• cümə, 19 Aprel, 02:22
  • Baku Bakı 18°C

“Ermənistanda yenə də Rusiya “çəkməsi” ağalıq edir”

19.12.18 18:26 557
“Ermənistanda yenə də Rusiya “çəkməsi” ağalıq edir”
Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki gərginlik erməni mediasının əsas müzakirə mövzularından birinə çevrilib. Maraqlı odur ki, bu dəfə hücum edən erməni tərəfidir. Media Rusiyanın Ermənistanı seçki münasibətilə təbrik etməməsini, Gümrüdə rus hərbçisinin erməni qadını qətlə yetirməsini, Belarus lideri Aleksandr Lukaşenkonun Ermənistanın hazırkı rəhbərini hədəfə alan açıqlamalar verməsini sərt tənqid edir. Və onların gəldiyi qənaət budur ki, Lukaşenkonun Ermənistanı hədəfə almasının səbəbini Kremldə axtarmaq gərəkdir. Təbriklər əvəzinə isə Moskvadan Ermənistanı hədələyən, aşağılayan bəyanatlar daxil olur. "Aysor.am” nəşri yazır ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin yeni erməni hakimiyyətini üstüörtülü formada hədələyən bəyanatla çıxış edib. "Rəsmi Moskva, Ermənistanın yeni hökumətinin ABŞ tərəfindən təzyiq və hədə-qorxulara sinə gərməyə cəsarət taparaq, müstəqil qərarlar verəcəyinə ümid edir”. O deyib ki, ölkədəki köklü dəyişikliklərin fonunda, rəsmi Vaşinqtonun, onun daxili və xarici siyasət işlərinə qarışması getdikcə daha ədəbsiz olur: "Oktyabr ayında ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Yerevana gələrək Ermənistana ABŞ silahlarını almaq və ən qısa vaxt ərzində İrana qarşı sanksiyalara qoşulmaq göstərişi vermişdi. ABŞ-Ermənistan münasibətlərinin hələ üzdə olan tərəfi budursa, onda pərdəarxası necə etdiklərini təsəvvür etmək olar”. "Ermənistandakı parlament seçkilərində lazımi etimad qazanan indiki hökumətin, açıq-aşkar təzyiq və hədə-qorxulara sinə gərmək üçün cəsarət taparaq milli mənafeyinə uyğun müstəqil qərarlar verəcəyinə və suveren hüquqlarını müdafiə edəcəyinə ümid edirik”, - rusiyalı diplomat vurğulayıb.
Yeri gəlmişkən, Paşinyanın əsas ruporu hesab edilən və Rusiyaya nifrət dolu məqalələr dərc edən "1in.am” saytı Kremli hədəfə almaq məsələsində xüsusi fəallıq nümayiş etdirir. "İnqilabdan əvvəl və sonra: Ermənistanda yenə Rusiya "çəkməsi” ağalıq edir” başlıqlı məqalədə qeyd olunur ki, "məxməri inqliab”dan sonra hər kəs Ermənistanın xarici siyasətinin vektoral dəyişikliklərə məruz qalacağına ümid edirdi: "Nikol Paşinyan bununla bağlı həm inqilab günlərində, həm də sonra dəfələrlə bəyanatlar verib. Biz hamımız ehtimal edirdik ki, xarici siyasətimiz öz xəttini qoruyub saxlamaqla yanaşı, daha adekvat və təşəbbüskar olacaq və mütləq qaydada keyfiyyət dəyişikliklərinə məruz qalacaq. Söhbət ilk növbədə Rusiya-Ermənistan münasibətlərindən gedir”. Sayt yazır ki, məsələ minimum vassallıq stereotiplərin aşılması və dövlətlərarası kontekstdə münasibətlərin qurulmasından gedir: "Lakin son günlərin əhəmiyyətli hadisələrindən biri - Yerevan və Moskvanın münasibətlərində yaranan gərginlik təəssüf doğurur. Bu gərginliyin iki ölkə arasında münasibətlərin tempini aşağı salacağı gözlənilir. Gümrüdə rus hərbçisinin erməni vətəndaşını qətlə yetirməsi gərginliyi daha da artıra bilər. Rusiya tərəfi insidentdən sonra nəinki hərbçini təhvil verib, əksinə, onu hərbi hissənin ərazisində saxlayır”. Sayt yazır ki, növbəti gərginliyi Rusiya xarici işlər naziri Sergey Lavrov son bəyanatı ilə daha da artırıb: "Əgər belə insident Serj Sarkisyanın dövründə baş versəydi, cəmiyyət və müxalifət bəyan edərdi ki, Moskva vəziyyəti nəzarət altına almağa və Ermənistanın xarici siyasətini istiqamətləndirməyə çalışacaq. İndi isə heç bir reaksiya yoxdur. Yalnız Ermənistan XİN-in mətbuat katibinin qısa bir açıqlaması ortadadır. Moskva Ermənistanda ABŞ-ın yaxından iştirakı ilə yaradılan biolaboratoriyanı nəzarət altına almağa çalışır, Yerevanda isə sanki heç nə baş verməyibmiş kimi susurlar”. Məqalədə daha bir maraqlı məsələyə toxunulur. Qeyd olunur ki, Ermənistan növbəti dəfə Qərbə qarşı çıxaraq, BMT-də Krımla bağlı Rusiyanın mövqeyini dəstəkləyib.
Daha sonra qeyd olunur ki, erməni-rus münasibətləri Paşinyanın da dediyi kimi, heç də yaxşı dövrünü yaşamır, daha dəqiq desək, bu münasibətlər total böhran yaşayır. Bunu sübut edən əsas faktorlarda biri də Vladimir Putinin hələ də Paşinyanı təbrik etməməsidir.
Rusiya ermənilərinin mətbu orqanı "Yerkramas” isə öz növbəsində Paşinyanı sərt tənqid edən məqalə ilə çıxış edib və onu "uğursuz” biri adlandırıb. Paşinyanı məqsədli şəkildə müharibədən qaçmaqda, ümumiyyətlə ordudan xidmətdən yayınmaqda günahlandırıb. Qəzet onu, döyüşən generallara ləkə vurmaqda, "qərbpərəst”, Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatındakı (KTMT) müttəfiq dövlətlər arasında gərginlik yaratmaqda günahlandırıb. Başqa bir erməni müxalifətçisi Zaruhi Postancyan isə ümumiyyətlə, Paşinyanı xəyanətdə ittiham edib: "Mən onu dövləti xəyanətdə ittiham edirəm”. Politoloq Ruben Meqrabyan isə keçirdiyi mətbuat konfransında ölkə rəhbərliyini müttəfiq dövlətlərlə münasibətlərə yenidən nəzər salmağa çağırıb. Onun qənaətincə, Xaçaturovun həbsi, eləcə də Dağlıq Qarabağ problemi ilə bağlı yayılan söhbətlər KTMT daxilində yaşanan böhranla bağlıdır.
Beləliklə, görünən odur ki, artıq etməni siyasi dairələrində, mediasında Paşinyana qarşı total hücum start götürüb. Hələ ki, gərginlik ölkənin uğursuz xarici siyasəti və diplomatiyası ilə bağlıdır. Və sözsüz ki, yaxınlarda gərginlik iqtisadi və sosial məsələləri əhatə edəcək.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər