaq niyyətində deyillər. “Bizim tələblərimiz bəllidir” – deyən G.Sanoyan əlavə edib ki, elektrik enerjisinin qiymətlərinin qaldırılması yolverilməzdir. Onun sözlərinə görə, iddiaları konkret olaraq Energetika Nazirliyinədir: “Hakimiyyət orqanları qiymət artımının qarşısını almaq üçün addımlar atmalıdır”. O, əlavə edib ki, nəinki 17 dram, hətta bir dram belə qiymət artımına qarşıdırlar: “Biz ölkənin sahibləriyik və hökumətdən ayrı-ayrı strukturların deyil, öz xalqının maraqlarına xidmət etməyi tələb edirik”.
Yeri gəlmişkən, “Ermənistan elektrik şəbəkələri“ Qapalı Səhmdar Cəmiyyətinin son bir il ərzində elektrik enerjisinin qiymətini ikinci dəfə qaldırmaq səyləri Ermənistan parlamentində də qızğın mübahisələr doğurub. Hakim Respublikaçılar fraksiyası da ölkədə enerji sahəsində vəziyyətin araşdırılmasına ehtiyac olduğunu etiraf edir, lakin bir sıra millət vəkillərinin məsələ üzrə dinləmələr təşkil etmək təkliflini dəstəkləməyib. Müxalif Erməni Milli Konqresi fraksiyasının məsələni parlament gündəliyinə daxil etmək üçün tələb olunan 44 imza toplamaq təşəbbüsü uğursuz olub. Bütövlüklə Rusiya “İNTER RAO Vahid Elektrik Şəbəkələri” şirkətinə məxsus olan “Ermənistan elektrik şəbəkələri” Ermənistan istehlakçıları üçün elektrik enerjisinin qiymətini qaldırmaq ərizəsi ilə Ermənistan İctimai Xidmətlərin Nizamlanması Komissiyasına müraciət edib. Şirkət 1 kilovat-saat elektrik enerjisinin qiymətininin 17,08 dramadək artırılmasını təklif edir. Təklif qəbul olunsa, elektrik enerjisinin qiyməti əvvəlkindən təxminən 40 faiz baha olacaq. İstehlakçılar gündüz saatlarında (saat 7-dən 23-ə kimi) 1 kilovat-saat üçün təxminən 59 dram (12,24 sent), gecə saatlarında – 49 dram ödəməlidir. Çoxluq təşkil edən hakim Respublikaçılar fraksiyası məsələnin müzakirə mövzusuna çevrilməsinə yol vermək istəməsə də, ötən iş gününün sonunda parlamentin sədri Qalust Saakyan millət vəkillərini maraqlandıran suallara cavab almaq üçün “bütün səlahiyyətli orqan nümayəndələrinin iştirakı ilə dinləmələr” təşkil etməyə qarşı olmadığını bəyan edib. Energetika naziri Yervand Zaxaryan şirkətin zərərlə işləməsinin “müəyyən dərəcədə pis idarəçiliklə də” bağlı olduğunu qeyd etsə də, Ermənistanın tariflərin artmasına qarşı durmaq imkanının məhdud olduğunu etiraf edir. Yerli mediada açıqlanan məlumatlara görə, “Ermənistan elektrik şəbəkələri” həddən artıq enerji itkiləri ilə işləyir. İtkilərin həcminin başqa ölkələrdə qəbul olunduğundan artıq – 13 faizədək nəzərdə tutulduğu qeyd olunur. Lakin EEŞ-nin hesabatları üzrə itkilərin 16 faizə çatdığı bildirilir. “Şirkət Ermənistan hökumətinin təminatı əsasında 220 milyon dollar kredit alıb, qaytarmaq iqtidarında deyil və bu kredit də istehlakçıların hesabına ödənilməlidir” - deyə “Lragir.am” saytı yazır.
Ermənistanın energetika naziri Y.Zaxaryan şirkətin son üç il ərində 37,6 milyard dram (təxminən 78 milyon dollar) məbləğində zərər çəkdiyini deyib. Y.Zaxaryanın Yerevanda mətbuat konfransında dediyinə görə, Ermənistan atom stansiyasının plan üzrə nəzərdə tutulandan artıq dayandığı, su qıtlığına görə su elektrik stansiyalarının tam rejimdə işləməməsi səbəbindən EEŞ istilik elektrik stansiyalarından baha qiymətə enerji almağa məcbur olub. Nazir EEŞ rəhbərliyinin qeyri-effektiv fəaliyyətini də etiraf edib: “Tək itkilərə görə ötən il şirkət 10 milyard dram zərər çəkib. İtkiləri 16 faizə çatıb. İtkinin hər bir faizi isə 2,5 milyard dram (5,2 milyon dollar) təşkil edir. İtkilər həm də oğurluq, avadanlığın köhnə olması, görülən işlərin keyfiyyəti və işçilərin məsuliyyətsizliyi ilə də bağlıdır. Əlbəttə, bu, ciddi sosial problemdir, lakin qeyd etmək istərdim ki, tariflərin artması Ermənistandan asılı deyil. Ermənistan nə qaz, nə neft tranzit edən ölkədir, nə də özünün təbii resursları var”.
“Çiçəklənən Ermənistan” Partiyasının sədri Naira Zohrabyan "Ermitaja bənzər əzəmətli ofislər”ə malik olan şirkətin ziyanla işlədiyindən şübhələnir. Müxalif millət vəkilləri Ermənistanda elektrik enerji tədarükünün inhisarçısı olan Rusiya şirkətinin ziyanla işlədiyindən də şübhələnirlər. “Əlbəttə, rublun məzənnəsinin Ermənistan dramına nisbətən düşməsi müəyyən dərəcədə şirkətin gəlirlərinə təsir edir” - deyə N.Zohrabyan bəyan edib. “Lakin siz onların ofislərinə baxın. Ermitaj muzeyinə bənzəyir. Nə üçün şirkətin fərsiz menecmenti ucbatından külli miqdarda itkilərini əhali ödəməlidir?” – deyə N.Zohrabyan bu sualı İctimai Xidmətlərin Nizamlanması Komissiyasının sədrinə vermək istəyir. Ermənistan Milli Məclisinin müstəqil millət vəkili, ixtisasca hüquqşünas Edmon Marukyan hesab edir ki, elektrik enerjisinin bahalaşması səbəblərinə dair Ermənistan energetika nazirinin dedikləri hüquqi baxımdan cinayət haqqında məlumat hesab edilə bilər və bunun əsasında müvafiq orqanlar cinayət işi aça bilərlər. “Oğurluq edilibsə, məhkəməyə cəlb edin, oğurladıqlarını qaytarın. Hər şey göz qabağındadır. Biz orada işləyənlərin, nə vəzifələr tutub necə yaşadıqları, necə evlər tikdirdiklərini görürük. Hansı pula tikilir?” – deyə millət vəkili deyib.
“Elektrik enerjisinin bahalaşması nəticəsində ən çox əhalinin yoxsul təbəqələri zərər çəkəcək” - deyə sosioloq Aharon Adivekyan deyib. Onun sözlərinə görə, Ermənistanda 103 min ailə yoxsulluq üzrə müavinət alır, işləmək qabiliyyəti olan əhalinin 20 faizi işsizdir, işsizlik müavinəti isə təxminən 16 min dram (33,2 dollar), yaşa görə pensiya 29-39 min dram, əlillik pensiyası 18-32 min dram təşkil edir: “Dövlət yardımı ailələrə birtəhər dolanmaq imkanı verir, lakin ailə büdcəsinin 20 faizi elektrik enerji xərclərini ödəyir. Odur ki, elektrik enerjisinin qiyməti artsa, həmin ailələr öz ərzaq istehlakını kəmiyyət və keyfiyyətcə azaltmağa məcbur olacaqlar”. A.Adibekyanın sözlərinə görə, Ermənistanda ailələr var ki, gündə bir saat “işıqları yandırır ki, televizora baxsın”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər