• cümə, 19 Aprel, 23:33
  • Baku Bakı 24°C

Ermənistanda vəziyyət yenidən gərginləşir

29.07.15 10:54 1171
Ermənistanda vəziyyət yenidən gərginləşir
Paytaxtda oturaq tətil aksiyasına start verilib
Yerevanın Respublika meydanında elektrik enerjisi tariflərinin artırılması haqqında qərarın ləğv edilməsi tələbi ilə üçgünlük aksiya keçirməyə hazırlaşan “Ayağa dur, Ermənistan!” ictimai təşəbbüsünün fəalları oturaq tətilə başlayıblar. Onlar növbə ilə burada 72 saatlıq oturaq tətil keçirəcəklər. Aksiyaçılar çadır qurmaq istəsələr də, Yerevan polis rəisinin müavini Valeri Osipyan aksiyanın qeyri-qanuni olduğunu deyib və bu səbəbdən oturaq tətil iştirakçıları üçün çadırı başqa yerdə qurmağı təklif edib. Polis əməkdaşları aksiyanın keçirilməsinə mane olmur, onlar tətilçilərin başları üzərində cərgə qurub, növbətçilik edirlər. V.Osipyan aksiyanın keçirilməsinə yol verilməyəcəyini desə də, polis etirazçılar tərəfindən nəqliyyat üçün yaradılan problemləri nizamlamağa çalışır. Etirazçıların əsas tələbi İctimai Xidmətlərin Nizamlanması Komissiyasının elektrik enerjisi tariflərinin qaldırılması haqqında 2015-ci il 17 iyun tarixli qərarının ləğv edilməsidir. Onlarla aksiya iştirakçısı Respublika meydanı ilə kəsişən küçələrdə piyadalar üçün nəzərdə tutulan yerlərdən “Elektrik enerjisinin bahalaşmasına yox!” çağırışları ilə o yana-bu yana keçirlər. Etirazçıların hərəkətləri nəqliyyatın hərəkətinə mane olub tıxac yaratsa da, polis əməkdaşları nəqliyyatın normal hərəkətini bərpa ediblər. Polis əməkdaşları yolların iki tərəfində düzülüb, lakin etirazçılar öz yerdəyişmələrini davam edirlər. Bununla onlar şəhər sakinlərinin diqqətini cəlb edir və elektrik enerjisinin bahalaşmasına qarşı mübarizəyə qatılmağa çağırırlar. Məlumata görə, etirazçılar 1940-91-ci illərdə Leninin heykəli yerləşdiyi ərazidə aksiya keçirir. Polis məhz burada aksiyanın keçirilməsinə icazə verərək, etirazçıları meydanın mərkəzinə buraxmayacağını bildirib. Piketin keçirildiyi ərazi polis qüvvələri tərəfindən mühasirəyə alınıb.
Vətəndaş hərəkatı fəallarının sosial şəbəkələrdə yayılmış xəbərində deyilir: "27 iyunda Serj Sarkisyanın çıxışından sonra bir ay keçdi, ancaq elektrik enerjisinə görə tarifin artımı haqqında məsələyə indiyə qədər aydınlıq gəlməyib”. Bu səbəbdən “Ayağa dur, Ermənistan!” vətəndaş hərəkatının məsləhət şurası oturaq piket keçirməyə qərar verib. Burada Baqramyan prospektində aksiyalar zamanı vətəndaşlar tərəfindən irəli sürülmüş bütün tələblər yenidən qaldırılacaq. İkinci günün (28 iyul saat 18:00-dən 29 iyul saat 18:00-ə qədər) gedişatında 60 nəfər, üçüncü gün (29 iyul saat 18:00-dən 30 iyul saat 18:00-ə qədər) 90 insan olacaq. Bundan sonra hərəkat konstitusiya islahatlarına qarşı mübarizəyə başlamaq niyyətindədir.
Xatırladaq ki, iyunun 23-də Yerevan polisi tərəfindən elektrik enerjisinin bahalaşmasına qarşı etiraza qalxan “Ayağa dur, Ermənistan!” hərəkatının nümayişi dağıdılarkən 237 nəfər, həmçinin jurnalistlər saxlanılıb, onlara qarşı qəddarlıq nümayiş olunub. Qeyd etmək lazımdır ki, Yerevanın Respublika meydanında Ermənistan baş nazirinin iqamətgahı, XİN, İqtisadiyyat Nazirliyinin binaları, “Mariott Armenia” mehmanxanası, tarix muzeyi və turistlərin sevdiyi “Musiqili fəvvarələr” yerləşir. Təşəbbüs fəalı David Sanasaryanın sözlərinə görə, etiraz aksiyaları Ermənistanın başqa rayonlarında da keçiriləcək. “Tərəfdaşlarımız Gümrüdə, Vanadzorda, Spitak və başqa şəhərlərdə də kütləvi aksiyalar keçirəcək. Bəzi bölgələrdən Yerevanda keçirilən aksiyaya qoşulanlar da olacaq” – deyə D.Sanasaryan bəyan edib.
O da bəlli olub ki, Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan “Ayağa dur, Ermənistan!” hərəkatının fəalları gecəni Yerevanın mərkəzi Respublika meydanında keçirəcək. Bu barədə hərəkatın liderlərindən biri olan Andreas Qukasyan bildirib. “Bizim vəzifəmiz şəhərin mərkəzində aksiyanın keçirilməsi mümkün olanadək polisi gərginlikdə saxlamaqdır” - deyə A.Qukasyan bildirib: “Biz polislə qarşıdurmaya getməməyə qərar verdik, lakin mütəmadi olaraq vəziyyətin gərginləşdirilməsinə yönəldilən addımlar atacağıq”. Fəalın sözlərinə görə, hazırda hərəkatın üzvləri Gümrü, Vanadzor, Talin və Aştarakda çağırışların əks olunduğu vərəqələr yayırlar. Analoji addım iyulun 30-da İrəvanda atılacaq. İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyanın 17 iyun tarixli qərarına əsasən, Ermənistanda məişətdə istifadə olunan elektrik enerjisinin tarifləri avqustun 1-dən təxminən 16,7 % artacaq və istifadə edilən 1 kilovat saat elektrik enerjisinin qiyməti gündüz saatlarında 48,78 dram (təxminən 10,3 cent), gecə saatları üçün 38,78 dram olacaq. Bu qərar Ermənistanda kütləvi etiraz aksiyalarına səbəb olub. İyunun 19-dan “Talana yox!” vətəndaş hərəkatının Azadlıq meydanında başladığı oturaq tətil iştirakçılarının iki gündən sonra prezident iqamətgahı istiqamətində yürüşü polis tərəfindən Baqramyan prospektinin başlanğıcında saxlanılıb. İyunun 23-də polis su şırnaqları ilə dinc nümayişi dağıtdıqdan sonra aksiyalar daha miqyaslı xarakter alıb və bundan sonra iki həftə davam edərək, Baqramyan prospektində nəqliyyatın hərəkəti dayanıb.
Göründüyü kimi, Ermənistanda hakimiyyəti olduqca çətin günlər gözləyir. Prezident Serj Sarkisyanın taleyi isə necə olacaq, bunu hələlik kimsə bilmir. Yerevanda suların nə vaxt durulacağını zaman göstərəcək. Ya əhali bu rejimi devirəcək, ya geri çəkiləcək. Lakin hadisələrin gedişi narazıların geriyə addım atmayacağını göstərir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər