• cümə axşamı, 02 may, 01:48
  • Baku Bakı 15°C

Ermənistanda vətəndaş müharibəsinin əlamətləri görünür

17.04.18 20:35 662
Ermənistanda vətəndaş müharibəsinin əlamətləri görünür
Bir neçə gündür ki, Ermənistan müxalifəti etiraz aksiyalarına başlayıb. Aksiya iştirakçıları Serj Sarkisyanın baş nazir olmasına etiraz edirlər. Aksiyanın rəhbəri, deputat Nikol Paşinyanın göstərişi ilə etirazçılar parlamentə gedən yolları bağlamağa çalışıblar. Hətta müxalifət lideri paytaxtın Fransa meydanında çıxışı zamanı demokratik, zorakı olmayan "məxməri inqilab”ın başlandığını elan edib.
Göründüyü kimi, paytaxt Yerevanda vəziyyət olduqca gərginləşib və baş verənlər dünyanın diqqət mərkəzindədir. Siyasi idarəetmənin dəyişdiyi Ermənistanda nə baş verir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirdi ki, cəmiyyət, xüsusilə gənc nəsil Ermənistanda rejimdən cana doyduqlarını dilə gətirir: "Çünki bütün məsələlər asılmış vəziyyətdə qalıb. İqtisadi problemlər artıb, Dağlıq Qarabağ problemi həll olunmur, xarici siyasətdə heç bir uğur yoxdur, miqrasiya kütləvi xarakter alıb. Təbii ki, insanlar, siyasi qüvvələr buna son qoymaq istəyirlər. Serj Sarkisyanın bu fonda "kreslo” dəyişməsi, hakimiyyətin formatını dəyişərək uzun müddət hakimiyyətdə qalma niyyətini ortaya qoyması camaatı qıcıqlandırır və aksiyalar belə davamlı xarakter almağa başlayır. Parlamentdə böyük üstünlüyə malik olması onun baş nazir olmaq arzusunu reallaşdırır. Bu şəraitdə Sarkisyanı baş nazir etmək heç də çətin məsələ deyil. Söhbət ondan gedir ki, bundan sonra o, Ermənistana necə rəhbərlik edəcək? Ölkəni indiki vəziyyətdən çıxarmağa qadirdirmi?”.
Ermənistanda vətəndaş müharibəsi ehtimalına toxunan F.Sadıxov qeyd etdi ki, aksiya iştirakçılarına qarşı çıxan ancaq polislərdir: "Məncə, indiki aksiyalar bundan sonra daha kütləvi xarakter daşıya bilər. Bu etirazlara ölkənin digər vətəndaşlarının qoşulma ehtimalı yüksəkdir. Belə aksiyalar, nümayişlər davamlı, kütləvi xarakter alsa, əlbəttə ki, yeni təyin olunmuş baş nazir üçün prosesləri idarə etmək, ölkəyə nəzarət etmək çox çətin olacaq. Sarkisyanın idarəetmə qabiliyyəti ona kömək edə bilməyəcək. Çünki özü də elə bir siyasətçidir ki, yaranmış durumda hansısa bir məharət göstərməsi, peşəkarlıq nümayiş etdirməsi mümkün deyil. Düşünürəm ki, vəziyyət belə davam etsə, Sarkisyan hakimiyyətdə qala bilməyəcək”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistanda baş verənlər insanların haqlı narazılığıdır: "Sarkisyan hakimiyyəti erməniləri bezdirib. Ermənistan indiki halda iqtisadi və sosial fəlakətin içindədir. Azərbaycan və Türkiyə ilə düşmənçilik də Ermənistanı uçuruma aparır. Bu ölkənin iqtisadiyyatı bərbad gündədir. Ona görə də insanlar küçələrə axışıblar. Düşünürəm ki, erməni lobbisinin bir hissəsi etirazçılara dəstək verir. Çünki onlar da Serj Sarkisyandan narazıdır. Bu baxımdan, erməni müxalifətinin liderindən biri Nikol Paşinyan "məxməri inqilab”a çağırış etməklə Sarkisyana güclü zərbə vurmaq istəyir. Çalışır ki, etiraz dalğası güclənsin. Biz bilirik ki, Sarkisyan prezidentlik dövründə bir neçə dəfə polis və hərbi qüvvələrdən xalqına qarşı istifadə edib. Elə birinci müddətə prezident seçiləndən sonra polis xalqa qarşı silah tətbiq etdi və onlarla Ermənistan vətəndaşı qətlə yetirildi. Əgər xalq etirazı güclənərsə, Sarkisyan heç bir halda geri addım atmayacaq, tam əksinə olaraq, xalqına qarşı güc tətbiq edəcək. Çünki özü də yaxşı bilir ki, hakimiyyətdən getsə, taleyi heç də yaxşı olmayacaq, məhkəmə qarşısına çıxarılacaq. Sarkisyan tək Azərbaycana qarşı deyil, Ermənistan xalqına qarşıda böyük cinayətlər törədib. Ona görə də Paşinyan indi tam gücünü ortaya qoyub. O, ya xalq etirazını gücləndirəcək, hakimiyyət dəyişikliyinə nail olacaq, ya da onun özünü həbs edəcəklər. Böyük ehtimalla da Sarkisyan çalışacaq ki, zor gücünə xalq etirazını yatırsın. Çünki 20 ilə yaxındır ki, Ermənistanda məhz işğalçılar hakimiyyətdədir. Əvvəl Koçaryan, sonra Sarksiyan. Onun prezident postuna gətirdiyi şəxs də Qarabağda doğulub. Bu da Ermənistanda doğulan insanların haqlı narazılığına səbəb olur. Hazırda narazılar da iki hissədən ibarətdir. Bir hissə evdə oturub hadisələrin gedişatını gözləyir, digəri isə prosesə aktiv qoşulub. Fikrimcə, Paşinyanın məqsədi odur ki, narazılığı artırmaqla passiv kütləni də dəstəkçi kimi qazana bilsin. Ona görə də bu xalq etirazı bir neçə gün davam etsə, nümayişçilərin sayı arta bilər. Sarkisyan isə bundan çıxış yolu axtarmaq məcburiyyətində qalacaq. Bütün hallarda isə o, etirazçılara güc tətbiq etməyə üstünlük verəcək”.
E.Şahinoğlu əlavə etdi ki, Ermənistanda vətəndaş müharibəsinin əlamətləri görünür: "Bir müddət əvvəl silahlı şəxslər polis idarəsinə daxil oldular və girovlar götürdülər. İndi də belə. Etirazlar bir neçə gün davam etsə, iştirakçıların bir hissəsi silahlı mübarizəyə keçə də bilər. Bunun indi və ya gələcəkdə olacağını demək çətindir. Amma bu gedişlə Ermənistanda vətəndaş qarşıdurması mümkündür. Ona görə də Paşinyan və tərəfdarları istəyirlər ki, indi dəyişikliklərə nail olsunlar. İndi əsas məsələlərdən biri budur ki, bütün müxalifət Sarkisyana qarşı birləşə biləcəkmi? Əgər birləşə bilsə, hakimiyyətə qarşı böyük bir güc ortaya qoya biləcəklər, onda da mübarizə şiddətlənə bilər. Hesab edirəm ki, Sarkisyan heç də Levon Ter-Petrosyan kimi hakimiyyətdən sülh yolu ilə getməyəcək. Silah gücünə olsa belə, hakimiyyətini qorumağa çalışacaq”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər