AZE | RUS | ENG |

Ermənistanda siyasi repressiyalar

Ermənistanda siyasi repressiyalar
David Şahnazaryan: “Bizdə indiki kimi məsuliyyətsiz hakimiyyət heç vaxt olmayıb”

Bir neçə gündən sonra Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Qalibiyyəti şübhə doğurmayan Nikol Paşinyan ölkə boyu təbliğat aksiyaları keçirir, populist bəyanatlar səsləndirir. Sözsüz ki, bu seçkilər uzun illər yığılıb qalan problemlərini nəinki həll edəcək, əksinə onu daha da artıracaq. Növbəti illərdə Ermənistanı daha ciddi siyasi və iqtisadi problemlər gözləyəcəyi şəksizdir. Paşinyan verdiyi vədləri yerinə yetirməyə çalışacaq, ancaq buna əməl edə biləcəkmi? Çətin. Ölkə iqtisadiyyatında xeyli həll olunmamış məsələ var. İndiki iqtidar isə ölkədaxili problemlərlə bağlı heç bir normal təklif irəli sürməyib, heç sürənə də oxşamır. Paşinyan və onun komandası ancaq siyasi ritorika ilə məşğuldur. Ermənistan cəmiyyəti may və apreldəki eyforiyadan hələ də çıxmayıb. Ancaq bu belə davam etməyəcək və erməni cəmiyyəti gec-tez ayılacaq. Bu zaman isə çox gec olacaq. Çünki iqtisadi problemlərin həll edilməmiş qalması Paşinyan hakimiyyətinə əsl zərbə olacaq. Görünən odur ki, Paşinyan özündən əvvəlki hakimiyyətin siyasətinin davam etdirməyə məcburdur. Seçkiqabağı prosesdə inzibati resurslardan istifadə pik həddə çatıb - hüquq-mühafizə orqanları, güc strukturları onun opponentlərinə qarşı hücuma keçib. "Nəhayət ki, mən anladım ki, polis nə səbəbdən ünvanıma səslənən hədə-qorxu və təhqirlərlə bağlı cinayət işi qaldırmır”. Bu sözləri Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Respublika Partiyasından deputatlığa namizəd Arpine Ovanisyan özünün "facebook” səhifəsində yazıb. "Başları ən yüksək səviyyədə hədə-qorxu ünvanlamağa qarışıb. Partiyamızın və seçki qərargahımızın üzvlərinə hədə-qorxu gəlindiyi barədə siqnallar daxil olur. Onlara bildirirlər ki, əgər Respublika Partiyası hər məntəqədə 10 səs belə toplasa, problemlərlə üzləşəcəklər. Bir çoxlarını səsverməyə bir neçə gün qalmış ölkəni tərk etməyə məcbur edirlər. Və axırıncı sözlərimi asanlıqla təsdiq edə bilərəm. Tərəfdarlarımızı qorxmamağa, sıx birləşməyə və seçkilərə getməyə çağırıram. Bununla qoy sübut etsinlər ki, bu hakimiyyətin qarşımızda qoyduqları çağırışları başa düşürlər”, - deyə o bildirib. Ardınca da polisi bu qanunsuzluqlara son qoymağa, onun konkret ad çəkəcəyini gözləməməyə çağırıb. Əlavə edib ki, ad çəksə, bu insanlar üçün daha çox problem yarada bilərlər.
Yeri gəlmişkən, Ermənistan hakimiyyəti artıq indidən parlamentdə kimlərin təmsil olunub-olunmayacağını müəyyən edib. Paşinyan hakimiyyəti seçki başlamamış qalibiyyətini elan etməyə tələsir. "Mən əminəm ki, yeni parlamentdə Ermənistan Respublika Partiyası təmsil olunmayacaq”. Bu sözləri Paşinyanı dəstəkləyən "Çıxış” blokundan olan deputat Alen Simonyan bəyan edib.
Keçmiş iqtidar partiyasından olan deputatlığa namizəd David Şahnazaryan isə hesab edir ki, Paşinyanın hakimiyyətə gəlməsi tək daxili proseslərin nəticəsi deyildi: "Latıncadan tərcümədə inqilab çevriliş deməkdir. Mən sadəlövh deyiləm. Hələ aprel ayında anladım ki, bu, sırf daxili proses nəticəsində baş verməyib. Yaxın vaxtlarda bizim cəmiyyət bunun şahidi olacaq”. Şahnazaryanda şübhə yoxdur ki, Paşinyan müvəqqəti baş nazir olacaq, çünki onun dövlətçilik barəsində anlayışı belə yoxdur. "Onun mövqeyi belə izah olunur – xalq mənəm, qanun mənəm, ədalət-mənəm”. Əlavə edib ki, "1918-ci ildən bəri Ermənistanda indiki kimi məsuliyyətsiz hakimiyyət olmayıb. Bu insanlar hakimiyyətə nifrət və məhdudiyyətsiz populizm dalğası üzərində gəliblər. Tarix boyu ən qanlı cinayətlər xalq naminə, xalqın adından və onun dəstəyi ilə həyata keçirilib”.
Paşinyan hakimiyyətinə gəldikdə, onlar sırf kütləni ələ almağa çalışırlar. Məsələn, yeni hakimiyyət orqanları demək olar ki, hər gün keçmiş hakimiyyət funksionerlərinin mənimsədikləri vəsaitləri büdcəyə doldurma prosesini həyata keçirdiklərini bəyan edirlər. Dövlət Əmlakının İdarə olunması üzrə Komitənin sədri Narek Babayan bildirib ki, dövlət büdcəsinə ianə edəcəyi barədə general Manvel Qriqoryan və Gömrük Xidmətinin keçmiş rəhbəri Armen Avetisyana müraciət ediblər. "Qarabağ qəhrəmanı” dövlət büdcəsinə 10 mln. dollar, Avetisyan isə 20 mln. dollar köçürməyə hazır olduğunu bildirib. Serj Sarkisyanın qardaşı isə 30 mln. dollar köçürməyə hazırdır. Ötən gün isə baş prokuror keçmiş deputat, keçmiş ekologiya naziri Aram Xaçaturyanın həb olunması ilə bağlı təqdimatla çıxış edib. Baş prokurorluq müəyyən edib ki, bu şəxs nazir olanda 14 mln. dollar rüşvət alıb. Pulları sonra xarici banklardan birinə köçürüb. Dərhal da Respublika Partiyası bunun arxasında siyasi motivlərin olduğunu bəyan edib. Partiya sədrinin müavini Armen Aşotyan Paşinyan və tərəfdarlarını siyasi korluqda ittiham edib. "Arutyunyan məsələsi göstərdi ki, antikorrupsiya mübarizəsi sadəcə böyük şounun bir hissəsidir. Məqsəd də bütün siyasi opponentlərin qorxudulması, sıradan çıxarılmasıdır”, - deyə o fikrini tamamlayıb.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176