• cümə, 29 Mart, 15:41
  • Baku Bakı 14°C

Ermənistanda “terror olacaq” xofu

12.03.20 18:17 1095
Ermənistanda “terror olacaq” xofu
Ölkədəki klanlararası müharibə partlayışlarla nəticələnə bilər

Nikol Paşinyanın idarə etdiyi Ermənistanda elə gün olmur ki, qalmaqallı xəbər və yaxud insident yaşanmasın. Bu dəfə "Yerkir” qəzeti yazır ki, paytaxt Yerevanda və digər şəhərlərdə terror aktları gözlənilir. Qəzet yazır ki, bu, Ermənistanda klanlararası müharibənin nəticəsi kimi ortaya çıxacaq. Nəşrin mötəbər mənbələrə istinadən yaydığı xəbərə əsasən, partlayışlar Yerevanda baş verəcək: "Terror aktları baş verən kimi Ermənistan hakimiyyəti düşməni kənarda axtaracaq, amma partlayışların arxasında elə özümüzünkülər duracaq. Bu, böyük klanlararası müharibənin nəticəsidir. Əsas məqsəd Paşinyan hakimiyyətinin iflic vəziyyətində, Ermənistan təhlükəsizlik sisteminin isə sıfır səviyyəsində olmasını ictimaiyyətə göstərməkdir”. O da bildirilir ki, Paşinyanın ümidləri doğrultmaması Qərbdəki müxtəlif siyasi təşkilatları hərəkətə keçirib. Onlar Nikolun "referendum şous”unun baş tutmaması üçün maliyyə ayırmağa start veriblər. Bəlli olur ki, bu günlərdə Ermənistan ərazisində fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları kifayət qədər böyük məbləğdə qrant alıblar. Bu barədə məlumatı "Past” qəzeti öz mənbələrinə istinadən yayıb. Bu prosesdə ən diqqət çəkən məqam ondan ibarətdir ki, əldə olunan vəsaitlər dəqiq hədəflərə çatmaq üçün sərf olunacaq. Bu hədəflərin nədən ibrət olduğu isə bəlli deyil. Vəsait isə Soros Fondu tərəfindən ayrılıb. "168 Jam” nəşrində dərc olunan məqalədə qeyd olunub ki, Ermənistanda 5 aprel tarixinə təyin edilən konstitusiya referendumu daha parlaq şəkildə bir həqiqəti ortaya qoydu - Paşinyan "inqilab”ı, həmin inqilabı həyata keçirən cəmiyyəti satır. "Hakimiyyət dəyişikliyindən təxminən iki il keçib, amma Ermənistanda real hər hansı inqilabi dəyişiklik baş vermədi. Ölkədə keçmişdə mövcud olan eyni qurumlar və idarəetmə sistemi fəaliyyətdədir. Paşinyan vaxtilə özü tərəfindən dəfələrlə tənqid edilən super baş nazirlik sistemində mövqeyini bərkidib. Ölkə keçmişdəki təkanla yaşamağa davam edir. Belə bir vəziyyətdə hətta hakimiyyətin iqtisadi inqilabı barədə danışmaq belə qeyri-ciddidir. Ona görə ki, xüsusilə iqtisadi həyatda hər hansı köklü dəyişiklik baş verməyib. Qeydə alınan dəyişiklik yalnız keçmiş oliqarxların indi "böyük sahibkarlar” adlandırılmasıdır. Yəni 2 il ərzində Ermənistanda baş verənlərin inqilabın nəticəsi olduğunu demək üçün əsas verən hər hansı görünən, hiss ediləcək dəyişiklik baş verməyib. Nəticədə arxada qalan iki il ərzində inqilabdan yeganə miras qalan Paşinyanın dünyaya sırımaq üçün uğursuz cəhdlərindən sonra , indi də öz vətəndaşlarına satmağa çalışdığı ritorika və ya bu ad altında olan brenddir”, - deyə qəzet yazır.
Bütün bunların fonunda isə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan maraqlı bir bəyanat çıxış edib. O, bildirib ki, Ermənistanda xəyanətkarların siyahısı aşkarlanıb. Vurğulayıb ki, bu barədə əlavə məlumat verə bilməz. Erməni mediası yazır ki, Ermənistan hakimiyyət strukturlarındakı xəyanətkarlar haqqında bir neçə gün öncə hüquq mühafizə orqanları ilə keçirdiyi müşavirəsində Paşinyan, daha sonra isə MTX-nin direktoru vəzifəsini müvəqqəti icra edən Eduard Martirosyan da danışıb. "Təhlükəsizlik şurasının katibi xəyanətkarların siyahısının aşkarlandığı barədə danışırsa, söhbət ciddi, konkret, hüquqi təsvir alır. Həmin xainlər kimlərdir? Söhbət hansı siyahıdan gedir? Bunlar necə fəaliyyət göstərib? Hansı məsələdə, hansı istiqamətdə fəaliyyətdə olub? Təhlükəsizlik şurasının katibi bildirir ki, insanların narahat olmasına ehtiyac yoxdur. Bəs insanlar niyə bu cür bəyanatlara etibar etməlidir?” - deyə erməni siyasi ekspert Aram Amatuni qeyd edib. Əlavə edir ki, ümumiyyətlə, Ermənistanda hökumət və ictimaiyyət arasında hesabatlılıq mexanizmi haqqında dərindən düşünmək lazımdır. "Əgər xainlərin siyahısının aşkarlandığı barədə məlumat verilirsə, o halda insanları hər şeyin qaydasında olduğuna inandırmaq yox, qaydasında olduğunu göstərmək lazımdır. Bunun üçün isə aşkarlanmış xəyanətkarları nümayiş etdirmək lazımdır. Əks halda ya xəyanətkarlığın mənəvi siyasi ritorika kateqoriyasında olduğunu bildirmək, yaxud əlavə məlumat verilməsi mümkün olmadığı halda bu cür açıqlamalar verməkdən yayınmaq lazımdır. Sual yaranır, ifşa edilən xəyanətkarların adları, hansı sahədə olduqları, hansı işləri gördükləri və s. niyə açıqlanmır? Hibrid, yaxud klassik çevrilişlər, cəmiyyəti inandırılması mümkün olmayan cinayətkarlıqlar barədə məlumat verilməsinə son vermək lazımdır. Burada iki narahatedici məqamın olduğunu dövlət məmurları düşünmürmü? Birincisi, bu kimi təzahürlər və anlayışlar belə fəaliyyətin nəticəsində reallıqda və ictimai şüurda qəbul edilməsi qeyri-ciddiləşir. Bu isə dövlət müqavimətinin əsas tərkib hissəsidir. İkincisi, ümumiyyətlə, bu, vətəndaşın psixoloji probleminə gətirib çıxardır. Ona görə ki, dövlətin vətəndaşının psixologiyası, müdafiə olunmaq üzərində qurulmalıdır. Bizdə isə davamlı olaraq, hansısa xəyanətkarlıqların hədəfində olan dövlətçilik anlayışı üzərində qurulur”, - deyə o bildirib.
Azər
banner

Oxşar Xəbərlər