• cümə, 29 Mart, 00:04
  • Baku Bakı 7°C

Ermənistanda “tələbə qiyamı” reallaşacaqmı?

17.11.17 09:00 2663
Ermənistanda “tələbə qiyamı” reallaşacaqmı?
Ermənistanda hərbi xunta tələbələrin etiraz aksiyaları qarşısında aciz duruma düşüb. Hər gün keçirilən aksiya, yürüş və etirazlar ölkədə narazılar ordusunun sırasını genişləndirir. Düzdür, Ermənistan parlamentindəki görüşdən sonra tələbələr aclıq aksiyası və tətili dayandıraraqtədris prosesinə qayıdıblar. Amma yaxın vaxtlarda aksiyalara yenidən start verəcəklərini bildirirlər.
"Elm naminə inkişaf” təşəbbüs hərəkatının koordinatoru, aclıq aksiyası keçirən tələbələrdən biri olan David Petrosyan bildirib ki, noyabrın 22-də "Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanun layihəsinin mübahisəli bəndlərini müzakirə etmək üçün tələbələr, deputatlar, müxalifət və ictimaiyyətin iştirakı ilə dəyirmi masa keçiriləcək.Bundan sonra tələbə hərəkatının konkret tələbləri elan ediləcək. Ekspertlər bunun ölkə boyu irimiqyaslı aksiyalara çevrilmək təhlükəsinin olduğunu bildirirlər. Qeyd edilir ki, hakimiyyət üçün ən təhlükəlisi odur ki, gənclər möhlət hüququnun ləğvi ilə bağlı tələblərini daha da genişləndirmək fikrindədirlər. Erməni gənclərin hərbi xidmətdən boyun qaçırmaq istəyi ordunun komplektləşdirilməsi prosesini də ciddi problemlərlə üz-üzə qoya bilər. Beləliklə, bir tərəfdə öz yaşam haqqını qorumağa çalışan gənclər, digər tərəfdə isə siyasi karyerasını mühafizə edən iqtidar dayanıb. D.Petrosyan deyib ki, noyabrın 22-dən sonra aclıq aksiyası yenidən start götürə bilər. O da qeyd edilir ki, Yerevan Dövlət Universiteti tələbələrinin"Elmin inkişafı naminə” şüarı ilə keçirdikləri etiraz aksiyasına Ermənistanın başqa ali məktəblərində təhsil alanlar daqoşulacaq. D.Petrosyanın sözlərinə görə, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi elm sahəsinin maliyyələşdirilməsinin azlığı və təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının göstəricisidir: "Bunu da ölkədəhamı bilir”.
Məlumat üçün bildirək ki, tələbələr aclıq aksiyasına Yerevan Dövlət Universitetinin auditoriyalarından birində başlayıblar və öz "Facebook” səhifələrində belə bir fikir səsləndiriblər: "Sizi qapını sındırmamağa çağırırıq. Biz heç kimlə mübahisə etmək istəmirik!”
Yeri gəlmişkən, Ermənistan parlamenti ötən gün ikinci və son oxunuşda "Hərbi xidmət və hərbi xidmətçinin statusu” haqqında ziddiyyətli qanunu 86 səs lehinə və 6 səs əleyhinə olmaqla qəbul edib. Qanunun əleyhinə yalnız müxalif "Yerk” (Çıxış) fraksiyasından olan deputatlar səs veriblər. Səsvermədən əvvəl çıxış edən fraksiya üzvü Ararat Mirzoyan hakim Respublikaçı Partiya ilə "Daşnaksütunun” koalisiyasını, habelə "Tsarukyan” fraksiyasını bu qanunun əleyhinə səs verməyə çağırmışdı. O bildirmişdi ki, hazırda dörd tələbə bu qanunun əleyhinə aclıq aksiyası keçirir və 120 ali məktəb müəllimi və elmi işçi tələbələrin tələbini dəstəkləyir. Lakin deputatlar bu çağırışa məhəl qoymayıblar. Beləliklə, Ermənistanda qəbul edilmiş yeni hərbi xidmət qanunu tələbələrə ali təhsil almaq üçün akademik möhlətin verilməsi qaydasını kökündən dəyişir. Bu qanuna uyğun olaraq ali təhsil almaq üçün möhlət yalnız o halda veriləcək ki, bu möhləti almaq istəyənlər təhsilin sonunda ordu sıralarında 3 il müddətində xidmət edəcəkləri barədə müqavilə imzalamış olsunlar. Bu da qeyd olunur ki, bu müqaviləni imzalayanlar Müdafiə Nazirliyinin göndərdiyi yerlərdə icbari hərbi xidmət keçəcəklər. Müqaviləni imzalamayanlar tələbə olub-olmadıqlarına baxmayaraq, 18 yaşına çatan kimi iki illik hərbi xidmətə çağırılacaqlar. Qanun faktiki olaraq Ermənistan gənclərini ali təhsil almaqdan əvvəl hərbi xidmət keçməyə məcbur edir. Bu qanun layihəsini Milli Məclisə təqdim etmiş müdafiə naziri Vigen Sarkisyan deyib ki, yeniliklər təhsil almaq bəhanəsi ilə ordudan yayınma hallarının qarşısını almaqla sosial ədalətin bərpasına nail olacaq. Etirazçı tələbələr deyirlər ki, qanun elmin inkişafına əngəl olacaq, ordudan yayınmaq istəyənlər isə bunu başqa yollarla edəcəklər. Vitse-spiker Eduard Şarmazanov deyib ki, tələbələrin tələbləri hökumətin qərarları və qanunaltı aktların çərçivəsində müzakirə edilə bilər: "Başqa sözlərlə hökumət sözü gedən qanunun icrası barədə qərarlarında tələbləri nəzərə ala bilər”. Ekspert Toni Vesolovskiyazır ki, tələbələr xüsusilə də üç illik kontraktları imzaladıqdan sonra Dağlıq Qarabağa və ya başqa qaynar nöqtəyə göndərilə biləcəklərindən narahatdırlar. "Human Rights Watch” təşkilatının 2016-cı il hesabatında deyilir ki, Ermənistanın ordu sıralarında zorakılıq və qeyri-döyüş səbəblərindən ölüm hallarının çoxalması ciddi narahatlıq doğurur.
Beynəlxalq Böhran Qrupundan Cənubi Qafqaz üzrə təhlilçi Olesya Vartanyan bildirib ki, "Ermənistan ordusu son bir neçə il ərzində dərin böhran yaşayır”. Təhlilçinin qənaətinə görə, sözügedən qanun Ermənistan hökumətinin bu böhrandan cəmiyyəti daha dərindən hərbiləşdirməklə çıxmaq planının bir hissəsidir.
Hüquq müdafiəçisi Artur Sakunts deyir ki, belə bir qanunun qəbul edilməsi ölkəni tərk etmək meylinə düşənlərin sayını daha da artıra bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər