• cümə axşamı, 25 aprel, 08:04
  • Baku Bakı 14°C

Ermənistanda tutatutdur

09.04.15 05:33 1083
Ermənistanda tutatutdur
Ermənistan hakimiyyəti rəqiblərini susdurmaq üçün hər cür vasitəyə əl atmaqda davam edir. Mövcud quldur rejimin istefası tələbilə aprelin 24-dən mütəmadi aksiyalar keçirməyə hazırlaşan “Təsisçilər parlamenti” hərəkatının qərargahında və fəallarının evlərində axtarışlar keçirilib, hərəkatın liderləri həbs olunub. “Təsisçilər parlamenti”nın qərargahı yerləşən binaya başda Xüsusi Təhqiqat Xidmətinin baş müstəntiqi Roman Sardaryan olmaqla 20-yə yaxın XTX və Milli Təhlükəsizlik Xidməti əməkdaşının gəldiyi açıqlanıb.
“Onlar ofisdə axtarış həyata keçirəcəklərini bəyan etsələr də, hadisə yerinə gələn vəkilə order təqdim etməkdən boyun qaçırıblar. Vəkilə və “Təsisçilər parlamenti”nin nümayəndəsinə ofisə daxil olmaq qadağan edilib” – deyə açıqlamada bildirilir. Qeyd olunub ki, hərəkatın üzvlərinin mənzillərində də axtarışlar başlayıb. Pavel Manukyan və Toros Sefilyan həbs olunublar.
Gümrü şəhərində “Təsisçilər parlamenti” hərəkatının koordinatoru Aram Akopyan saxlanılıb. A.Akopyan qanunsuz silah əldəetmə və saxlamaqda ittiham olunur. Onun evində axtarış zamanı 1 ədəd qumbara aşkar edilib. İstintaq davam edir. Qeyd edək ki, Ermənistanın Təhqiqat Komitəsi 4 nəfərin aprelin 24-də keçiriləcək “soyqırımı” tədbirləri zamanı kütləvi iğtişaşlar hazırlamaq faktı əsasında saxlanıldığını açıqlamışdı. Cinayətdə şübhəli bilinərək saxlanılan Varujan Avetisyan, Pavel Manukyan, Gevork Safaryan və Jirayr Sefilyan müxalif “Təsisçilər parlamenti”nin üzvləridir.
Ermənistan İstintaq Komitəsinin ilkin bəyanatında “Təsisçilər parlamenti” təşkilatının liderləri Jirayr Sefilyan, Varujan Avetisyan, Gevorq Safaryan, Pavel Manukyan və Qaregin Çuqaszyanın “24 aprel tarixində qondarma erməni soyqırımının 100 illiyinə həsr olunmuş kütləvi tədbirlər keçirilən yerlərdə kütləvi iğtişaşlar hazırlamaq faktı üzrə icra edilən iş çərçivəsində” həbs edildikləri bildirilir.
Bir sıra Qarabağ müharibəsi iştirakçılarının təsis etdiyi, daha əvvəl “Predparlament” adlanan “Təsisçilər parlamenti” aprelin 24-də hakimiyyət dəyişikliyi tələbilə fasiləsiz etiraz aksiyaları keçirməyə hazırlaşırdı. Təşkilatın fevralın 2-də “100 illik rejimsiz” şüarı altında Dağlıq Qarabağa “məlumatlandırma” avtoyürüşü Laçın ərazisində Qarabağ “polis”i və mülki geyimli şəxslər tərəfindən hücuma məruz qalmış, avtomaşınlara xeyli zərər vurulmuşdu. Ötən ay isə təşkilatın Gümrü şəhərində rəsmən elan edilmiş mitinqinə “polisin fəaliyyətsizliyi şəraitində kriminal ünsürlər” tərəfindən əngəllər yaradılmış, hətta hərəkat fəallarından biri bıçaqlanmışdı.
Yaranmış vəziyyətdən narazı olanların sayı isə durmadan artır. Məsələn, Ermənistanın sabiq prezidenti Robert Köçəryan növbəti dəfə Serj Sarkisyan hakimiyyətini tənqid edən açıqlamalar verib. 2rd.am saytına müsahibəsində “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyanın istefasını, Ermənistan hakimiyyətinin mövcud kadr siyasətini tənqid edib: “Mən son illərin siyasi proseslərini diqqətlə izləsəm də, heç vaxt onların iştirakçısı olmamışam. Qaqik Tsarukyanla yaxşı münasibətlərim var idi. Bununla belə, pərdəarxası heç bir siyasi razılaşmamız və əməkdaşlığımız yox idi. “Çiçəklənən Ermənistan” Partiyasını dağıtmaqla təbii ki, iqtidardakı Respublika Partiyası öz işini asanlaşdırıb. Ölkədəki siyasi monopoliya toxunulmaz qaldığı üçün digər siyasi-sosial problemlər də qabarıq şəkildə özünü biruzə verir”.
Robert Köçəryan Sərkisyan hakimiyyətinin iqtisadi siyasətiin də tənqid edib. O, yalnız İran üzərindən sanksiyaların geri götürülməsinin və neftin qiymətinin ucuz qalmasının Ermənistanı xilas edəcəyini düşünür: “Xarici valyuta ehtiyatlarımızın bir neçə il ərzində ardıcıl azalması istənilən ekspert rəyindən daha aşkar nümunədir. Xarici borclarımız artmaqda davam edir. İllik 7,5 faizlə avrobond səhmlərinin alınması ölkə iqtisadiyyatının bərbad durumunu göstərir və Ermənistanı iflas olmaqla üz-üzə qoya bilər. Bunun çarəsizlikdən edildiyini anlayıram, amma borca girmək çıxış yolu deyil”.
Beləliklə, gəlinən qənaət budur ki, Ermənistan üzləşdiyi problemlərin həllində hələ də irəliləyiş əldə edə bilmədiyindən çıxış yolunu həbslərdə görür. İnsanlar indiki situasiyanın əsas günahkarı qismində Serj Sarkisyan iqtidarını görür və hesab edirlər ki, bu hakimiyyət onları daha böyük problemlər məngənəsinə düçar edəcək. Ermənistanın dövlət qurumlarının beynəlxalq təşkilatlarla birgə hazırladığı xüsusi məruzəyə görə, Ermənistanda qeydiyyatda olan insanların 28,75 faizi ölkədən kənarda yaşayır. Araşdırmalardan o da məlum olur ki, bunun əsas səbəbi ölkədə işsizliyin artması, maaşların verilməməsi, ərzaq və ilkin tələbat mallarının qiymətlərinin həddindən artıq yüksək olması ilə bağlıdır.
Ermənistan Milli Konqresi parlament fraksiyasının rəhbəri Levon Zurabyan qiymət artımlarına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, ölkədə ən vacib məhsullar əhaliyə 250 faizə qədər artırılmış qiymətlərlə satılır. Dövlət idxalçıların inhisarçılığına göz yumur. Sarkisyan hakimiyyəti imtiyazlı biznesmenlər üçün xüsusi şərait yaradıb və onlar kasıblaşan əhalini daha da soyurlar. Son bir neçə il ərzində buğda, ət, şəkər, qəhvə, bitki yağı kimi məhsullar 100 faizdən 250 faizədək süni şəkildə artırılmış qiymətlə Ermənistana gətirilir və satılır. Bu isə əhalinin haqlı narazılığına səbəb olur.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər