AZE | RUS | ENG |

Ermənistanda yeni həbslər, qalmaqallar gözlənilir

Ermənistanda yeni həbslər, qalmaqallar gözlənilir
Koçaryanın oğlu Paşinyanı ittiham etdi

Ermənistan tarixində ən qalmaqallı məhkəmə proseslərindən biri start götürüb. Söhbət 2008-ci ilin martın 1-də keçirilən etirazlar vaxtı törədilən qətliama görə həbs edilən Robert Koçaryanın məhkəmə prosesindən gedir. Şübhə yoxdur ki, burada hansısa ədalət axtarışından söhbət getmir, sadəcə indiki hakimiyyət əvvəlki rəhbərlikdən qisas almaq niyyəti güdür. Elə Robert Koçaryanın oğlu da bunu iddia edir. Eks-prezidentin kiçik oğlu Levon atasının ünvanına səslənən ittihamları cavablandırmaqda davam edir. Bu dəfə o, 2008-ci ilin mart hadisələri zamanı ölən şəxslərin yaxınları ilə görüşməyə hazır olduğunu bildirib. Bildirib ki, kimsə ilə görüşdən qaçmır: "İlk növbədə həmin hadisələr zamanı ölənlərin yaxınlarına başsağlığı verirəm və günahkarların cəzalanmasını istəyirəm”. Onun sözlərinə görə, Robert Koçaryanın 1 mart qətliamına heç bir aidiyyatı yoxdur. "Uzun illər ərzində bu insanların faciəsini tədqiq edə-edə belə qənaətə gəlmişəm ki, müəyyən dairələr bundan dividentlər əldə ediblər”, - deyə eks-prezidentin oğlu bildirib. "Aykakan jamanak” qəzetinin əməkdaşının "konkret kimlərin adını çəkə bilərsiniz” sualına "məsələn, sizin qəzetin baş redaktoru” deyə cavablandırıb. Xatırladaq ki, o zaman "Aykakan jamanak” qəzetinin baş redaktoru indiki baş nazir Nikol Paşinyan idi: "Onlarla insan bu insanların faciəsindən özlərinə siyasi dividentlər əldə ediblər. Sizlər indi qətllərlə, əmrlərlə bağlı hansısa bir ittihamlara rast gəlirsinizmi? Mən çox şadam ki, bizlər hamımız açıq məhkəmə prosesində nələrin baş verdiyini görürük. İcazə verin, ilk növbədə qurbanların qohumları görüb başa düşsünlər ki, nə səbəbdən ölkənin prezidenti insanları öldürmək istəyib. Bu, sadəcə nonsensdir. Həmin insanlar faciə qurbanlarının beyinlərini doldurublar - mən çox təəssüf hisi keçirirəm”. L. Koçaryan onu da deyib ki, ilk növbədə, o zaman baş verənlərin insanlara obyektiv şəkildə çatdırılmasında maraqlıdırlar: "Anlamalıdırlar ki, bizim bu prosesə heç bir aidiyyatımız yoxdur”.
Yeri gəlmişkən, ötən gün separatçı DQR-in keçmiş və indiki liderləri – Bako Saakyan və Arkadi Qukasyan məhkəməyə müraciət edərək Robert Koçaryan barəsində həbs qərarının dəyişdirilməsini xahiş ediblər. Bunun müdaxilə olub-olmamasına gəlincə, Levon Koçaryan "bu müdaxilə deyil” deyib. "Nədir, siz elə bilirsiniz ki, bu insanlar əllərini aşağı salıb dayanmalıdırlar”, - deyə eks-prezidentin oğlu sualla çıxış edib. Məhkəmədə isə eks-prezident ciddi ittihamlar səsləndirməkdə davam edir. Robert Koçaryan məhkəmədə verdiyi son ifadədə bildirib ki, 2008-ci ilin mart ayında ən azı 7 qətli polislər və hərbçilər həyata keçirməyiblər: "Bunu tamam başqa şəxslər həyata keçiriblər. Bizə bəlli deyil ki, cinayət işi qaldırılıb, saxlanılan və yaxud istintaq tədbirləri aparılırmı? 80 cildlik cinayət işində bu barədə heç nə deyilmir”.
Yeri gəlmişkən, Koçaryanın həbsinin ajiotaj doğurmasından ehtiyatlanan hakimiyyət, prosesi qapalı keçirmək qərarına gəlib. Ötən gün baş tutan iclasda prokurorlar sabiq dövlət başçısının mühakimə prosesinin jurnalistlərin iştirakı olmadan aparılması barədə vəsatət qaldırıblar. Hakimlər vəsatəti təmin ediblər. Prosesə sədrlik edən hakim jurnalistlərin zalı tərk etməsi məqsədi ilə 5 dəqiqəlik fasilə elan edilib. Bundan sonra media təmsilçiləri zaldan çıxarılıb. Qeyd edək ki, mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.
Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarkisyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar. Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub. Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunacaqlar.
O da bəlli olub ki, hakimiyyət tək Koçaryanı  deyil, bir sıra keçmiş məmurları da həbs etmək niyyətindədir. "Yerevanın keçmiş meri və Ermənistanın sabiq nəqliyyat naziri Qaqik Beqlaryanın adı üç cinayət işində hallanır”.
Bu barədə "Past” qəzeti məlumat yayıb.
Bildirilib ki, Qaqik Beqlaryana qarşı müxtəlif sui-istifadə hallarına görə cinayət işi başlanılıb: "Bura Yerevanın meri olan zaman Şimal-Cənub yolunun tikintisinə ayrılan vəsaitin mənimsənilməsi də daxildir”. Qəzetin yazdığına əsasən, yaxın zamanda Ermənistan ictimaiyyəti daha bir böyük cinayətin üstünün açılmasının şahidi olacaq. Qeyd edək ki, bu ilin aprel ayında Beqlaryan Şimal-Cənub avtomobil yolunun tikintisinə sərf edilən xərclərlə bağlı İstintaq Komitəsində ifadə verib. Serj Sarkisyanın hakimiyyəti zamanı Prezident Administrasiyasının əməkdaşı Aram Kandanyanı döydüyü üçün Beqlaryana qarşı cinayət işi açmaq istəsələr də, sonradan uyğun qurumlar bunu davam etdirməyiblər.
Keçmiş mer və nazir Ermənistanda qalmaqallı dövlət məmuru sayılıb. Beqlaryanlar ailəsinin qanunsuz yolla milyonlara sahib olduğu barədə məlumatlar yayılıb. Akop Beqlaryan Respublikaçılar Partiyasından deputat olub. O, Şəhərsalma üzrə Dövlət Komitəsi sədrinin müavini işləyib.
Qaqik Beqlaryan Ermənistanda "mafioz” kimi də tanınır. Xatırladaq ki, "Qara Qaqo” ləqəbli Beqlaryan 1964-cü il yanvarın 1-də Yerevanda doğulub. 1993-cü ildə Ermənistan parlamentinə deputat seçilib. 2006-cı ildən keçmiş hakim Respublikaçılar Partiyasının üzvüdür. Hazırda bu partiyanın icraiyyə komitəsinin rəhbərliyinə daxildir. 2002-2009-cu illərdə Yerevan şəhərində "Kentron” icmasının başçısı olub. 2009-2010-cu illərdə Yerevanın meri, 2012-2016-cı illərdə Ermənistanın nəqliyyat və rabitə naziri vəzifəsində işləyib. 
Son məlumatlara görə, yaxın günlərdə Ermənistanın siyasi meydanında kifayət qədər ciddi və perspektivli yeni siyasi partiya ortaya çıxacaq. Bu məlumatı da "Past” qəzeti yayıb. Məlumata görə, bu partiyada əsasən, ictimaiyyətdə məşhur olan şəxslər toplanacaq. Qəzet partiyanın daha çox intellektual kəsim arasında fəaliyyətini genişləndirəcəyini və vilayətlərdə işə böyük əhəmiyyət verəcəyini bildirib. Qeyd edək ki, bundan öncə Ermənistanın eks-prezidenti Robert Koçaryan yeni partiyanın ortaya çıxacağını və onun Paşinyana böyük zərbə endirəcəyini bildirmişdi.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966